Türk təsəvvüf ədəbiyyatının böyük şairi - Mövlana Cəlaləddin Rumi Ədəbiyyat

Türk təsəvvüf ədəbiyyatının böyük şairi - Mövlana Cəlaləddin Rumi

3-cü yazı

Cəlaləddin Ruminin "Məsnəvi"si irfan kitabıdır. Təsadüfi deyil ki, Rumi özü bu kitabı "uca Peyğəmbərimizin incilərlə, həqiqətlərlə, sirlərlə, bilgilərlə dolu məna dənizində bir adaya" bənzədir. Mövlananın təbirincə desək, "Məsnəvi"ni oxumaq deyil, yaşamaq lazımdır". Doğrudan da "Məsnəvi" ideyaları ilə yaşamaq insanı ilahi hikmətlərdən xəbərdar edir, həqiqət mərtəbəsinə qaldırır.

Ey aşiq! Özünə bax, insanların işinə qarışma,
"O, bunu deyir", "bu, bunu deyir" deyib durma!
"Filankəs mənə tikan deyir",
"Fılankəs yasəmən deyə çağırır" düşüncəsinə qapılma!
Hər sözə, hər kəsə əhəmiyyət vermə,
gül ətri verməyə çalış.
Filankəs sənə kafir deyir,
bir başqası isə din adamı deyir...
Vaz keç bunlardan, gözünü aç!

Allah sənə bəsirət gözü, könül gözü vermişdir. Elə bir göz verib ki, sənin baxışlarına qarşı Cəbrayılın qanadı belə səcdəyə qapanar. Şəkil və surətə baxma! Ey Haqq aşiqi, nəşələn! Səni yüksəklərə uçuracaq qanadların olduqdan sonra insanlardan sənə nə qəm gələ bilər? Ey özünün qüsurlarını görməyib başqa insanların yaxşısına, pisinə baxan zavallı! Allah sənin köməyin olsun.
Mövlana Cəlaləddin Rumi əslində bu cür ideyaları digər əsərlərində də "Fihi-Mafih", "Məcalisi-Səbada" da əks etdirib, Tanrı, insan, dünya, axirət və s. haqqında fikirlər irəli sürüb. "Fihi Mafih" ("Nə varsa içindədir") 70-dən çox söhbətin yer aldığı mənsur əsərdir. Bu əsər ehtimallara görə Ruminin oğlu Sultan Vələd və müridi Hüsaməddin Çələbi tərəfindən qələmə alınıb. Dini, fəlsəfi, əxlaqi görüşlər bu əsərin mərkəzində dayanır. "Məcalisi-Səba" əsəri də ideya baxımından "Fihi-Mafih"lə eyniyyət təşkil edir. Burada da dini, fəlsəfi və əxlaqi görüşlər öyüdlər şəklində özünə yer tapır.
Həyatından məlumdur ki, C.Rumi bütün Anadolu bölgəsində böyük nüfuza sahib olmuş, insanların mənəvi ehtiyaclarının ödənilməsində əhəmiyyətli dərəcədə xidmət göstərib. Buna görə də, bölgə əhalisi həmişə onun ətrafında toplaşıb, ondan ehtiyaclarının ödənilməsinə yardımçı olmağı xahiş edib. Məhz bunun nəticəsidir ki, C.Rumi insanlara kömək məqsədilə onların həyat şəraitini, mənəvi və maddi duyğularını özündə əks etdirən çoxsaylı məktublar yazıb. Mənbələrdən məlumdur ki, C.Rumi gündə 10-12 məktub yazmış, bu məktublarda insanların həyatdakı yaşam tərzi özünə yer tapıb. Lakin C.Ruminin yazdığı məktubların müəyyən qismi əldə edilməyib. Yalnız əldə olunan məktublar sonradan bir yerə toplanaraq "Məktubat" adı ilə əsər kimi çap olunub. Qeyd edək ki, Şərq aləmində Biruni və İbn Sina arasında misli-bərabəri olmayan məktublaşma nümunələri mövcuddur. Ancaq C.Ruminin məktubları iki tərəfli məktublaşma deyil. Bu məktublar, əsasən, xalqın vəziyyəti ilə əlaqədar səlahiyyət sahiblərinə, yaxın qohumlarına, ailə üzvlərinə, övladlarına və s. ünvanlanan məktublardır. Ruminin məktubları daha çox ümumi yox, konkret səciyyə daşıyır. Və hər məktubun başlığı onun məzmunu ilə bilavasitə bağlanır:
1) Gücü olmayan birisinin vergi borcunun bağışlanılması üçün xahiş etməsi (17-ci məktub)
2) İşsiz qalan bir kişinin övladı üçün iş tələb etməsi (18-ci məktub)
3) Malı əlindən zülmlə alınan birisinin durumu haqqında tövsiyə (62-ci məktub)
4) Özünə sığınan bir günahkar üçün bağışlanma tələbində olması (37-ci məktub)
5) Bağ satın alan Səlahəddinin verəcəyi 500 dirhəm borc üçün yardım istəməsi (83-cü məktub) və s.
Ümumiyyətlə, məktublar çox olduğu kimi orada toxunulan məsələlər də çoxluq təşkil edir. Məs., məktubların birində dövlət adamı Fəxrəddin Əliyə müraciət edilərək Şəmsəddin Yavtaşın dul qadını ilə izdivacın gecikdirməməsi xahiş edilir. Digər məktubda yenə Fəxrəddin Əliyə sərt şəkildə müraciətlə dərvişlərin sıxıntılarından, onlara edilən zülmdən şikayət olunur. Başqa bir məktubda "Xatunların iftixarı" adı ilə tanınan qadına müraciət edilir. Bu məktubda qadın "mələk sifətli", "gözəl əxlaqlı", "Allahı tanıyan", "padşah əsilli" və s. şəkildə mədh olunur.
C.Ruminin "Məktubat"ında ailə üzvlərinə ünvanladığı məktublar ailə-məişət problemlərini əks etdirmək, əxlaq, tərbiyə tövsiyələri baxımından əhəmiyyət daşıyır. Məs., məktublarından birində Şamda təhsil alan oğlanları Bahəddin Sultan Vələd və Ələddinə müraciətlə ata və babalarının vəsiyyətlərinə əməl etmələrini məsləhət bilir.
Oğlu Sultan Vələdə ünvanlanan digər məktubu isə Sultan Vələdin həyat yoldaşı Fatma xatunla olan ailə ziddiyyətlərinə son qoymaq məqsədi daşıyır, xüsusilə, burada o, gəlini Fatma xatuna olan rəğbətini nəzərə çarpdırır. Məktubda C.Rumi istər məktubun yazılma səbəbini, istərsə də, məqsədinin nədən ibarət olduğunu belə qələmə alır: "Oğlumuzun nigahında böyük bir sınama olaraq bizə əmanət edilən padişahımızın qızının xatirinə riayət etməniz üçün bir neçə sətir yazıldı...
...Övladımdan diləyim budur. Atasından heç bir şey gizlətməsin, kimdən inciyirsə söyləsin. Əgər əziz oğlum Bahəddin sizi incitməyə meyl edirsə, gerçəkdən könlümü, sevgimi ondan alaram. Salamına daha cavab vermərəm. Cənazəmə də gəlməsini istəmərəm".
Məlumdur ki, C.Ruminin kiçik oğlu Ələddinlə Şəms Təbrizi arasında ixtilaf olmuş və bunun nəticəsində Ələddin bir müddət şəhərdən kənarda yaşayıb. Oğluna yazdığı məktubda C.Rumi onun geriyə dönməsini, atasının qəlbini şad etməsini istəyir: "Əziz oğlum atasından salamı oxusun... Allah xatirinə atanın könlünü razı etmək istəsən evini unutma."
"Farsca yazmağıma baxmayın, əslim türkdür" deyən Cəlaləddin Rumi yaradıcılığında türkcə yazılmış nümunələrin sayı həddindən artıq az olsa da əhəmiyyəti böyükdür. Hər şeydən əvvəl, ona görə ki, C.Rumi Anadoluda türk şeirinin əsasını qoymaqla bu dildə şeir yazmaq ənənəsinin formalaşdırıb. C.Rumi bir tərəfdən farsdilli şeirlərində türk sözləri işlədirsə, o biri tərəfdən bir beytin yarısını və ya bütöv şəkildə türkcə verməklə gözəl müləmmələr yaradır və fikrin poetik ifadəsinə nail olur. Məsələn,

Mən yarı bivəfayam bər mən cəfa qılır sən,
Gər tu məra nəqahi mən hod səni tilər (istəmək) mən.
Və yaxud,
Sevdayi ruhi Leyli şud hasili ma xeyli,
Məcnun bigi və veyli oldum yenə divanə.

C.Rumi türk dilinin sənət imkanlarını təkcə farsdilli şeirlərində türk sözləri işlətməklə və ya müləmmələr yaratmaqla yox, eyni zamanda, sırf türkcə şeirlər yazmaqla da nümayiş etdirib və təsdiqləyib. Düzdür, ədəbiyyat tarixlərində şairin türkcə şeir yazması və türkcə şeirlərinin sayı barədə bir-birindən fərqli mübahisəli fikirlər əksini tapsa da, C.Ruminin türk dilində bir neçə şeirinin olması məlumdur. Mənbələrdə C.Ruminin həmin şeirləri ömrünün son illərində yazdığı bildirilir. Bu nümunələr XIII əsr Anadolu türk ləhcəsinin xüsusiyyətlərini özündə əks etdirmək baxımından xarakterikdir. Ona görə də, Ruminin türk dilli şeirləri bir tərəfdən bu dilin poetik imkanları, başqa bir tərəfdən isə yaşadığı bölgənin timsalında XIII əsr türk dilinin leksik-semantik mənzərəsi haqqında böyük təsəvvür yaradır:
Yoxsul isən səbr eyləgil,
Sər bay isən xeyir eyləgil
Hər bir halə şükür eyləgil,
Haqq döndürür haldan halə.

Heç şübhəsiz, C.Rumi türkcə yazdığı şeirlərində də irfani görüşlərinə söykənib, haqq yolu axtarışlarını davam etdirib:

Dünya onun, axrət onun,
Nemət onun, möhnət onun.
Tamu onun, cənnət onun,
Haqqa mənə nə mal gərək,
Diləyim eyi hal gərək.
Nə qül gərək, nə qal gərək
Kəndisini bilən qula.

Diqqətlə baxdıqda səmalara yüksəlib haqqına sahib çıxan, haqq yolçularını dərgaha səsləyən şair səsinin türk tərzində ifadəsinin oxucuya təsiri ən yüksək səviyyədə üzə çıxır.

Çələbidir qamu dirlik,
Çələbə gəl nə gəzərsən?
Çələbi qulların istər,
Çələbini nə sanırsan?
Nə oğurdur (səadət), nə oğurdur
Çələb ağzında qığırmaq (çağırmaq).
Qulağın aç, qulağın aç ola kim anda dolarsan.

C.Rumi türkcənin gözəl nümunəsi olan başqa bir şeirində də fikirlərini sadə, eyni zamanda poetik dərinlikdə ifadə edir:

Əgər keydur qarındaş, yoxsa yavuz,
Uzun yolda sana budur kılavuz
Əgər Tatsan və gər Rumsan və gər Türk,
Zəbani bizə bananra biyamuz.

Qeyd etmək lazımdır ki, əruzun türkcəyə tətbiqində C.Ruminin xidmətləri böyükdür. "Məsnəvi" əsərini əruzun rəməl bəhrində (failatün, failatün, failün) yazmaqla Anadolu və ətraf bölgələrdə yeni ənənə formalaşdıran C.Rumi türkcə şeirlərini də bu bəhrin tələbləri daxilində qələmə alıb.
C.Rumi müsəlman Şərq ədəbiyyatını öz təsirində saxlayan, divan ədəbiyyatının yeni zəmində inkişafına istiqamət verən sənət korifeyidir. Təsadüfi deyil ki, öz ideyaları ilə Höteni heyran qoyan, dialektik metod nəzəriyyəsini işləməkdə Hegelə təsir göstərən, Mahatma Qandinin dünyagörüşünün formalaşmasında rolu olan C.Rumi övliya rütbəsi qazanaraq müqəddəslər sırasında dayanıb, yaradıcılığı isə yaşadığı zamandan bu günə qədər (800 il müddətində) Şərq və Qərb dünyasında sevgi və zövq mənbəyi olub.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor