İstiqlal - bir millətin namusu və ən böyük sərvəti Ədəbiyyat

İstiqlal - bir millətin namusu və ən böyük sərvəti

Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı
2-ci yazı

Ceyhun Hacıbəyli "Azərbaycan Milli Birlik Məclisi" idarə heyətinin üzvü və məclisin orqanı olan "Azərbaycan" jurnalının (1952-1954) redaktoru olub. Azərbaycan legionerlərinin lideri Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin sədrlik etdiyi "Azərbaycan Milli Birlik Məclisi" mühacirət tarixində qısa, lakin silinməz iz buraxıb. C.Hacıbəyli "Azadlıq" radiosunun yaradıcılarından, Münhendə fəaliyyət göstərən SSRİ-ni öyrənən institutun fəal üzvü olub. O, həmin institutun Parisdə fransızca nəşr etdiyi "Qafqaz" jurnalının Azərbaycan bölməsində gedən yazıları redaktə edib. 1959-cu ildə institutun xətti ilə Ceyhun Hacıbəylinin məşhur "Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları" əsəri çap olunub. Yeri gəlmişkən qeyd edək ki, həmin əsər SSRİ-də böyük-əks səda yaratmış, Sovet İttifaqının rəhbər dairələrində hiddətlə qarşılanıb.
Ceyhun Hacıbəylinin həyat yoldaşı Zəhra Hacıqasım 30 aprel 1893-cü ildə Qubada anadan olub. Həmdulla bəylə, Kazan mənşəli Volqa tatarlarından olan Ayişə xanımın qızıdır. Bakıda rus məktəbində orta təhsil alıb - Bakı Pedaqoji Məktəbini bitirdikdən sonra Petrburqda tibbi təhsil alıb. Zeynalabdın Tağıyevin Müsəlman Qızlar məktəbində 7 il müəllim işləyib. Ceyhun bəy 12 noyabr 1912-ci Zəhra xanımla ailə həyatı qurub. Bu izdivacdan iki körpə - Ceyhun ( 1918-1940) və Timuçin (1920-1993) dünyaya göz açıb. Ali təhsilli zabit olan Ceyhun II Dünya Müharibəsində Fransa Müqavimət Hərəkatının fəalı kimi döyüşlərin birində qəhrəmancasına həlak olub. Timuçin iki dəfə ailə həyatı qurub. Birinci evlilikdən Jan Kleman, ikincidən Benjamin (1990) Hacıbəylilər dünyaya gəliblər. Jan Kleman Paris Ali Milli Konservatoriyasının məzunudur, hazırda musiqi müəllimikimi pedaqoji fəaliyyət göstərir. Jeremi adlı bir öğlu var. Benjamin Lionda riyaziyyat və kompüter elmləri üzrə təhsil alıb, sonra Paris-Saclay Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Ceyhun Hacıbəyli həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda ideoloji mücadiləyə həsr edib. Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktub fikrimizi bir daha təsdiqləyir. Bu gün də aktual səslənən həmin sənədlə bağlı H.Xəzərin "Mücahid" jurnalında "Ceyhun bəyin vəziyyəti" adlı məqaləsi dərc olunmuşdur (N° 53-54, fevral 1963). Müəllif Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzuladığını, hər cür qruplaşmaya qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir ki, onun M.Vəkiloğluna yazdığı "mühacirəti bir yerə toplamağa səy ediniz, bu çox mühümdür" vəsiyyəti də bu istəkdən irəli gəlirdi. Ceyhun bəy bu arzu, ideal və məramla yaşadı, bu istəklə də həyatdan köçdü (1962-ci il). Qəbri qürbətdə - Parisin Sen-Klu qəbiristanlığında, ruhu istiqlalını qazanmış ulu Azərbaycanın səmaları üzərindədir, həsrətlə, bir gün azad olunacağına ümid və inamla ata yurduna-düşmən tapdağında olan Şuşaya boylanır.
C.Hacıbəylinin imzaları haqqında ayrıca bəhs etmək vacibdir. Bu, toxunduğumuz mövzu ətrafında geniş diskussiya açmaq niyyətindən yox, bir tərəfdən Ceyhun bəyin imzası ilə bağlı elmi dövriyyədə mövcud olan bəzi qüsurları aradan qaldırmaq istəyindən, digər tərəfdən zəngin ədəbi, publisistik irsi olan böyük qələm sahibinin mətbuat və ədəbiyyat tariximizdə layiq olduğu qiyməti vermək arzusundan irəli gəlir. Tanınmış jurnalist-tədqiqatçı Qulam Məmmədli 1977-ci ildə "İmzalar" adı ilə nəşr etdirdiyi kitabda yazırdı: "Dağıstani" - Cəmaləddin Məmmədzadə, "Kaspi", "Səda" (səh.32). "Dj.Dağıstani" - Cəmaləddin Məmmədzadə, "Kaspi", 1910-1911 (səh.37).
"C.Dağıstani" - Cəmaləddin Məmmədov, jurnalist" (səh.105). Bir çox tutarlı, təkzibolunmaz faktlar imkan verir ki, "Kaspi" qəzetində "Dağıstani", "Dj.Dağıstani", "C.Dağıstani" imzalarının Cəmaləddin Məmmədzadəyə aid olmadığını söyləyək.
İstanbul təhsilli peşəkar jurnalist C.Məmmədzadə daha çox bolşevik ideyalarının alovlu təbliğatçısı kimi tanınır, "Qoç-Dəvət"in Azərbaycan mətnlərinin redaktəsində iştirak edirdi" (N.Y.Mageyev. İz istorii psevdonimov i anonimov, Bakı, 1977, "Elm" nəşriyyatı, səh.32). "Yeni İrşad" qəzeti C.Məmmədzadənin ölümü münasibəti ilə 1911-ci il 23 oktyabr tarixli 45-ci nömrəsində onu "mətbuatımızın xəstə və ac fəhləsi" adlandırır, "Dani" imzası ilə yazıb-yaradan C.Məmmədzadənin ölümünü "mətbuata və millətə ağır zərbə" kimi qiymətləndirir. C.Məmmədzadə "Səda" ilə də əməkdaşlıq etmiş, ən çətin, ağır yükü öz çiyninə götürmüşdür. O, ömrünün sonunadək bolşevik ideyalarına sadiq olmuş, bu əqidə uğrunda hər cür məhrumiyyətlərə, əzablara dözərək gecə-gündüz çalışmışdır. Təsadüfi deyil ki, mollalar onu "bidin" adlandırırdılar ("Yeni İrşad", 1911, N-45).
Məsələ burasındadır ki, ziyalı və oxucular arasında "Dağıstani" imzası o qədər maraqla qarşılanır və populyar idi ki, Cəmaləddin Məmmədzadə özü bu problemlə bağlı mətbuatda çıxış etməyə məcbur olur: "Məndən isticvab edən (cavab istəyən-T.A) Dağıstanlılara elam ediyorum (bildirirəm- T.A) ki, sabiqdə "Tərəqqi" ruznaməsində və hala "Həqiqət" gaztəsində Dağıstani imzasıyla yazılan məktubat, mənim deyildir. Cəmaləddin ed-Dağıstani " ("Səda" qəzeti, N-66, 28 dekabr 1909). Beləliklə, C.Məmmədzadə bolşevik əqidəli jurnalist olmuş, əsasən "Şərqi-Rus", "Qoç-Dəvət", "Səda" qəzetlərində çalışmış, məqalələrini daha çox "Dani" gizli imzası ilə dərc etdirib. Bütün bunlardan fərqli olaraq, C.Hacıbəyli əsasən, adları çəkilən qəzetlərdən məramına, məqsədinə, məzmununa görə tamamilə seçilən "Kaspi" qəzeti ilə əməkdaşlıq edib. C.Hacıbəylinin dəsti-xətti, toxunduğu mövzular, məsələlərə münasibəti də özünəməxsusluğu ilə seçilir. C.Hacıbəyli "Kaspi"də demək olar ki, bütün yazılarını "Müsəlmanın qeydləri" rubrikası ilə çap etdirib. Bu rubrika isə qəzetin səhifəsindən 1917-ci ilədək (C.Məmmədzadə 1911-ci ildə vəfat etmişdir) düşməyib. C.Hacıbəyli bu müddət ərzində "Kaspi"də D., Dj., D. D.-ni, D.Dağıstani, Ceyhun Dağıstani imzaları ilə yazılar verib.
Dil, üslub, mövzu, digər ciddi faktlar da sübut edir ki, həmin imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Başqa fakt da dediklərimizi bir daha təsdiq edir. "Qəzetin 201-ci sayında (1917-ci il 8 sentyabr) Ceyhun bəyin "Kaspi"nin redaktoruna məktubu dərc edilib. Orada Ceyhun bəy qəzet vasitəsi ilə oxucularına Bakı müsəlman cəmiyyətləri komitəsinin "Xəbərləri"ndə fəaliyyətini dayandırdığını çatdırır və bu barədə Komitə rəhbərlərinə də məlumat verdiyini bildirir. Məktub belə imzalanır: Ceyhun Hacıbəyov (D.Dağıstani). Gətirdiyimiz sonuncu fakt da sübut edir ki, yuxarıda sadalanan imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy 50-ci illərdə qələmə aldığı "İlk Azərbaycan operası necə yarandı" adlı xatirəsində "Kaspi" qəzetində "Cey Dağıstani" ləqəbi ilə ilk məqalələr yazdığını göstərmişdir (Azərbaycan Respublikası S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Mərkəzi Dövlət Arxivi, 643 N-li fondu).
Ceyhun Hacıbəylinin zəngin bədii və publisistik yaradıcılığından bəhs edərkən bu irsin məzmununu, məziyyətlərini, məram və məqsədini daha qabarıq şəkildə diqqətə çatdırılması, dəyərləndirilməsi üçün onun ədəbiyyat və jurnalistika sahəsindəki fəaliyyətinə iki mərhələ kontekstində nəzər salmaq vacibdir: mühacirətəqədərki və mühacirət dövrü.
Birinci dövr fəaliyyəti daha çox maarifçi xarakter daşıyırsa, ikinci dövrdə ideoloji mücadilə və antisovet təbliğat səciyyə üstünlük təşkil edir. Bu fikri C.Hacıbəylinin həm bədii əsərlərinə, həm də publisistikasına şamil etmək olar. Ceyhun bəyin mühacirətəqədərki dövr yaradıcılığında bədii əsərlərindən "Hacı Kərim", yaxud "Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər" povesti, "Doğru cavab", "Tamamilə qənaətbəxşdir", "Pristav ağa", "Bu, elə özüdür", "Zaqafqaziya kəndlisinin həyatından", "Barışmaz ata", "Nümunəvi ata" kimi hekayə və felyetonları diqqəti çəkir. "Hacı Kərim" povestini müəllif 1909-1910-cu illərdə qələmə almış, əvvəlcə hissə-hissə "Kaspi"də dərc etdirmiş, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirmişdir. C.Hacıbəyli sonralar da bu mövzuya qayıdıb, həmin silsilədən olan daha bir neçə hekayə yazıb. "Əziz müəllimim Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanımın xatirəsinə" cümləsi ilə başlayan kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılıb. Bu sətirlərin müəllifi 1995-ci ildə kitabı təkrar nəşr etdirib. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun Hacıbəylinin mühacirətəqədərki həyat və yaradıcılığı 90-cı illərdə ilk dəfə elmi-təbliğat mövzusu kimi tərəfimizdən işləmiş və 1996-cı ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə edilib.
"Hacı Kərim" əsəri kompozisiya baxımından maraqlıdır. Hər biri 6 hekayədən ibarət povest eyni zamanda vahid süjet xəttinə, ideya və məzmuna malikdir. "Hacı Kərimin səhəri", "Zəruri şər", "Hacı Kərim işdə", "Hacı Kərim qonaqlıqda", "Hacı Kərimin romanı", "Hacı Kərimin səfərə hazırlığı" adlı hekayələrdən ibarət əsərin ideyası cəhalətin, qadın hüquqsuzluğunun, təhsilə laqeyd münasibətin, yalançı möminliyin, xəsisliyin... amansız tənqidi, eyni zamanda maarifə, mədəniyyətə yiyələnməyin vacibliyinin təbliğidir. Əsərin baş qəhrəmanı Hacı Kərim xəsislikdə M.F.Axundovun Hacı Qarasından, nadanlıqda C.Məmmədquluzadənin Novruzəlisindən, qadına münasibətində Xudayar bəydən heç də geri qalmır. Hacı Kərimi hiyləgər, yalançı, ikiüzlü tacir, son dərəcə xəsis, qəddar ailə başçısı, savadsız, cahil, simasız, saxta, əməldə yox, sözdə mömin, şorgöz, ailəsinə xəyanət edən, yeri gələndə artistlərin də həsəd apara biləcəyi dərəcədə özünü abırlı, həyalı, sakit, dinməz-söyləməz, dürüst, düzgün göstərə bilən obraz kimi tanıyırıq. Hacı Kərim real tipdirmi? Bəli, XIX əsrin sonu, XX əsrin əvvəllərində Hacı Kərimlərə təkcə Ceyhun Hacıbəylinin qəhrəmanının yaşadığı "Ş" şəhərində yox, Azərbaycanın bütün bölgələrində bu qəbildən olan insanlara rast gəlmək olardı. Təsadüfi deyil ki, M.F.Axundovdan üzü bu yana yazıçıların əsərlərində Hacı Kərimin bu və ya digər keyfiyyətlərini özündə birləşdirən çox sayda qəhrəmanlar var. Doğrudur, C.Hacıbəylinin bu əsərində tənqid realistlərə xas olan öldürücü, ifşaedici, sarkastik satira aparıcı deyil: müəllifin tənqidi gülüşü xəfif bir təbəssümü xatırladır, öz qəhrəmanından daha çox onu yetirən mühiti qınayır.

Abid Tahirli