Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasında rolu Ədəbiyyat

Pişəvərinin Azərbaycan Milli Hökumətinin yaranmasında rolu

2-ci yazı

"Azərbaycan" qəzeti yazırdı: "İranın mərkəzi hökuməti heç vaxt öz təcavüzkar məmurlarının cinayətlərinin qarşısını almağa hazır olmur. Dodaq kəsmək, dağ basmaq, qarın yırtmaq və bu faciə ilə qətl və qarət etməyin orta əsrlərdə belə az sabiqəsi var". Azərbaycanda xalq hərəkatını boğmaq məqsədi ilə Həkimi hökuməti (3.11.1946-20.01.1946) 1945-ci il noyabrın 17 və 18-də Azərbaycana getmək üçün Tehrandan Qəzvin şəhərinə tərəf böyük bir qoşun dəstəsi göndərdi. Hökumət bununla yanaşı Şərqi və Qərbi Azərbaycanda bütün qoşun, jandarm və polis quvvələrinin ixtiyarını da bir nəfərin - general Ə.Dirəxşaninin əlində toplanmasına əmr verdi. İran hökuməti 1945-ci il noyabrın 25-də Təbrizdə Azərbaycanın bəzi ruhaniləri, fabrik-zavod sahibləri, tacirləri, mülkədarları və maarif xadimləri vasitəsilə Azərbaycan demokratlarının başçıları ilə "danışığa" girdi. Bu danışıqlarda İran hökumətini təmsil edən şəxslər israrla tələb edirdilər ki, jandarmların və dövlət məmurlarının zülmündən cana doymuş və əlinə silah götürüb azadlıq uğrunda vuruşan kəndlilərin əlindəki silahları yığışdırmaq barədə qərar qəbul olunsun və silahlar tezliklə toplansın və yalnız bundan sonra "işlər haqqında müzakirə edək" və "gözləyək görək Tehrandan dövlətin nümayəndəsi nə göstəriş gətirir".
Hökumətin bu siyasi hiyləsi baş tutmadı.
Həmin günlər İran hökuməti Azərbaycanda inqilabi hərəkat rəhbərləri ilə birbaşa danışığa da girdi. Bu iş üçün İran şah dövlətinin siyasi xadimlərindən, o zaman Azərbaycana vali təyin olunmuş Murtuza Bəyat (Səhamüssəltənə) şahın və mərkəzi hökumətin rəsmi nümayəndəsi kimi 1945-ci il dekabrın 7-də Təbrizə gəldi. Dekabrın 8-dən 11-nə qədər İran hökuməti və Azərbaycan xalqının nümayəndələri arasında danışıqlar getdi. Azərbaycanın nümayəndə heyətinə S.C.Pişəvəri başçılıq edirdi. İran hökumətinin bu danışıqlarda da məqsədi baş qatmaqdan, vaxt qazanmaqdan, xalqı aldatmaqdan ibarət idi. İran dövlətinin nümayəndəsi Azərbaycan nümayəndələrindən hökumətə göndərilmək üçün "Azərbaycan xalqının tələblərinin siyahısını" istəmişdi. Azərbaycan nümayəndələri 1945-ci il noyabrın 20-də özünü Azərbaycan müəssislər məclisi e`lan etmiş Azərbaycan Xalq Konqresinin (20-21.11.1945-ci il Təbriz) deklarasiyasını, qərarlarını və bəyannaməsini İran dövlətinin nümayəndələrinə təqdim etmiş və bildirmişdi ki, Azərbaycan xalqının əsas tələbləri bu sənədlərdə göstərilmiş və vaxtında İran şahına, məclisinə və hökumətinə göndərilmişdi. Həmin tarixi sənədlərə və İran Konstitusiyasına müvafiq olaraq Azərbaycan xalqı Azərbaycanda muxtar hakimiyyət orqanları yaratmağa başlamışdı.
İran hökuməti nümayəndələri Azərbaycan xalqının əsas tələbləri ilə heç cürə razılaşmadılar, kiçik və əhəmiyyətsiz məsələlərin müzakirəsinə israr etdilər və milli muxtariyyətdən əl çəkilməsini irəli sürdülər. Bunlara görə də müzakirə nəticəsiz qurtardı. Murtuza Bəyat şaha və hökumətə mə`lumat vermək üçün dekabrın 11-də Təbrizdən Tehrana getməli oldu.
Azərbaycanda azadlıq uğrunda siyasi və sinfi mubarizənin son dərəcə kəskinləşdiyi, İranın irtica qüvvələri bütün vasitələrlə xalqın inqilabi çıxışının qarşısını almağa çalışdığı bir vaxtda, S.C.Pişəvəri xalq inqilabının yetişdiyini və onun üçün böyük imkan yarandığını vaxtında görmüşdü. O, yazdığı məqalələrində, nitq və çıxışlarında dönə-dönə xəbərdarlıq edirdi ki, inqilabi çıxış üçün yaranmış fürsəti əldən vermək olmaz, əlverişli şəraitdən vaxtında istifadə etmək lazımdır. S.C.Pişəvəri 1945-ci il sentyabrın 12-də deyirdi: "Fürsətdən istifadə edə bilmək özu böyük istedad və ləyaqət istəyir. Biz fürsəti əldən verməyə razı ola bilmərik, Əyalət Əncüməni və Məhəlli muxtariyyət məsələsini əməli surətdə həyata keçirməliyik". Sentyabrın 20-də isə o "Azərbaycan" qəzetində yazırdı: "Biz hər qiymətə
olur-olsun cahan hadisələrinin verdiyi imkandan istifadə edib azadlığımızı təmin edəcəyik".
Müttəfiq qoşunlarının İranda olması irtica qüvvələrinin əl-qolunu müəyyən dərəcədə bağlamışdı. Beynəlxalq şərait imperializmi Azərbaycanda milli-azadlıq hərəkatı əleyhinə bilavasitə çıxmaq imkanından məhrum etmişdi. 1945-ci ilin mayında SSRİ-nin faşist Almaniyası üzərində tarixi qələbəsi dünyada qüvvələr nisbətini milli-azadlıq, demokratiya və sosializm cəbhəsi xeyrinə dəyişdirdi. İranda, o cümlədən Azərbaycanda xalq kütlələrinə çox böyük inqilabi tə`sir göstərdi və azadlıq hərəkatına qüdrətli təkan verdi. Bu tarixi qələbə Azərbaycanda əhalinin orta təbəqələrini - ortabab kəndliləri, sənətkarları, azad peşə sahiblərini, ziyalıları və xırda burjuaziyanı tərəddüddən çıxartdı, öz hüquqları uğrunda social-siyasi mübarizəyə cəlb etdi. Əhalinin daha geniş sinif və təbəqələri mili-azadlıq və demokratiya uğrunda mübarizəyə qoşuldu. İranın istismarçı hakim təbəqələri isə ölkənin demokratik qüvvələri üzərinə hücuma keçdi. Belə bir şəraitdə S.C. Pişəvəri Azərbaycanda milli-azadlıq hərəkatı üçün yaranmış fürsətdən, əlverişli imkandan vaxtında və təxirə salmadan istifadə etməyə çağırırdı. O, 1945-ci il sentyabrın 12-də "Azərbaycan" qəzetində yazırdı: "İndi Azərbaycan xalqının əlinə böyük bir fürsət düşüb. Bundan istifadə etməmək xəyanətdir". İranın liberal burjua dairələrinin fikrini ifadə edərək 1945-ci il oktyabrın 11-də 14-cü məclisdəki nitqində doktor Məhəmməd Müsəddiq də deyirdi: "Ən yaxşı mövqe biz istifadə etməli indiki mövqedir. Mən yəqin edirəm ki, xarici qoşunlar bu məmləkətdən gedəndən sonra (hakim dairələr) bizim seçki qanunumuzun islah edilməsinə razı olmayacaqlar".

Cənubi Azərbaycanda siyasi partiyanın yaranması zərurəti

Rza şahın diktaturası dağılandan sonra Cənubi Azərbaycanda siyasi partiya və ictimai təşkilatların fəaliyyətini xüsusi qeyd etmək olar. O, cümlədən "Azərbaycan cəmiyyəti", "Azərbaycan zəhmətkeşləri təşkilatı", "Demokratiya tərəfdarları mərkəzi", "Antifaşist cəmiyyət", "Azərbaycan fəhlə və zəhmətkeş həmkarlar ittifaqı", demokratik təşkilatlardan, mətbuatdan və şəxslərdən ibarət olan "Azadlıq cəbhəsi" və "İran Tudə partiyaisi" kimi ictimai və siyasi təşkilatlar 1941-1945-ci illərdə Azərbaycanın bütün vilayət və mahallarında, şəhərlərində, iş və yaşayış yerlərində geniş təşkilat şəbəkəsi yaratmış, böyük təbliğat və təşviqat işi aparmış, azadlıq, demokratiya və zəhmətkeşlərin hüququ uğrunda mübarizə edirdilər. 1945-ci ilin sentyabrında Azərbaycan fəhlə və zəhmətkeş həmkarlar İttifaqının 19 min nəfərdən çox üzvü var idi. Yenə həmin tarixdə Azərbaycanda İran Tudə partiyasının üzvlərinin sayı 60 min nəfərə çatmışdı. Azadlıq Cəbhəsi adlı ictimai təşkilatın Azərbaycanın böyük şəhərlərində nümayəndələri var idi. Bu mütərəqqi siyasi-ictimai təşkilatlar 1945-ci ildə İranın irtica qüvvələrinin azadlıq hərəkatı əleyhinə ümumi və şiddətli hücumunun qarşısını almağa və xalqın azadlığını tə`min etməyə qadir deyildilər. Yalnız ümumxalqın inqilabi qüvvəsi vasitəsilə bu işin öhdəsindən gəlmək olardı. Bunun üçün cəmiyyətin daha çox sinif və təbəqələrinin azadlıq uğrunda mübarizəyə cəlb olunması, xalqın inqilabi ənənə və təcrübəsindən vaxtında və bacarıqla istifadə edə bilən, aqrar münasibətlər məsələsini, İranda milli zülm olunan xalqlara öz müqəddəratını təyin etmək hüququ verilməsi məsələsini, orta təbəqələrə və milli burjuaziyaya münasibəti ardıcıl inqilabi mövqedən qoyan və sairə inqilabi tədbirləri həyata keçirmək uğrunda mübarizə apara bilən partiya lazım idi. Hələ 1927-ci ildə İran Kommunist Firqəsinin 2-ci qurultayı İranda imperializm və şahlıq quruluşu əleyhinə mübarizədə geniş mənada milli-inqilabi partiyanın yaranmasını mümkün hesab etmiş və göstərmişdi ki, bu partiya fəhlələrin, kəndlilərin və xırda burjuaziyanın inqilabi blokunun partiyası ola bilər.
İKP-nin bu barədə qərarında deyilirdi: "İran Kommunist Firqəsi çalışmalıdır ki, mövcud olan bütün təşkilatlar, fəhlələr, kəndlilər, sənətkarlar, habelə xırda burjuaziyanın inqilabi dəstələri ilə rabitə yaratsın. Bu rabitəni təşkilat üsulu ilə möhkəmlətsin. Yuxarıdakı təşkilatda fraksiya rolu oynayan sol dəstələr vasitəsilə həmin dəstələr arasında etilaf (koalisiya) yaratsın və bu yol ilə geniş inqilabi partiya təşkili üçün zəminə hazırlansın".
İKP-nin bütün İran üçün nəzərdə tutduğu ümumxalq mə`nasında milli-inqilabi partiyanın yaranmasına ilk dəfə əməli olaraq S.C.Pişəvəri başladı. O, ilk növbədə Tehranda nəşr etdirdiyi "Ajir" adlı qəzetdə (05.1943 - 11.1945-ci illərdə) və Təbrizdə çıxan "Azərbaycan" qəzetində (1945-1946-cı illərdə) marksizm-leninizm təliminə və konkret faktlara əsaslanaraq İranda milli-inqilabi partiyanın milli (ümumölkə üzrə) və sinfi vəzifələrini, təşkilat və taktika əsaslarını təhlil edərək kütlələrə çatdırdı. Bu sırada "Ajir" qəzetində 1944-cü ilin iyun ayında dərc edilmiş "Hansı partiya doğru və düzgün partiyadır?" başlıqlı silsilə məqalələr xüsusilə qeyd edilməlidir. S.C.Pişəvəri bu məqalələrdə cəmiyyətdə siniflərin və təbəqələrin arasında ziddiyyət və mübarizənin partiyaların meydana gəlməsinə səbəb olmasından, siyasi partiyaların sinfi mənafe üzərində qurulmasından, bəzi şəraitdə isə cəmiyyətin mənafeyinin vahid milli partiyanın meydana gəlməsi lüzumunu qarşıya çıxartmasından və milli partiyalarında da labüdən sinfi mənafe əsasında qüvvətlənməsindən geniş surətdə bəhs etmişdi. O, göstərirdi ki, partiyaların bünövrəsi və əsası məhz elmi nəzəriyyə üzərində qurulmalıdır. S.C.Pişəvəri məqalələrində partiyanın əhəmiyyətindən geniş surətdə bəhs edərək göstərirdi ki, partiya yaradıldıqda tarixin təkamül və sıçrayışı, zaman və məkanın mövcud şəraiti və onların tə`sirləri, cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmalıdır. Sağlam nəzəriyyə və dəqiq elmi plan olmadan, siyasi-ictimai fəaliyyət göstərilmədən nəticə əldə edilə bilməz, partiya rəhbərliyi olmadan hərəkat və üsyanlar cəmiyyət və xalq üçün xətərli və zərərlidir. S.C.Pişəvəri siyasi partiyaların sinfi mənafe üzərində qurulduğunu nəzərə alaraq 1941-1946-cı illərin konkret tarixi şəraitində İranda siniflərin vəziyyətini, bir-birilə əlaqələrini, cəmiyyətdə tutduqları mövqelərini dərindən tədqiq və təhlil etmişdi. O, bu nəticəyə gəlmişdir: "Burada (İranda - Ç.M.) siniflər heç də tərəqqi etmiş ölkələrdə olduğu kimi klassik formada gözə çarpmır. Siniflər hələ bir-birindən çox da uzaqlaşmayıblar. Hər bir dəstə müəyyən şəkildə sair dəstələrlə əlaqədardır. İran kimi geri qalmış ölkələrdə cəmiyyətin müxtəlif dəstə və siniflərinin mənafeyi bir çox hallarda bir-birinə uyğun gəlir və eyniləşir. Bu siniflərin mübarizə məqsədi bir çox hallarda bir və ya bir neçə müəyyən sinif əleyhinə yönəlir. Bu cəhətdən İran kimi ölkələrdə partiya tam mənası ilə sinfi partiya ola bilməz. Bu əsl üzrədir ki, Şərq ölkələrindəki partiyaların bir çoxu milli (ümumxalq - M.C.) və kütləvi xarakterə malik olur".
Cənubi Azərbaycanda 1941-1946-cı illərdə fəhlə sinfi və diygər zəhmətkeş təbəqələr təklikdə siyasi mübarizənin qələbəsini tə`min etmək imkanına malik deyildilər. Qulluqçular, azad peşə sahibləri, dükançılar və orta təbəqələrin sair dəstələri bu və ya diygər sinif və təbəqə ilə sıxı surətdə bağlı idilər. Şəhərlərdə, qəsəbə və böyük kəndlərdə minlərlə xırda emalatxana sahibləri eyni zamanda öz sahələrində fəhləlik edirdilər. Torpaqsız kəndlilərlə mülkədarlar arasında on minlərlə xırda torpaq sahibləri var idi.

Mirqasım Cəşmazər