Türk ədəbiyyatının tanınmış simalarından biri - Sultan Vələd Ədəbiyyat

Türk ədəbiyyatının tanınmış simalarından biri - Sultan Vələd

2-ci yazı
"Vələdnamə" Sultan Vələdin yazmış olduğu 3 məsnəvinin birincisidir. Şair məsnəvinin dibaçəsində əsəri "Məsnəviyi Vələd" adlandırıb. Lakin ədəbiyyat aləmində Vələdnamə adı ilə tanınan bu əsər şairin ilk məsnəvisi olduğuna və "ibtidai" kəlməsi ilə başladığına görə "İbtidanamə" kimi də tanınır. Əsər 1291-ci ilin mart-iyun aylarında nəsr və nəzm şəklində yazılıb. Fars dilində yazılmış bu əsər 9007 beytdən və 165 başlıqdan ibarətdir. Qeyd edək ki, həmin beytlərin 180-i ərəbcə, 76-sı türkcə və 23-ü rumca yazılıb. "Vələdnamə" Sənainin "İlahinamə"sinin vəzninə uyğun olaraq, xəfif bəhrində (failatün, məfailün, failün) qələmə alınıb.
"Vələdnamə"ni "Quranın anlamı və sirri" hesab edən, öz oxucusuna müraciətlə "onu can və könüldən oxu və anla" deyən şairin əsas məqsədi insanları mənalar dənizindən çıxardığı incilərlə tanış etmək və məkansız dünyanın pərdəsiz könül üzünü göstərməklə onları "hədəfə" istiqamətləndirməkdir. Şair əsərdə babası Bahəddin Vələd, Şəms Təbrizi, C.Rumi, Şeyx Səlahəddin, Çələbi Hüsammədin, Kəriməddin və b. tarixi şəxsiyyətlərdən söhbət açmış və onların bir növ həyat hekayələrindən bəhs edib. Bir sıra istisnaları çıxmaq şərti ilə "Vələdnamə" bütünlükdə irfani düşüncələri özündə əks etdirmiş, problem tək olan varlıq prinsipində həllini tapıb.
Sultan Vələd ikinci məsnəvisi "Rübabnamə"ni 1301-ci ilin aprel-avqust aylarında yazıb. Farsca yazılmış bu əsər 8124 beytdən və dibaçə də daxil olmaqla 106 başlıqdan ibarətdir. Əsərdə beytlərin böyük əksəriyyəti fars dilində olsa da, bu beytlərdən 162-si türk, 36- sı ərəb və 22-si rum dilindədir. Türk tədqiqatçılarının bəziləri (məs., Veyis Dəyirmançay) həmin beytləri vəzn və qafiyə baxımından qüsurlu hesab edir, fars dilli beytlərlə müqayisədə mükəmməl olmadıqlarını göstərirlər. Onu da qeyd edək ki, Sultan Vələd bu əsərə konkret ad qoymayıb. Ona görə də, əsər "Rübabnamə" və "Məsnəviyi Mənəvi" adları ilə tanınıb. "Məsnəviyi Mənəvi" adının əsərə verilməsi iki səbəbdən irəli gəlir. Bir tərəfdən Sultan Vələdin C.Rumi irsinə və onun "Məsnəvi" əsərinə bağlılığı, "Məsnəvi" bəhrində (rəməl) ona bənzər əsər yazması, digər tərəfdən isə dibaçədə "Rübabnamə"nin "Məsnəviyi Mənəvi" sözləri ilə başlaması tədqiqatçılara əsərin adının bu cür adlan- dırılmasına əsas verib. Digər tərəfdən, əsərin dibaçəsində "rübabın ağlayıb-inləməsindən" bəhs edən beytlərin olması, bir növ əsərin rübab üzərində köklənməsi bu məsnəviyə "Rübabnamə" adının verilməsinə səbəb olub. Nəzərə alaq ki, əsər daha çox "Rübabnamə" adı ilə tanınıb və tədqiq olunub.
"Rübabnamə" nəsr və nəzmlə yazılmış əsərdir. "Mənim nəzmim və nəsrim hikmətin uca məqamıdır" deyə öyünən şair "Rübabnamə"də sufi hikmətlərdən bəhs açır. Maraqlıdır ki, Sultan Vələd əsərdə Şəms Təbrizi və Mövlana sərgüzəştləri haqqında məlumatlara yer verib, ayrı-ayrı hissələrdə iki məşhur şəxsə olan dərin rəğbət və məhəbbətini izhar edib.
Sultan Vələdin üçüncü, eyni zamanda son məsnəvisi "İntihanamə" adlanır. Nəsr və nəzmdən ibarət olan "İntihanamə" təxminən 1300-1312-ci illər arasında fars dilində yazılıb. "İntihanamə" əvvəlki iki əsərin davamı kimi yazılsa da, onlardan fərqli olaraq bu məsnəvidə türkcə, ərəbcə və rumca beytlər yoxdur. Digər məsnəviləri kimi bu əsərə də S.Vələd ad verməyib. Sonuncu məsnəvi olduğu üçün əsər "İntihanamə" adlanır. Müəllif əsəri "Rübabnamə"nin bəhrinə uyğun (rəməl) yazıb. Məsnəvidəki beytlərin sayına gəldikdə onu deməliyik ki, beytlərin sayı Tehran nüsxəsində 7085, Konya nüsxəsində 7000, İstanbul nüsxəsində isə 8313-dür.
Sultan Vələd kitabın yazılma səbəbində göstərir ki, "səssizlik aləmində məşğul ikən Haqq-Təaladan nida gəldi ki, öyüd və nəsihətlərlə məşğul ol və insanlara fayda ver". Allahın əmrini yerinə yetirməyi özünə şərəf bilən şair "Vələdnamə" və "Rübabnamə"də olan hikmətlərə bir daha məna verir.
Əsərdə mövlanəlik, səmavilik və s. bağlı əhəmiyyətli məsələlərdən də söz açılır. Şəms Təbrizi və Mövlana əlaqələrindən, təsir dairəsindən bəhs edən parçalar da maraq doğurur. Məlum olduğu kimi, C.Rumi Konyada Şəms Təbrizi ilə ilk görüşündən sonra (1244) onun təsirinə düşüb, "dünya sirlərinin yerləşdiyi məkanın qapısını" onda gördüyü üçün Şəmsin müridinə çevrilib. Bu hal Mövlananın müridlərini və Konya əhlinin bir qismini qəzəbləndirdiyi üçün Ş.Təbrizi Konyanı tərk edib Şama köçməyə məcbur olub. Şəms Təbrizinin Şama köçməsi Mövlananı pərişan edib və bunu hiss edən Sultan Vələd atasının həsrətinə son qoymaq üçün Şama yola düşüb. Sultan Vələdin xahişi və Mövlananın qəm dolu məktubları Şəms Təbrizini yenidən Konya- ya qayıtmağa məcbur edib. Lakin müridlərin yenidən qısqanclığını görən Şəms Təbrizi Konyanı tərk etməyə qərar verir. C.Rumi Şəms Təbrizini axtarıb tapmaq ümidilə Şama getsə də, onunla görüşə bilmir, ümidsiz halda Konyaya qayıdır. Rəvayətə görə, C.Ruminin kiçik oğlu Ələddin 7 nəfərlik bir dəstə ilə Şəms Təbrizini Konyada öldürərək quyuya atıb. Bunu bilən Sultan Vələd Şəms Təbrizinin cəsədini quyudan çıxar, onu Mövlana mədrəsəsi yaxınlığında dəfn edib və bu sirri ömrünün sonuna qədər heç kimə açmayıb. Sultan Vələd Şəms Təbrizi ilə atası C.Rumi arasındakı münasibətlərin birbaşa şahidi olduğu, ondan irfan elmi aldığı və ona dərin məhəbbət bəslədiyi üçün digər məsnəviləri ilə yanaşı "İntihanamə"də də Mövlana və Şəms Təbrizi bağlantılarından bəhs açıb. Bu yanaşma bədii baxımdan deyil, eyni zamanda tarixilik nöqteyi-nəzərindən də əhəmiyyətlidir.
Sultan Vələdin mütəsəvvüf görüşlərini özündə əks etdirən əhəmiyyətli əsərlərindən biri də "Maarif’dir. Bu əsər mənsur formada yazılmış və 56 bölümdən ibarətdir. Əsərdə problemin qoyuluşu şəriət, təriqət və s. daxilində həllini tapıb. Daha doğrusu, Sultan Vələd "Vələdnamə", "Rübabnamə" və "İntihanamə" məsnəvilərində məsələlərə hansı şəkildə yanaşmışsa, "Maarif’ əsərində də eyni xətti davam etdirib, bir növ mövzuya təkrar qayıdıb. Qeyd edək ki, "Maarif’ əsəri forma, məzmun və ideya baxımından daha çox C.Ruminin "Fihi-Mahif’ əsərinə bənzəyir. Görünür, bu səbəbdəndir ki, 1954-cü ildə İranda "Masarif’ əsərini C.Ruminin "Fihi-Mahif’ əsərinin ikinci cildi kimi çap ediblər.
"Maarif’ əsərində bütün məsələlərə Allah və ona məhəbbət kontekstində münasibət bildirilir. Ona görə də əsərin bölümlərində şəriət qaydaları və bu qaydalara əməl sırf dini müstəvidə şərh olunur, hər iki aləmdə əməlindən asılı olaraq insana Allahın məhəbbət və mərhəmət göstərəcəyindən bəhs açılır, oruc tutmaq, Həccə getmək və s. savablarından danışılır. Əməlin zahiri və batini tərəfləri haqqında kifayət qədər tutarlı izahatlar aparılır. Məsələn, əsərin I fəslinin başlanğıcındakı parçaya nəzər salaq: "Biri: "Asıl olan şey ameldir" dedi. Bu hususta söylenecek söz, bundan ibaret değildir. Ameli hakkıyle anlatabilmek için, bir kim- senin ortaya çıkıp ameli nasıl anlıyabilirsin?
Sen amelden, namaz kılmayı, oruç tutmayı, hacca gitmeyi, geceleri uyumayarak ağlayıp inlemeyi ve pehriz etmeyi anlıyorsun. Halbuki, bunların hiçbiri de amel değildir. Bunlar ancak amelin sebepleridir. Hepsini yapdığın zaman bunların sende bir etki sağlaması mümkündür. İşte o zaman sen, ibadet etmiş ve olduğundan başqa bir şey olmuş bulunursun".
S.Vələd "Maarif’ əsərində haqlı olaraq bu dünyanı imtahan dünyası hesab edir. Və bu dünyada olan sonsuz canlı-cansız fərqliliyini forma fərqi kimi götürsə də, cismani (şəkil) fərqi kəskin fərq hesablamır. Bu mənada insanlar arasındakı fərqi də cisminə görə (bədən) yox, ruhuna görə müəyyənləşdirir.
Sultan Vələdin "Maarif’ əsərində elmə və elm adamlarına münasibətdə tutduğu mövqe diqqət cəlb edir. O, elmi varlanmaq, mövqe tutmaq, qazanmaq üçün öyrənənləri tənqid edir, lakin elmi Allah rizası üçün öyrənib faydaya yönəldənləri əsl alim və Allahın istədiyi bəndə kimi qələmə verir. Sultan Vələdin həyatı ilə tanışlıqdan məlumdur ki, o, Bürhanəddin Tirmizi, Çələbi Hüsaməddin, Şəms Təbrizi, C.Rumi, Şeyx Kəriməddin, Şeyx Səlahəddin kimi dövrünün məşhur arif şəxsiyyətləri ilə təmasda olmuş, onlardan çox şeylər öyrənə bilib. Bu cəhətdən atası Cəlaləddin Ruminin və Şəms Təbrizinin Sultan Vələdə təsirini xüsusi qeyd etmək lazımdır. Mənbələrdə yazıldığı kimi, Ruminin Şəms Təbrizinin təsirinə düşməsindən sonra istər-istəməz bu təsir Sultan Vələddən də yan keçməmiş, o da Şəms Təbrizinin məclislərində iştirak edib. Sultan Vələdin ən çox qatıldığı məclislərdən biri də səma məclisləri olub və müəyyən müddətdən sonra onun bu məclislərə rəhbərlik etməsi də tarixi fakt kimi təsdiqlənir. Ümumiyyətlə, səmavilik şairin nəzərində nəfsdən, küfrdən, cisimdən uzaqlaşıb ruha yaxınlaşmaqdır. Səmavilik ruhani duyğu və hisslərin əməldə tətbiqidir. O, eşq və vəcdə gəlmədir. Sultan Vələd Səmanı ən uca məqam hesab edir. Bu məqam - Allah məqamı ölümsüzlük məqamıdır. Ona görə də Allah məqamında insan maddi olaraq nəinki özünü unudur, hətta tamamilə "yox" olur. Göründüyü kimi, Sultan Vələd "Maarif’ əsərində bədii-fəlsəfi ifadə tərzində təsəvvüf əsaslı fikirlərini izhar edib və bunu "mənalar dənizindən çıxardığı incilər" şəklində xalqa çatdırıb.
Sultan Vələdin bir divan, üç məsnəvi və bir mənsur əsərindən başqa, elmi mənbələrdə "Eşqnamə" və "Risaleyi-etiqad" adlı əsərlərinin olduğu haqqında da məlumat verilir. Lakin həmin əsərlərin Sultan Vələdə aid olması hələlik dəqiqləşməyib.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor