II yazı
Bu gün Türk Dünyasındakı zəngin türk mədəniyyətinin öyrənilməsinə daha çox gərək var. Bu yazıda Qaraçay-Malkar (Balkar) Türkləri və ədəbiyyatından haqqında danışılıcaq. Araşdırmaçı Ə.Şamil bildirir ki, çar Rusiyası bölgədəki mövqeyini möhkəmlətmək üçün 1838-ci ildə Peterburqda "Qafqaz komitəsi" adlı bir təşkilat qurdu. Bu təşkilatın planına görə Quzey Qafqazda yaşayan xalqların üçdə biri köçürülməli və onlardan boşaldılan ərazilərə rus kazakları yerləşməli idi: "İlk baxışda könüllülük prinsipi əsasında həyata keçirilən bu tədbir haqqında general K.A.Fadayev 1899-cu ildə "Qafqaz məktubları" əsərində yazır: "…Qafqazın yerli xalqları dəstə-dəstə Qara dəniz sahillərinə gətirilərək zorla gəmilərə doldurulub Anadoluya doğru yola salınırdı".
Qafqazdakı köçləri araşdıran Hayati Bice yazır: "1850-ci illərin ilk yarısında bəzi qafqazlı ailələrin könüllü olaraq Osmanlı torpaqlarına köç etdiyi bilinməkdədir. Kırım savaşı zamanı məcburi bir hərəkat halına gələn köç hadisəsi, 1862-1865-ci illər arasındakı müddətdə zirvəyə çatıb və 1877-78, 1890-1908-ci illərdə artaraq 1920-ci illərə qədər davam edib". Osmanlı dövlətinə köçlərə dair müxtəlif qaynaqları tutuşduran Bedri Hacıoğlu bu qənaətə gəlir: "Böylece 1865-1907 yılları arasında yalnız Kafkas’yadan gelen göçmenlerin mevcudu 165.000-i buldu. Böylece 1855’den 1907’ye kadar olan dönemde Osmanlı topraklarına ulaşabilen kafkasyalı göçmenlerin sayısı (ortalama olarak) 600.000’in üzerindedir"".
Araşdırmaçı bildirir ki, bu köçlərin dəqiq rəqəmləri olmadığı kimi, köç zamanı yolda xəstəliklərdən ölənlərin, dənizdə batanların sayı da dəqiq bəlli deyil: " Üzləşdiyi faciəyə xalq biganə qala bilməzdi. "Al emina" (birinci vəba), "Ekinci emina" (ikinci vəba) adlı şərqilərində 1790-1800, 1808-1814-cü illərdə vəba xəstəliyinin yayılmasından bəhs edilir. "Hasavka", "Bagatır oğlu Umar" (bu yırların oxunması və nəşri nəinki çar Rusiyasında, hətta Sovetlər Birliyi zamanı da yasaqlanıb) şərqilərində qaraçaylıların rus əsgərlərinə qarşı dirənişləri, "Ullu Hoj" şərqisində isə rus kazaklarının Hoj kəndində törətdikləri vəhşiliklər təsvir olunur. "Tatarqan", "Sarıbiy bla Karabiy", "Candar", "Zavur biy", "Qobanldanı qöy bölek" və başqa mahnılarda qaraçay-malkarlara edilən basqınlardan söz açılırsa, "Güyeldi", "Bekmırzalar, Qaysınlar", "Zağoştoq oğlu Çöpellev", "Cansohların yırı" və s. mahnı və nəğmələrdə isə onların başqaları üzərinə basqınları, çapıb-talamaları, bir sözlə tərənnüm edilir.
Vəba kimləri aparıb, xalqı kimlərdən məhrum edib? Bu suallara yırlarda aydın cavab verilir. Düşmənlərin yenə bilmədiyi, məğrur igidi vəba yenir. Onun ölümünə xalq belə təəssüflənir:
Candetli bolsun Söyünçlanı Bekmırza,
- Cənnətlik olsun Söyünçlanı Bekmırza,
Atha minse, atnı belin bügedi,
- Ata minsə atın beli bükülür,
Suvğa kirse, suv çabaklay cüzedi,
- Suya girsə balıq kimi üzür,
Arkan atsa, atnı boynun üzedi,
- Örkən (kəmənd) atsa atın boynunu üzərdi,
Sadak atsa, tiyer cerin biledi,
- Ox atsa, vuracağı yeri bilərdi,
Kamçı ursa cerni carıb kiredi.
-Qamçı vursa yeri yarıb icərisinə girərdi.
Döyüşlərdə qəhrəmanlıq göstərən, ov etməkdə mahir igidlər haqqında da onlarla yır qoşulub və az zamanda dillər əzbərinə çevrilib. Xalqın yaddaşına əbədi hakim olan, dillər əzbərinə çevrilən yırlardan biri də Toxçukların Acı Murata həsr edilib. Yırda deyilir:
Kafkaz tavladan carık gün batadı,
- Qafqaz dağlarında parlaq günəş batır,
Xurzuk özende bir tav aslan catadı,
- Xurzuk vadisində bir dağ aslanı yatır.
Atı aytılsa barğan Kobannı tohtathan,
- Adı söylənsə, Kuban çayını durduran,
Ma ol allay cigit tavlu edi.
- Bax, o belə igid dağlı idi,
Toxçukların Acı Murat Xurzuk eldə biy edi,
- Toxçukların Hacı Muratı Xurzuk elində bəy idi,
Xurzuk özenden bir katı suvuk cel urad,
- Xurzuk vadisində bir şiddətli soyuq yel əsdi,
Candetleni ceti eşigi sannğa boş bolsun,
- Cənnətlərin yeddi qapısı sənə açıq olsun,
Toxçuk ulu cigit tuvğan Acı Murat.
- Toxçuk oğlu, igid doğulan Hacı Murat.
Milli azadlıq mübarizəsini ədəbiyyatın mövzu qaynağı kimi təhlil edən araşdırmaçı bildirir: "1905-ci ildə Rus-Yapon savaşında Rusiyanın yenilməsi bu dövlətin çökdüyündən xəbər verirdi. Rusiyanın öndə gedənləri vəziyyətdən çıxış yolları axtarırdılar. Kimisi konstitusiyalı monarxiya, kimisi respublika yaratmağa çalışırdı. Sosialistlər isə sinfi mübarizəni önə çəkərək, ətraflarına daha çox tərəfdar toplayıb hakimiyyəti ələ almaq istəyirdilər. Çar Rusiyasının hökumətinə qarşı çıxan bu insanların əksəriyyəti imperiyanı qoruyub saxlamağa çalışır, işğal altında olan xalqlara azadlıq verəcəklərini düşünmürdülər.
İşğal altında olan xalqların öndə gedənlərinin bir qrupu Rusiyadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə də, əslində müstəqil dövlətlərini qurmağa çalışırdılar. 1917-ci ilin fevralında baş verən çevriliş bu işi sürətləndirdi. Lakin bolşeviklər bu dəyişikliklə razılaşmadılar. Onlar demokratik yolla - seçkilərdə fəal iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklərini görüb 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) silah gücünə hakimiyyəti ələ aldılar. Bununla da dünyanın altıda birini tutan bir ölkədə vətəndaş savaşlarının, qarışıqlığın, hərci-mərcliyin əsasını qoydular. Belə ağır, çətin günlərdə qaraçay-malkarlar rus ordusunda polkovnik rütbəsinədək yüksəlmiş Mırzaqul Kırımşavxalın ətrafına toplaşaraq bolşeviklərə qarşı mübarizəyə başladılar. Onlar adıgey, çeçen, inquş və başqa Dağıstan xalqları ilə birləşərək 1918-ci ilin may ayının 11-də "Quzey Qafqaz Dövlətləri Federasiyası"nı (Bu qısa ömürlü dövlətin adı qaynaqlarda fərqli şəkildə yazılır) qurduqlarını elan etdilər. Ay-ulduzlu, yaşıl bayraq qaldırdılar. Ancaq bu dövlətin ömrü uzun olmadı. Daxili çəkişmələr, xarici qüvvələr, ağqvardiyaçı-general Denikin 1919-cu ilin sonlarında bu dövlətin varlığına son qoydu. 1920-ci ilin martında isə bolşeviklər denikinçiləri bölgədən qovub çıxardılar.
Qaraçay-malkarlar öz müstəqilliklərini əldə etmək üçün Mırzaqul Kırımşavxal və Qılıç Giray xanın başçılığı ilə bolşeviklərə qarşı vuruşdular. 5 aya qədər davam edən bu müqavimətə 1920-ci ilin dekabrında son verildi. Bolşeviklər vəd etdilər ki, Sovet Rusiyası daxilində qaraçaylara müstəqilliklərini saxlamağa, muxtar respublikalarını qurmağa icazə verəcəklər. Lakin mövqelərini möhkəmləndirən bolşeviklər vədlə¬rinə dönük çıxdılar. 1922-ci ilin yanvarında yeni inzibati bölgü - Qaraçay-Çərkəz Muxtar Vilayəti yaratmaqla malkarları yenidən çar Rusiyası zamanında olduğu kimi, qaraçaylardan ayırdılar. Malkarları isə Kabarda Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil etdilər.
Bu tarixi hadisələr öz əksini xalq yaradıcılığında tapsa da, Sovet hakimiyyəti illərində onların oxunması, toplanması və nəşr edilməsi yasaq idi. Yalnız bolşevikləri öyən, kollektivləşməni tərənnüm edən, vətəndaş savaşında bolşeviklərin tərəfini tutan, İkinci Dünya Savaşında Rusiyanın mövqeyini müdafiə edən mahnı və nəğmələrin, lətifələrin toplanmasına və nəşrinə icazə verilirdi. Bu dövrdə qaraçay-malkarlar arasında da din əleyhinə yönələn, bəy-xanları, bir sözlə, varlı təbəqəni tənqid edən folklor nümunələri görünməyə başladı. Bolşeviklər öz hakimiyyətlərini möhkəmlətmək, təbliğatlarını geniş xalq kütlələrinə çatdırmaq üçün bir tərəfdən milli dillərdə məktəblər, teatr, qəzet-jurnal, elmi-tədqiqat müəssisələri açırdı, o biri tərəfdən millətpərvər, xalqın azadlığını və müstəqilliyini istəyən insanları güllələyir, həbsxanalara və sürgünlərə göndərirdilər. 1918-1919-cu illərdə xalqın önündə getmiş, milli dövlət quruculuğunda fəal iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırımşavxal, Qazi Hacı Laypan, Davud Özgen, Barisbiy Duda, Catay Bayramuk və başqa vətənpərvərlər güllələndi. Keçmiş qazı Qafar Naçır, Muhəmmət Ali Botaş, Salix Barisbiy, İbrahim Koba, Şaban Qagu, Maşak Hubi, Musa Bayramuk, Şamil Qaca, Muhəmmət Tambiy və s. kimi oxumuş, təhsil almış 34 min din adamı həbs edildi. Azsaylı bir xalqdan bu qədər insanın məhv edilməsi onun ədəbiyyatının məhv edilməsi demək idi. Çünki bu insanlar folkloru yaratmaq və təbliğ etməklə yanaşı, yeniyetmələrə dərs keçir, yazılı ədəbiyyat formalaşdırır və yeni nəsil yazıçı, şair və bilginlər yetişdirirdilər.
1930-cu ildə qaraçay-malkarlar kolxozlaşmanın əleyhinə çıxdılar. Abdulkərim Xasanın başçılığı ilə xalq dörd 4 bölgəni bolşeviklərdən təmizlədi. Əslində bu, yaşam mücadiləsi idi. Xalqın əlindən torpağı, mal-qarası alınmış, bir sözlə, insanlar yaşamlarını təmin edəcək vasitələrdən mərhum edilmişdi. Üsyan Sovet hərbi hissələri tərəfindən qəddarlıqda yatırıldı. Kəndlər dağıdıldı, minlərlə insan öldürüldü - 3 min adam güllələndi, 17 min nəfər həbsxanalara və sürgünlərə göndərildi. Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq Sovet hakimiyyətinin qurulmasında, bolşeviklər partiyasının bölgədə möhkəmlənməsində xidməti olan milli kadrlar başda olmaqla 7 min insana "xalq düşməni" adı verilərək həbs edildi və güllələndi. Bu da əhalinin hər 14 nəfərindən biri demək idi.
İkinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından 55 yaşınadək kişilər Sovet ordusuna səfərbərliyə alınıb Almaniyaya qarşı döyüşə göndərildi. Yüzlərlə insan dağlara çəkilərək partizan savaşına başladı. Onlar müstəqillik naminə Sovet xüsusi xidmət orqanlarına və alman ordularına qarşı vuruşa atıldılar. Alman orduları Qafqazdan geri çəkildikdən sonra Sovet xüsusi xidmət orqanlarının yaratdığı cəza dəstələri dağlara sığınmış insanların üzərinə təyyarələrlə, tank və toplarla hücuma keçdi. 5 malkar kəndi yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı, Kart Curt, Uçkulan və Xursuk kəndlərindəki müqavimət hərəkatı iştirakçıları da məhv edildi. 1943-cü ilin noyabrın 2-də qaraçaylar, 1944-cü il martın 8 də malkarlar elliklə sürgünə göndərildi. Onların az qala yarısı yollarda aclıqdan, soyuqdan və xəstəlikdən ölsə də, mübarizəni dayandırmadılar. 1957-ci ildə vətənə dönmək hüququ qazandılar".
Uğur