Əbdülhəq Hamid Tarxan - yeni türk ədəbiyyatının inkişafında misilsiz xidməti olan görkəmli şair və dramaturq Ədəbiyyat

Əbdülhəq Hamid Tarxan - yeni türk ədəbiyyatının inkişafında misilsiz xidməti olan görkəmli şair və dramaturq

1-ci yazı

Əbdülhəq Hamid (1852-1937) yeni türk ədəbiyyatının inkişafında misilsiz xidməti olan görkəmli şair və dramaturqdur. O, türk ədəbiyyatını yeni forma və məzmunla zənginləşdirən nadir sənətkarlardan biridir. Hamid 1852-ci ildə İstanbulda tanınmış bir şəxsin ailəsində dünyaya gəlib. Əcdadının qədim türk Tarxanlar nəslinə mənsub olması ilə əlaqədar o, "Tarxan" təxəllüsünü qəbul edib. Atası Xeyrulla əfəndi dövrünün görkəmli maarifçi ziyalılarından olub. Anası Müntəha xanım isə Qafqazdan gətirilmiş çərkəz qızıdır. Hamid ilk təhsilini məhəllə məktəbində alıb.
Atası Xeyrulla əfəndi Hamidin oxumaq həvəsinin böyüklüyünü gördüyü üçün onun xüsusi müəllimlərin yanında dərs almasına şərait yaradıb. 1862-ci ildə Hamid on yaşında olarkən qardaşı ilə Parisə gedir. Orada Avropa həyatı ilə tanış olmaqla yanaşı, həm də qısa müddət Paris milli məktəbində oxuyur. Bütün bunlar Hamidin dünyagörüşünə müsbət təsir göstərib, baxışlarının formalaşdırılmasında mühüm rol oynayıb. Fransadan qayıtdıqdan sonra o, təhsilini İstanbulda yerləşən xüsusi tipli fransız və amerikan məktəblərində davam etdirib. Bu illərdə Əbdülhəq Hamid Şərq dillərini öyrənməyə maraq göstərir, müəllimi Bəhaəddin əfəndidən fars və ərəb dillərini öyrənir. Təhsil almaqla yanaşı o, 13-14 yaşlarında olarkən İstanbulda bir tərcümə mərkəzində çalışır. 1865-ci ildə Hamidin atası Tehrana səfir göndərilir. Bu dövrdən sonra Hamidin İran həyatı başlayır. Burada Hamid fars dilini bildiyi üçün fars ədəbiyyatı ilə tanış olur.
İran ədəbiyyatı ilə yaxından tanışlıq ona Şərq dünyasının mədəniyyət və tarixi ilə bağlı çox şeyləri öyrədir. Lakin o, Tehranda çox qala bilmir. Atasının qəflətən ölümü Hamidin Tehranda cəmi iki il qalmasına imkan verir. Bundan sonra Xeyrulla əfəndinin bütün ailə üzvləri, o cümlədən Əbdülhəq Hamid yenidən İstanbula qayıdır və maliyyə idarəsində çalışır.
O, 1871-ci ildə Ədiməyə gedir. Burada Fatma xanımla tanış olur. 13 yaşlı bu qızla evləndikdən sonra yenidən İstanbula qayıdır. Əbdülhəq Hamid bu arada diplomatik sahədə kiçik işlərdə fəaliyyət göstərir. Ədib 1873-cü ildə Tehran təəssüratları əsasında qələmə aldığı "Macərayi-eşq" adlı pyesini çap etdirir. Bir qədər sonra Hamid "İçli qız" və "Səbrü-səbat" əsərlərini də nəşr etdirməyə müvəffəq olur. Əbdülhəq Hamid bu dövrdə məhsuldar yaradıcılıq mərhələsinə qədəm qoymuşdu. Müəllifin hələlik görmədiyi Hindistandan bəhs açan, hind ictimai-siyasi həyatını əks etdirən "Hind qızı" əsəri böyük əks-səda doğurdu. Əbdülhəq Hamid təkcə dramaturgiya sahəsində deyil, poeziya sahəsində də uğurlarını nümayiş etdirə bildi. O, 1876-cı ildə Osmanlı imperiyasının Fransa səfirliyinə ikinci katibi vəzifəsinə təyin olunur. Bu mərhələdə Hamid fransız ədəbiyyatı və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edir və demək olar ki, tamamilə fransız ədəbiyyatının təsiri altına düşür. Parisə işləməyə gedərkən həyat yoldaşını aparmaması tədqiqatçılar tərəfindən onun özü ilə təkbətək dayanması, daxili aləminə çəkilməsi şəklində xarakterizə olunur. Ədib 1878-ci ildə "Nəstərən" əsərini yazır. Hadisələri əfqan həyatı ilə bağlayan Hamid, əslində bu əsərdə II Əbdülhəmidin amansızlıqlarına işarələr vurub və bunun müqabilində də hakim dairələrdə müəllifə qarşı şübhəli münasibətlər yaranıb. 1878-ci ildə Hamid icazə alaraq İstanbula gəlir. Lakin o, icazəli olsa da, bəhanə gətirərək onu işdən azad edirlər. Bir müddət işsiz qalan Hamidə hakim dairələr tərəfindən yenidən vəzifələr təklif olunur. Onu Belqrad və Berlin səfirliklərində işə göndərmək istəyirlər. Hamid bu təklifləri rədd edir və mənəvi sarsıntılar keçirdiyi üçün fəaliyyət istiqamətini müəyyənləşdirə bilmir. O, 1881-1883-cü illərdə Rusiya və Yunanıstanda yerləşən Türkiyə konsulxanalarında işləyir. Bu illərdə "Səhra’’, "Əşbər’’, "Tarik’’, "Bir səfilənin vəsfi-halı" və s. əsərlərini nəşr etdirir.
Ə.Hamidin həyat yoldaşı Fatma xanım vərəm xəstəliyinə tutulduğu üçün səhhəti get-gedə pisləşir. O, həkimlərin məsləhəti ilə iş yerinin iqlimi daha mülayim bir ölkəyə dəyişmək barədə ölkə rəsmilərindən xahiş edir. Hamid 1883-cü ildə Bombeyə konsul vəzifəsinə göndərilir. Lakin Hindistanda Fatmanın xəstəliyi ilk vaxtlar yüngülləşsə də, sonralar ağırlaşmağa başlayır və Hamid gəmi ilə İstanbula qayıtmağa məcbur olur. Yolda ikən Fatmanın halı daha da pisləşir və Beyrut şəhərinə çatdıqdan sonra vəfat edir. Hamid həyat yoldaşını Beyrutda torpağa tapşırır. Və 40 gün orada qaldıqdan sonra İstanbula qayıdır. Onu da qeyd edək ki, sevimli həyat yoldaşını itirmək onu həddindən artıq təsirləndirib və bunun nəticəsi olaraq ədib "Məqbər’’, "Ölü’’, "Həclə’’, "Bunlar odur" əsərlərini yazıb. Lakin bu silsilənin şah əsəri "Məqbər" (1885) hesab olunur. Təsadüfi deyildir ki, "Məqbər" əsərini yazdıqdan sonra Hamid "Məqbər şairi" kimi tanınıb.
1885-ci ildə iki övladı ilə İstanbula qayıdan Hamid təxminən bir ilə yaxın işsiz qalır. Yenidən mənəvi sarsıntılar dövrünü yaşayır. 1886-cı ildə Hamid London səfirliyində birinci katib vəzifəsinə təyin edilir. Hamid 1887-ci ildə "Finten" və "Zeynəb’’i yazır. Hər iki əsəri çap olunmaq üçün İstanbula göndərir. Lakin əsərlərdəki siyasi motivi, sultan rejiminə qarşı etiraz və barışmazlıq əhvali-ruhiyyəsini bəhanə edərək hökumət müəllifə qarşı sərt tədbirlər görməyə qərar verir. Əbdülhəq Hamid 1888-ci ildə vəzifəsindən azad edilərək geri çağırılır. Lakin az sonra hökumətə qarşı əks ideyalar irəli sürülən "Finten" əsərində belə bir əhvali-ruhiyyənin olmadığını təsdiqləyərək Hamidin maaşını artırmaqla işləmək üçün yenidən Londona göndərirlər. O, 1890-cı ildə ingilis qızı olan Nelli xanımla evlənir. 1895-1897-ci illərdə Hamid bir sıra digər yerlərdə diplomatik işlərdə çalışdıqdan sonra yenidən Londona qayıdır və 1908-ci ilə qədər burada işləyir. Demək olar ki, Hamidin İngiltərə həyatı 22 il davam edib. Bu illərdə Hamid tanış olduğu və möhkəm bağlandığı Qərb dünyasına daha yaxından bələd olub, lazımi nəticələr əldə edib. Əbdülhəq Hamid 1908-ci ildə Brüsselə səfir təyin olunur. 1912-ci ilə qədər orada yaşayır və həyat yoldaşı Nelli xanım öldüyündən Lüsyen xanımla evlənməyə qərar verir. 1912-ci ildə Türkiyəyə qayıdan Hamid geniş ədəbi və ictimai fəaliyyətə başladı. Bir-birinin ardınca əsərlər yazdı və çap etdirdi. O, 1918-ci ildə ingilis təcavüzü zamanı Türkiyəni tərk edərək Vyanada yaşamağa məcbur oldu. Daha doğrusu, ingilis hökumətinin təcavüzü əleyhinə çıxdığı üçün onların atacağı əks addımlardan ehtiyatlanaraq bu yolu seçməyi lazım bildi.
Əbdülhəq Hamidin həyatının müəyyən mənada xoş dövrü Türkiyədə Cümhuriyyət elan olunduqdan sonra başlanıb.
1927-ci ildə anadan olmasının 75 illiyi münasibətilə Qalatasaray litseyində tədbir keçirilib və Hamid orada öz şeirlərini oxumaqla yanaşı, çıxış edərək xalqı yeni türk hökumətinin möhkəmləndirilməsinə köməyə çağırıb. O, 1928-ci ildə Böyük Millət Məclisinə üzv seçilib. 1928-ci ildən ömrünün axırına qədər ayrı-ayrı təşkilatlarda ictimai-siyasi fəaliyyətdə olub, bir çox əsərlər yazıb. Əbdülhəq Hamid 1937-ci ildə İstanbulda vəfat edib.
Əbdülhəq Hamid zəngin ədəbi irsə malik sənətkarlardan biridir. Onun yazdığı şeir, nəsr və dram əsərləri Qərb və Şərq ədəbi-estetik fikirləri əsasında formalaşan yaradıcılıq nümunələri kimi türk ədəbiyyatı tarixində mühüm yer tutmaqdadır. Əbdülhəq Hamidin sənət aləmində yenilikçiliyi ilk öncə onun şeirlərindən başlayır. Onu da qeyd edək ki, Əbdülhəq Hamid poeziya ilə ömrünün axırına qədər məşğul olub. Daha doğrusu, yaradıcılığa şeirlə gələn Hamid sonralar digər janrlara müraciət etsə də, heç vaxt şeir yazmaqdan əl çəkməyib. Təsadüfi deyil ki, onun "Bəldə, yaxud divanəliklərim’’, "Səhra’’, "Bunlar odur’’, "İlhami-vətən" şeir topluları türk ədəbiyyatında yeni şeir ənənəsinin güclənməsi və inkişafında xüsusi əhəmiyyət kəsb etdiyindən köhnə şeir tərəfdarlarının etirazına səbəb olub, bu yolu tutduğuna görə onu kosmopolit şair adlandırıblar. Düzdür, şair "Bəldə, yaxud divanəliklərim" kitabında toplanan bəzi əsərlərində şeirin fransızsayağı sərbəst formasına meyl etməklə fransız şairlərinin yolunu tutduğunu açıq-aşka təs-diqləyib. Lakin sonrakı yaradıcılıq prosesi bu iddiaların əsassız və ötəri olduğunu sübuta yetirərək Hamidin bütövlükdə poeziyasını türk ədəbiyyatında yeni bir hadisə kimi qiymətləndirib. Xüsusilə, "Səhra’’ və "Bunlar odur" şeir kitablarında özünə yer tapan şeirlərinin sənət aləmindəki uğuru həm gənc yazarlar, həm də ustad şairlər tərəfındən qəbul edilib.
Əbdülhəq Hamid yaradıcılığında poema janrı geniş yer tutur. Təbii olaraq Tənzimat dövründə bu janr yeni inkişaf mərhələsinə qədəm qoydu. "Məqbər’’, "Ölü’’, "Həclə’’, "Qəram’’, "Baladan bir səs" və s. poemaları ilə Hamid Türkiyə ədəbiyyatında janrın müasir tələbinə uyğun əsl nümunələr yarada bildi. Poema sahəsində təbii olaraq Hamid yaradıcılığının zirvəsi "Məqbər" (1885) hesab olunurdu. Əruz vəznində yazılmış bu poema həm qafiyə və dil, həm də məzmun və ideya baxımından maraq doğurur. Hamid "Məqbər’’i həyat yoldaşı Fatmanın ölümü münasibətilə qələmə alıb. Məlumdur ki, Hamid həyat yoldaşı Fatmanı həddindən artıq sevmiş, ona xüsusi hörmət bəsləyib. 26 yaşında vərəm xəstəliyindən dünyasını dəyişən Fatma xanım özünün ağlı, mədəniyyəti, dünyagörüşü ilə fərqlənən bir şəxs olduğundan Hamidin qəlbində dərin izlər buraxıb. Hamid həmişə Fatma xanımın fransız və ingilis qadınlarının nə dediyini anlaması və onlarla danışmasını, hind yerli ləhcəsini öyrənməsini təqdir edib, xanımının bu keyfiyyəti ilə öyünüb. Eyni zamanda Hamid Fatma xanımın iki balasını yanında oturdub piano çalmasını hafizəsinə şirin xatirə tək həkk etmişdi. Fatma xanımın ölümü Hamidin həyatında elə bir sarsıdıcı zərbə oldu ki, bu təsir ona həsr edilən əsərdə tam mənada əksini tapa bildi. Maraqlı faktdır ki, Hamid Fatma xanımın xəstəliyinin ağırlığını başa düşür və həkimlərin verdiyi məlumat əsasında onun tezliklə öləcəyini qabaqcadan bilirdi. Buna görə də həyat yoldaşının hələ sağlığında gözlənilən faciənin təsiri altında qabaqcadan Hindistanda müəyyən misraları yaza bilmişdi…


Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor