Hesabı bitmədi yenə dünyanın… Ədəbiyyat

Hesabı bitmədi yenə dünyanın…

Dünya ədəbiyyatında ölməzlik problemi antik dövrdən başlayıb, bu günə qədər həmişə böyük mütəfəkkirləri, filosofları və yazıçıları narahat edən ən vacib məsələlərdən biri olub. Çünki ölüm, həyat anlayışları bəşər tarixinin bütün mərhələlərində bir-birinə zidd, antaqonist anlayışlar kimi insan fikrini, bəşər təfəkkürünü daima məşğul edib. Bu məsələ demək olar ki, elmin və sənətin bütün sferalarında birinci sırada dayanan ən ağır sual kimi cavab axtarıb. Təbabət aləmində İbn Sinalar, fəlsəfə aləmində Şərqin və Avropanın ən işıqlı təfəkkür sahibləri, bədii ədəbiyyatda isə dahi sənətkarlarımız bu problemin həlli üçün ömrülərinin ən qiymətli hissəsinin itirməkdən çəkinməyiblər. Hələ ki, dünya mədəniyyətinin ilk ocağı hesab edilən şumerlərdə birinci olaraq bu problem "Bilqamıs" dastanında öz əksini tapıb.
Başqırd xalq qəhrəmanlıq dastanı olan "Ural Batır" dastanı da bu konteksə aid olan əsərlərdəndir. Böyük Azərbaycan şairi Nizami Gəncəvi də bu məsələdən yan keçməyib, "İsgəndərnamə" poemasında bu problemə öz münasibətini bildirib. O, belə nəticəyə gəlib ki, materiyanın bir zərrəsi olan insan dünyada əbədi qala bilməsə də, onun əməlləri ölümsüz ola bilər.
Ümumiyyətlə, adını yuxarıda qeyd etdiyim əsərlərə əsaslanıb belə bir fikir irəli sürmək olar, ölümsüz həyat axtarışı ona görə mümkün deyil ki, həyat əbədi hərəkətdədir və bir şəkildən başqa bir şəkilə çevrilməlidir. Ölüm haqqdır. Həyatda kim nə qədər çalışsa belə ölümdən yaxasını qurtara bilməz. Bir gün bu dünyaya təşrif buyuran insan, bir gündə bu dünyanı tərk edəcək. Xalqın müdrik fəlsəfəsi belədir. İnsanlar anlayırlar ki, ölüm qarşısında ağıl da, güc də, mal-dövlət də acizdir. Yalnız insan xeyirxahlığı yaxşı ad qoyub getməsi, igid və nəcib nəsil törətməsi, nəsillərinin ömrü sayəsində mənəvi ölümsüzlük zirvəsinə yüksələ bilər. Bu əslində insanın öz arzısına - yəni ölməzlik arzusuna çatması deməkdir.
Ölməzlik, əbədi həyat anlayışları ətrafında narahat olan insan düşüncələri, ölümə məhkumluğunun qanunauyğunluğunu dərk edərək qətiyyən pessimizmə qapılmır, əksinə, ölümü həyatın başqa bir təzahürü kimi qəbul edir və qərara gəlir ki, hamı yaşamaq növbəsini gözləyir və ölüm olmasaydı, həyat əbədi ola bilməzdi və onun qiyməti də bilinməzdi. Bəli, xalqın işıqlı təfəkkürü bizə həyatı belə anladır.
Dostu Enkudunu itirən Bilqamıs onun da nə vaxtsa ölümlə üzləşəcəyi təhlükəsini hiss edib çox narahat olur. Sidr meşəsindəki Humbabanı məhv edən, göylərdən enib gələn buğanı vurub yıxan, şirlərlə döyüşdə qalib çıxan Bilqamıs indi ölüm qarşısında aciz qalmışdı. Fiziki qüvvənin ona kömək edə bilməyəcəyini duyan qəhrəman ölümdən xilas olmaq üçün müxtəlif variantlara əl atmalı olur. Belə ki, Bilqamıs ölümsüz həyat sorağı ilə səyahətə çıxır, o səyahət zamanı rastlaşdığı hər kəsə öz məqsədini açıb söyləyir.

Ölüm məni qorxudur, qoymur dayanım rahat,
Tapa bilərəmmi mən görən əbədi həyat?

Lakin ona bu axtarışın mənasızlığını və ölümsüz həyat tapa bilməyəcəyini söyləyirlər.

"Sən hara can atırsan, gəzsən də kainatı,
Heç vaxt tapa bilməzsən axtardığın həyatı!
Tanrılar xəlq eyləyib insanı yaradanda,
Ölümü insan üçün buyurmuşlar onlar".

Çox maneələrlə üzləşməsinə baxmayaraq, Bilqamıs nəhayət, axtardığı ölümsüzlüyün çarəsini(yəni buna dərman hesab edilən çiçəyi tapa bilir. O, çiçəyi əldə edib, geri dönərkən isə gözlənilmədən belə bir hadisə baş verir.

İlan çiçək ətri duyub, yuvasından baş çıxardı
O çiçəyi oğurlayıb, sakitcə çəkib apardı.
Cavanlaşdı, təzələşdi yuvasına dönən kimi,
Köhnə qabığından çıxıb, o dəyişdi qabığını.

Bilqamıs isə çox məyus olaraq, kor-peşiman öz vətəni olan Uruka döndü. Ölməzlik problemi bir çox şərq xalqlarının əsərlərində olduğu kimi Başqırd xalq dastanı olan "Ural Batır" dastanının da əsas mövzusunu təşkil edir. Bu dastanda məsələ daha qabarıq şəkildə qoyulub. Belə ki, əsərdə "İnsan güclüdür, yoxsa ölüm?" sualına cavab axtarılır. "Ural Batır" dastanında ilk ər-arvaddan Şulqen və ural doğulur. Bu ər-arvad çox sağlamdırlar, ölümü tanımırlar. Bütün ov heyvanlarını özləri öldürürlər. Ata-ananın heyvan öldürdüklərini görən oğullar "insan hər şeydən güclüdür" – qənatinə gəlirlər.
Dastanın sonrakı gedişində isə oğlanların atası Yənbirdə övladlarını əbədiyyat bulağını tapmağa, ölümü tapıb başını kəsməyə göndərir. Bu minvalla oğlanlar uzun səfərə çıxırlar. Bu qəhrəmanlar ölüm gətirən qüvvələrlə vuruşanda qoca bir ağsaqqal onlara belə məsləhət görür ki, əbədi ömür bulağını axtar¬masınlar, əbədiyyät bulağından su içməsinlər. Dünya bir bağdır. Hər quruyan ağacı kəsərlər, kök atmayan bitkini yerdən üzərlər, əvəzinə cavan ağac əkərlər. Belə "ölüm və dirilmə" dünyanın gərdişidir.
Azərbaycan ədəbiyyatanda da bu problem aktual bir məsələ olaraq bir sıra sənəd əsərlərində öz əksini tapmışdır. Belə ki, görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin "İsgəndərnamə" (İqbalnamə) poemasında bu mövzuya rast gəlinir. Şərqdən Qərbədək böyük ərazilər fəth edən böyük sərkərdələri qarşısında diz çökdürən, bütün dünyanı ələ keçirən İsgəndər ölümlə qarşılaşanda isə tamam gücsüz bir vəziyyətdə qalır. Təbabət aləmində böyük nüfuza malik olan alimlər də İskəndərin xəstəliyindən baş aça bilmirlər. Hətta hər dərdə çarə bilən Ərəstu da bu dərdin önündə çarəsiz qaldı.

Ölüm bir bəladır, çarə edilməz,
Onun çarəsini tapmayıb heç kəs.
Ölüm qızdırması hücum edərkən,
Gizlənir əlacı onun həkimdən.

Ümumiyyətlə, Nizami belə bir ümumi nəticəyə gəlmişdir ki, materiyanın bir zərrəsi olan insan dünyada əbədi qala bilməsə də onun əməlləri ölümsüz ola bilər. Yuxarıda misal gətirdiyim əsərlərə əsaslanıb bir ümumi fikirə gəlmək olar: Belə ki, ölümsüz həyat axtarışı ona görə mümkün deyil ki, həyat əbədi hərəkətdədir və bir şəkildən başqa bir şəkilə çevrilməlidir.
M.V.Lomonosovun "Maddənin itməməsi və çevrilməsi" qanunu əslində təbiətin, həyatın dialektikasının, həyatın əbədi metamarfozasın göstərən bir ideya kimi, Şərqdə daha qədimdən mövcud idi. XII əsrdə Məhsətinin "Dün kaşi kuzəni daşlara çaldım" - misrası ilə başlanan rübaisinin poetik dillə ifadə olunan fəlsəfi mənası bir həqiqəti sübut edir ki, həyatda heç nə əbədi deyil və hər şey əbədidir. Yəni bu gün itirdiyimiz hər şey, sabah başqa şəkildə təzahür edir və əslində heç nə itmir.
İnsanın özü də təbiətin həyatın bir parçası, zərrəsi kimi öləndən sonra da itmir, torpağa qarışır, torpağa şərik olur, torpaqda başqa bir həyat elementi kimi təzədən dünyaya gəlir, yaxud canlı orqanizmdən canlı əməllərə çevrilir. Yaradan insan öz yaratdıqlarında əbədi təcəssüm olunur və deməli, o əbədi yaşayır. Bu sirli-soraqlı dünyada ölməzliyin əsas əlaməti və sirri bundadır.
Ölüm haqqdır. Həyatda kim nə qədər çalışsa belə ölümdən yaxasını qurtara bilməz. Bir gün bu dünyaya gələn insan, bir gündə bu dünyanı tərk edəcək. Xalqın müdrik fəlsəfəsi belədir. Ölməzlik – əbədi həyat anlayışları ətrafında narahat olan insan düşün¬cələri, ölümə məhkumluğun qanunauyğunluğunu dərk edərək qətiyyən pes¬simizmə qapılmır, əksinə ölümü həyatın başqa bir təzahürü kimi qəbul edir və qərara gəlir ki, hamı yaşamaq növbəsini gözləyir və ölüm həyatın qiymətinin ölçüsü, meyarıdır. Mövzunu dahi Nizaminin misraları ilə tamamlamaq istəyirəm:

Bu dünya belədir, düşünsən bir az,
İnsanı ucaldar, ancaq saxlamaz.
Ömrü sona çatdı saysız insanın,
Hesabı bitmədi yenə dünyanın.

Səbuhi BƏDƏLOV