ABDULLA QƏDİRİ: müasir özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan sənətkar Ədəbiyyat

ABDULLA QƏDİRİ: müasir özbək ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan sənətkar

08 May

2-ci yazı

A.Qədirinin tarixi mövzuda yazdığı əsərlərindən biri də “Mehrab əqrəbi”dir. Əsərdə müəllif tarixi hadisələrə sadiq qalıb, Türküstan xanı Xudayar xanın sarayında baş vermiş amansızlıqları qələmə alıb. A.Qədiri 1928-ci il fevralın 5-də əsərin mövzusu ilə bağlı yazmış olduğu yazısında öz fikrini belə açıqlayır: “Türküstan feodallarının axırıncı nümayəndəsi Xudayar xanın, öz ehtirasları yolunda dehqanların və yoxsul sinfinin mənafeyini qurban verməsi, məmləkətin gəlin-qızlarını öz hərəmxanasının kənizinə çevirməsi, buna qarşı çıxanlara isə amansız divan tutması romanın əsas mövzusudur”. Təbii ki, müəllif öz planını həyata keçirərkən dövrün ictimai-siyasi səciyyəsini qabarıq şəkildə verə bilib. Bunun üçün birinci növbədə çarpışan, mübarizə aparan qüvvələrin real təsvirinə daha çox yer ayırır və öz qəhrəmanlarını belə xarakterizə edir: “Xudayarın bu yolda birinci istinadgahı olan üləmaları, onların əhval-ruhiyyəsini, əxlaqını, mədrəsə və ailə həyatını, zalımlıqlarını son dərəcə kiçik bir kitabın imkanı daxilində qələmə alıram. Bunlar mənim romanımın mənfi qəhrəmanlarıdır. Bu qara qüvvələrin qarşısında məzlum sinfin nümayəndələri ruhanilərə, xan üsuli-idarəsinə qarşı səsini ucaldan əxlaqlı və bir-birini müdafiə etməyə hazır olan vicdanlı zəhmət adamları, yoxsullar dayanır”.

“Mehrab əqrəbi” romanının baş qəhrəmanı Ənvərdir. Əsərdə Ənvərin uşaqlıq dövründən müəyyən haşiyələr çıxılsa da, əsasən onun sarayda işlədiyi dövrlər daha çox diqqət mərkəzində saxlanılıb. O, xeyirxah adamdır. Dostluqda sədaqətlidir. Hələ mədrəsədə oxuyarkən sinif yoldaşı Nəsimi ilə dostluğu və çiçək xəstəliyindən ölən Nəsiminin Ənvərin qəlbində oyatdığı kədər bilavasitə onun səmimi və vəfalılığından xəbər verir. Vaxt elə gətirir ki, o sarayda mirzə, bir müddətdən sonra isə baş mirzə olur. Əslində müəllif burada iki böyük fərqdən, iki böyük əksliklərdən söhbət açır. Bir tərəfdə Xudayar xan və onun tərəfdarları, digər tərəfdə öz əməli ilə bir neçə adamın rəğbətini qazanan xeyirxah Ənvər. Müəllif Ənvərin sarayda baş mirzə təyin olunması ilə heç də demək istəmir ki, Xudayar xan yaxşı, xalq üçün can yandıran adamları sarayda irəli çəkir.

Yazıçı bu fakta olduqca təbii don geyindirir. Onun saraya baş mirzə təyin olunması sarayda işıqlı düşüncə sahiblərinə meydan verilməsinə yox, sadəcə Xudayar xanın idarəçilik aparatının çevik fəaliyyətinə xidmət məqsədi güdürdü. Çünki Xudayar xan Ənvərin işə məsuliyyətini və savadlı fərmanlar yazılmasını nəzərə alıb bu addımı atır. Xanın nəzərində belədir ki, Ənvərdən başqa heç kəs bu işin öhdəsindən gələ bilməz. Demək, xan bu addımı atanda onun xalqa verəcəyi xeyri yox, öz işinin operativliyini nəzərə alır. Ona görə də ilk əvvəllər Ənvər baş mirzə təyin olunmaq barədə söz-söhbətləri eşidəndə öz fikirlərini belə ifadə edir: “Baş mirzə olsam, özüm xalqın iztirabları dəryasına girməli olaram. Axı, mən bütün bu işlərdə iştirak etməyə məcburam. Xana yaranmaq xatirinə mən bir çox işləri onun istədiyi şəkildə təqdim etməli olacağam”.

Ənvər baş mirzə təyin olunduqdan sonra böyük ziddiyyətlərlə qarşılaşır. Əsərin həmin hissəsinə qədər sarayda baş vermiş qanunsuzluqlardan söz açılmır. Yazıçı Ənvərdən sarayı işıqlandırmaq üçün bir vasitə kimi də istifadə edir. Biz onun yüksək posta təyinatından sonra hakimiyyət ziddiyyətləri ilə, sarayın iyrənc siyasəti ilə tanış oluruq. Ənvər baş mirzə olduqdan sonra da öz əvvəlki dostları olan sadə zəhmət adamları ilə əlaqəsini kəsmir. Məsələn, Bezçi Səfərlə onun davam edən dostluğu buna misal ola bilər. Digər tərəfdən o, şikayətə gələn zəhmətkeş adamlara qayğı ilə yanaşır. Ümumiyyətlə, saray onu dəyişdirə, başqalaşdıra bilmir. Əksinə o, əvvəlki həyat yolu və idealına sadiq qalır.

Müəllif əsərdə hadisələri get-gedə gərginləşdirir. Ənvərin saraya olan nifrəti çoxalmağa başlayır. O, baş mirzə vəzifəsindən uzaqlaşmaq istəyir. Birinci növbədə vəzifəyə təyin olunduqdan sonra zəhmətkeşlərin acınacaqlı həyat tərzi ilə yaxından tanışlığı, sarayda əsassız intriqaların mövcudluğu onu saraydan iyrəndirir. Müəllif əsərdə sarayı bir tora bənzədir. Əslində bütün yuxarıdakıları bilə-bilə Ənvərin oradan vaxtında uzaqlaşa bilməməsini yazıçı, onun tora düşməsi kimi xarakterizə edir. Başqalarını saray fitnələrindən qorumaq fikrində olan Ənvər özü bu fitnələrin qurbanı olur. Nişanlısı Rəna bədxahları tərəfindən qadın düşkünü Xudayar xana nişan verilir. Xan təcili olaraq qızın atası Saleh Məxduma elçi göndərir. Saleh Məxdum xan qaynatası olmağı daha üstün hesab edir və qızın rəyini nəzərə almadan razılıq verir. Ənvərin möhnəti, əzabı, gərginliyi bu hadisədən sonra son həddə çatır. İlk anlarda bu hadisəyə zahirən reaksiya verməyən Ənvər, əslində daxilən sarsıntı keçirir: “Ənvər özünü qəribə aparırdı. Onun üzündə həyəcandan bir əlamət də yox idi. Sultanəli hər vasitə ilə ona təskinlik verməyə çalışır. Ənvər isə ona qısaca cavab verir, başını tərpədərək sanki onun bütün dedikləri ilə razılaşdığını bildirirdi”.

Heç kimə bu barədə bir söz deməyən Ənvər kin və küdurətini içində boğur. Göründüyü kimi, A.Qədiri burada da təbii və inandırıcı yol seçib. Yəni yazıçı bu hadisədən sonra göstərə bilərdi ki, Ənvər kəskin şəkildə etiraz edir, xana qarşı kəskin ittihamlar irəli sürür. Lakin təsvir olunan dövrdə xanın mütləq ixtiyar sahibi və amansız, qəddar, qaniçənliyi nəzərə çarpdığından Ənvərin etirazları təbiilikdən uzaqda dayanar və əsərin dəyəri aşağı düşərdi. Biz əsərin sonunda Rənanın Ənvərə qoşulub Sultanəlinin evinə gəldiyini görürük. Sultanəli Xudayar xanın qəzəbinə düçar olur. Ənvərin üzə çıxmayacağı tərzdə asılacağı bildirilir. Ənvər buna görə saraya gəlir və dostunu bu bəladan xilas edir. Yazıçı bu hissədə Ənvərin dostluqda sədaqətli olmasını nümayiş etdirir.

“Mehrab əqrəbi” romanında ən maraq doğuran yerlərdən biri Ənvərin məcburiyyət ucbatından saraya gəlişini göstərən səhnədir. Biz burada Ənvərin mərd, qorxmaz, ölümün üzünə açıq baxan bir şəxsiyyət olduğunun canlı şahidi oluruq. Son anda Ənvərin qardaşı Kabilbayın köməyi nəticəsində ölümdən xilas olur və öz sevimli Rənası ilə Daşkənd şəhərinə qaçır. A.Qədiri romanı bu sonluqla qurtarır. Lakin romana Mirzə Ənvərin həyatının sonrakı taleyi barədə əlavə olduqca maraqlıdır. Bu hissədə müəllif öz atasının şahidliyini əsas götürərək Mirzə Ənvərin Daşkənddə Rəna ilə evlənməsi, hansı şəraitdə və necə yaşaması barədə maraqlı məlumatlar verir. Hətta atasının Ənvərlə Rənanın kəbin mərasimində iştirak etdiyini də bildirir. Müəllif qeyd edir ki, Ənvər Xudayar xandan əhv aldıqdan sonra Kokanda qayıdır. Elə bu hadisədən sonra A.Qədiri Mirzə Ənvərin həyatı ilə bağlı iki fakta münasibətini bildirir. Bunlardan biri odur ki, guya Xudayar xan Ənvərə yalançı əhv göndərib, Kokanda qayıdan kimi onu edam etdirib. Digəri isə ondan ibarətdir ki, Mirzə Ənvər Kokanda gedəndən sonra uzun müddət yaşayıb və öz əcəli ilə ölüb. A.Qədiri bunları nəzərə alıb Ənvərin həyat sərgüzəştlərini qeyri-müəyyən bitirməyə məcbur olduğunu qeyd edir. Bu özü də yazıçının əsərin əvvəlində dediyi kimi fakt və hadisələrə məsuliyyətlə yanaşmasından irəli gəlir.

Əsərin digər mərkəzi obrazı Rənadır. Müəllif Rənanın doğulub boya-başa çatdığı ev və mühit haqqında ətraflı məlumat verir. O, Saleh Məxdumun qızıdır. Ailənin ən böyük övladıdır. Buna görə də ev və məişət qayğıları onu daha çox məşğul edib. Əsərdə Rənanın zahiri gözəlliyi ilə daxili gözəlliyi vəhdət təşkil edir. Müəllif onun zahiri gözəlliyini belə ifadə edir: “Rənanın üzündəki zərif tüklər belə qızılı idi. Rənanın saçlarının rəngi kölgədə göyümtül-qara, günəşdə isə açıq-qızılı parıltı saçırdı. Bu parıltı onun gözlərində, o, diqqətlə cizə baxanda da görünürdü. Bu zaman gözlərdəki qaralıq yumşalır və onlardan nur saçılırdı. Onun kirpikləri elə sıxdır ki, gözlərinin altına elə bil sürmə çəkilib”. Bütün bunlardan sonra roman müəllifi öz qəhrəmanı haqqında geniş məlumat verir. Və bu məlumatda biz 17 yaşlı qızın kimliyini tam şəkildə öyrənə bilirik.

Rəna 14 yaşında ikən ibtidai məktəbi bitirir. O, təhsilini əsasən atasının məktəbində alır. Rəna dini kitablardan “Quran”ı, “Məsləki müttəqini”, “Sufi Allahyarı”, “Cahar kitabı” və başqalarını oxuyur. Rəna eyni zamanda Füzulini, Hafizi, Sədini, Bedili və bir çox Şərq mütəfəkkir sənətkarlarını oxuyub öyrənir. Rəna şeiri sevməklə yanaşı, özü də şeir yazır. Bütün bunlar onu göstərir ki, Rəna həyatı bilən, ayıq, yüksək əxlaqi keyfiyyətlərə malik qızdır. Rənanı Ənvərə sevdirən cəhətdə elə bunlardır. Öz növbəsində Rəna da Ənvəri dərin məhəbbətlə sevir. Ümumiyyətlə, Ənvərlə özünün gələcək taleyi onu daim düşündürür. Bu yolda Rəna üzərinə düşən məsuliyyətini hər an hiss edir. Rəna həm də cəsarətlidir. O, çətin məqamda özünü itirmir. Bu baxımdan Rəna “Ötən günlər” romanında olan Gümüşdən kəskin şəkildə fərqlənir. Yəni o, Gümüşdən qat-qat tədbirli, cəsarətli və cürətlidir. Rəna sevdiyi Ənvərlə ən çətin şəraitlərdə qalmağa, vəziyyətdən çıxış xatirinə hər cür hərəkət etməyə hazırdır. Ona görə də Rəna son anda öz məqsədinə çatır.

Romanda müsbət obrazlar sırasında Sultanəli, bezçi Səfər, Rəhim, Şərif, Kabilbayın adları xüsusi çəkilir. Müəllif onların hər birinə fərdi yanaşmış, bu obrazların xarakter xüsusiyyətlərindən söhbət açmışdır. Nəticədə adları çəkilən hər bir şəxsin fəaliyyəti, şəxsiyyəti, həyat məramları tam mənada açıqlanıb.

Ümumiyyətlə, “Mehrab əqrəbi” romanı yüksək ideya-məzmunu və bədii xüsusiyyətləri ilə seçilən əsərdir. Əsərdə süjet ardıcıllığı və dra- matiklik qarşıya qoyulan məqsədin açılma və aşılanmasında müstəsna rol oynayır. “Mehrab əqrəbi” romanı özbək ədəbiyyatında ən böyük ədəbi hadisələrdən biri kimi qeyd olunub.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor