Dövlətməmməd Azadi: klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biri Ədəbiyyat

Dövlətməmməd Azadi: klassik türkmən ədəbiyyatının görkəmli sənətkarlarından biri

3-cü yazı

Azadi əhli-elmi daim axtarışda, çalışqanlıqda görmək istəyir. O, belə hesab edir ki, əgər alim öz elmini daim artırmırsa onun hərəkəti Allaha üsyana bərabərdir. Buna görə də əsərin 1755, 1756, 1757-ci beytlərində biəməl alimlər pislənilir, onların məşhər günü əzab-əziyyətə qatlaşacaqları, cəhənnəm odunda yanacaqları barədə xəbərdarlıq edilir.
Əsərdə əsl alimlər haqq yolunun yolçusu, əməli dürüst, Allah məqamında yeri olan insan kimi təqdir olunur. Elmi qiyməti bilinməyən gövhər, cahilliyi dərmanı olmayan dərd kimi dəyərləndirən Dövlətməmməd Azadi bir sufi, eyni zamanda orta əsrlər maarifçisi olaraq Nizami Gəncəvidən üzü bəri türk düşüncəsində ən uca məqamda yer verilmiş alimlərə olan diqqət və rəğbətini ifadə edir, elmsiz cəmiyyəti cəhənnəmə bənzədir.
“Vəzi-Azad” əsərinin sonuncu-dördüncü babı da haqq yolçuları olan dərvişlərlə bağlıdır. Şair ilk olaraq dərvişlərin kimliyinə aydınlıq gətirir. O, dərvişləri “könlü dolu”, “haqq yolçusu”, “haqq yolunda nəfsinə qalib gələn”, “Tanrı verəninə qane olan” və s. kimi səciyyələndirir, onları rəhminə, səbrinə və həyalarına görə Allahın dostu hesab edir. Dərvişlərin həm düşüncə, həm amal, həm də əməl baxımından qeyri-adiliyi əsərdə irfani müstəvidə təqdim olunur. Aşağıdakı parçada şərtilik daxilində bu cür mənalandırılmanı görməmək mümkün deyil.

Könlü onun bəlkə beytullah ola,
Zikri-fikri, sanışı Allah ola.
Həm görər gözü onun Tanrı bilə,
Eşidər qulaqları Tanrı bilə.
Qolları onun xuda birlə tutar,
Həm ayaqları onunla seyr edər.
Dillərində sözləri haqdan gələr,
Xeyri-şər nə kim nəfəs qılsa bular.

Azadi şəriət və təriqət yolçularını eyni zamanda axirət aşiqləri hesab edir. Şair bu yanaşması ilə insanları din yoluna təşviq edir. Cəmiyyətin nicatını Allah eşqinə bağlılıqda görür:

Axirətin qıl-nikahın ixtiyar,
Hər iki aləmdə olasan bəxtiyar.
Könlünü var axirətə bağlagil
Arizi qıl hər dəm onu ağlagil.

Əsərdə peyğəmbərə ünvanlanan “bəs fəqir nədir?” sualına peyğəmbərin “bir xəzinədir, Tanrının xəzinələrindən” (2095-2096-cı beytlər) cavabında təsəvvüf məqamı aydın görünür. Şübhəsiz, burada irfani və dünyəvi paralelliyi danmaq mümkün deyil. Məsələn;

Bir fəqirə bir kişi yetmiş qədəm,
Atsa ol qılsa ziyarət biləm.
Həcci-məqbulun səvabın dər zaman,
Yazar Allah olara, tutma güman.
Olara hər kim təvazö eyləsə.
Lütf edib ya bir şirin söz söyləsə.
Haqq verər olara ulu mərtəbə
Yetirər oları ali mənsəbə.

Dövlətməhəmməd Azadinin “Beş namaz”, “Behiştnamə” və “Cabir Ənsar” poemalannm əsasını dini dəyərlər təşkil edir. Bu əsərlər içərisində həcm etibarilə ən böyüyü “Behiştnamə”dir. 1756-1757ci illərdə yazılmış “Behiştnamə” 984 misradan ibarətdir. Şair “Vəzi-Azad” əsərində olduğu kimi bu poemanın sonunda “Behiştnamə”nin yazılma tarixini qeyd edir:

Behəmdulla tamam oldu bu takrur,
Ki min yüz yetmiş olmuş ərdi tahrur,
“Behiştnamə” qoyuldu iş buna ad,
Düz etmiş nəzm onu miskin Azad.

“Bismillahir-rəhmani-rəhim”lə başlayan poemada ilk olaraq dünyanı yaratdığına, sütunsuz asimanları qurduğuna görə Allaha şükürlər olunur. Bu hissədə kainatda mövcud olan bütün varidatlar Allahın möcüzəsi hesab edilir. Əsər vahid süjet ətrafında qurulmayıb. Lakin yeri gəldikcə cənnət, namaz, insanın vacib əməlləri, paklıq, təmizlik və s. barədə fikirlər poemadaxili mətnlərdə əksini tapır. Bu fikirlərə Peyğəmbər, Cəbrayıl, mələklər, o cümlədən şairin öz yanaşmalarında aydınlıq gətirilir. Məhz onların dili ilə merac səfəri, namazın savabı, cənnət təbəqələri və s. ilə bağlı verilən izahatlar oxucunun dini görüşlərinin genişlənməsinə təsir göstərməklə yanaşı, qəlblərini Allah nuru ilə doldurur, islam əxlaqının möhkəmlənməsinə kömək edir. Məsələn, namazla əlaqədar fikirləri əks etdirən nümunələrə nəzər salaq:

Tamam işlər başı bilgil namazı,
Namaz açay səkkiz cənnətdə yazı,
Namazsız qullara ol gün zemistan,
İşi düşvar, açılmaz bəndi-zindan,
Xudavəndə, müsəlman eylə bizi,
Muvahhut əhli-iman eylə bizi.
Yaman yoldan, yaman yoldaşdan, ey Haqq,
Sənə ismarladım işimi mutlaq.
Çəkər mən hər zaman dərd ilə ahu,
Bu ahum qılma bihuda, İlahi,
Xəbər içrə Rəsuldan dür saçıldı,
Oyandı can, könüldən zən açıldı.

“Behiştnamə” əsərinin əhəmiyyəti ondadır ki, cənnətin insan düşüncəsində olan mücərrəd modeli dəyişərək, real (görüntülü) modellə əvəzlənir. İnsan haqq yolunu həm dərk edir, həm də əməllərində təsdiqləməyə çalışır. Bizə elə gəlir ki, əsərin son hissəsində verilmiş - Behişt vəsfi tamam oldu bu yerdə, Salam məndən yetişsin əhli-dərdə -
misralarında şairin qarşısına qoyduğu məqsədə çatdığına işarə edən məmnunluq əlamətlərini də görmək olar.
Dövlətməmməd Azadi əsərin dili ilə bağlı maraqlı fikirlər söyləyir. O, əsəri ərəb və ya fars dilində deyil, türk dilində yazması ilə fəxr duyur:

Ərəb, fars dilinə danışım yox,
Ərəblər, farslar birlən işim yox
Bu türkü yarlara nəzm düzetdim,
Doğa birlə anarlar deyib, göz etdim.
Mənə eyib etməyiz, ey türki yaran,
Çıxar ot kəmtəri kəm düşsə baran.
Bu ağlım erdigin nəzm etdim uşda,
Pərişandır könlün yüz min işdə.

“Beş namaz” məsnəvisi Dövlətməmməd Azadi yaradıcılığı üçün xarakterik olan dini mövzuya həsr edilib. Əsər boyu dünyanı yaradan, Allaha şükür edən insan obrazı canlandırılır. Bildiyimiz kimi, dini təlimlərdə insanın Allah qarşısında şükrünün başlanğıcında ibadət dayanır. Bu cəhəti əsərdə önə çəkən müəllif Allah əmri ilə müsəlmana buyrulan namazın vacibliyini belə təqdim edir:

Beş namazın ol cahan içrə səni
Məqsədinə yetirən, qoyma onu.
Beş namaz hər din öyünün nurudur,
Beş namaz uçmaq içinin hüyrüdür,
Beş namazın zinəti-dünyayi-din,
Beş namaz qıl, din öyün saxla əmin.

Maraqlıdır ki, Azadi namaz ibadətinin savabından söz açdığı kimi, bu əməli yerinə yetirməyən bəndənin qazandığı günahları da nəzərə çatdırır. Şair namaz qılmayan insanı iblislə həmrəy hesab edir:

Beş namazı nə üçün xar eylədin,
Özünü iblis ilə yar eylədin.
Gər namazın vəqti girsə, ey cavan,
Dağıdar ləşkərini iblis həmən.
Ləşkəri-iblis bu xalq içrə gələr,
Hər birin bir iş bilə məşğul qılar.

Bu əsərdə bütün dini fikirlər namaz ətrafında cərəyan edir. Namaz qılmağı insanın zinəti, Allah nuru ilə qəlbinin doldurulması hesab edən şair bu əməldən uzaq olanların günahlarını yuxarıda deyilənlərdən fərqli olaraq başqa şəkildə də ifadə edir. Azadi qeyd edir ki, hər kəs beş namazın birini icra etmirsə, o, özünə bıçaqsız qəsd edir, ikisini icra etmirsə, peyğəmbərlər “varını öldürür”, üçünü qılmırsa, Kəbəni viran eləyir, dördünü yerinə yetirmirsə, “anasına zina edir”, beşindən də imtina edirsə, Tanrı qəzəbinə tuş gəlir və Tanrının “cahandan çıx” hökmü ilə üz-üzə qalır. “Vəzi-Azad” və “Behiştnamə” poemalarından fərqli olaraq “Beş namaz” əsərində poemanın nə adı, nə də yazıldığı il göstərilməyib. Əsər namazla bağlı ideyaların təbliğinə həsr olunduğu üçün tədqiqatçılar tərəfindən “Beş namaz” adlandırılıb.
Dövlətməmməd Azadinin məsnəvi formasında yazılmış, şəxsən özünün “Hekayət” adlandırdığı əsəri də dini mövzudadır. 918 misradan ibarət olan bu əsər şairin digər poemalarına uyğun olaraq dini mövzuları əhatə edir. Əsərdə məzmun hekayətlərə uyğun təqdim olunur. Burada müxtəlif mövzulu hekayətlərə yer verilsə də məzmun vahid ideyaya xidmət göstərir: Allah qüdrət sahibidir, hər şey onun iradəsindədir, insanın əbədi aləm nicatı Allah iradəsinə tabe olmasındadır. Əsərin “Yeddi qat göyün bəyanı”, “Yeddi qat yer bəyanı”, “Canlarmənzilinin bəyanı” “Elmin fəzilətinin bəyanı”, “Qəbir əzabının bəyanı”, “Övliyaların kə-ramətinin bəyanı”, “Peyğəmbərin ata-anasının bəyanı”, “Şeytanın düşmənçiliyini bəyanı” və s. bölümlərində şair bir çox məsələlərə İslam ideologiyası daxilində münasibət bildirmiş və insanların dini ideyalarla zənginləşməsində əvəzsiz rol oynayıb.
Dövlətməmməd Azadi zəmanəsinin bir lirik şairi olaraq klassik şeir ölçüləri daxilində qələmini sınaqdan çıxarıb, qəzəl, mürəbbe, rübai və s. müəllifi kimi ədəbiyyat tarixində özünəməxsus yer tutub. Onun rübailəri lirik-fəlsəfi xüsusiyyətlərinə görə klassik tələblərə cavab versə də, dövran və zamandan şikayət motivinə görə fərqlidir. Əgər Ö.Xəyyam və Məhsəti rübailərində fələkdən şikayət motivi diqqət mərkəzində saxlanılırsa, Azadi rübailərində demək olar ki, müəyyən istisnalıqla bu hal müşahidə olunmur. Çünki Azadi yaradıcılığında əsas yeri cəmiyyət ziddiyyətləri, qeyri-bərabərlik motivi tutmur. Düzdür, onun yaradıcılığında bu halın sətiraltı məqamlarının mövcudluğunu inkar etmək olmaz.
Azadinin qəzəl yaradıcılığı olduqca azdır. O, qəzəllərində ilahi eşqi tərənnüm edir, aşiq-məşuq modelində sufiyanə tərzi daha çox qabardır. Şair “İqbal bilə”, “Dağ, hey”, “Dözər” və s. qəzəllərində aşiqləri eşq odunda yandırmaqla onları “öz dünyalarının” sakinlərinə çevirir və məqsədlərinə çatmış aşiqləri dünyanın xoşbəxti hesab edir.

Kim yansa eşq oduna, dünyadan əlin üzər,
Haqdan gələn bəlaya səbr əhliyali dözər.
Eşq odu bir od bolup, bolmaz tütün ol odda,
Məşuqunun sayasi hər düşən şayi, guzar.
Aşiqlərin məşuqu cilvənəmə eyləyir,
Aşiq görsə məşuqun barundan bolar bizar.

Azadi “Ya Rəbb, yetiş fəryadıma” şeirində yaradıcılıq idealına sadiq qalaraq dini dəyərlərə yer ayırmış, fikirlərini də bu aspektdə nəzərə çatdırıb. Məsələn,

Hərçəndu bədkar olmuşam,
Aşüftə-əfkar olmuşam.
Əhvindən ümid qılmışam,
Ya Rəbb, yetiş fəryadıma.
Mən bilmədim bəhbidimi,
Leyk üzmədim ümidimi.
Görsət mana maksudumu,
Ya Rəbb, yetiş fəryadıma.

Klassik türkmən ədəbiyyatında özünəməxsus yeri olan Dövlətməmməd Azadi yaradıcılığı türk-İslam mədəniyyətinin inkişafında mühüm rol oynayıb, özündən sonrakı ədəbi nəsillərin sənətinə təsirsiz ötüşməyib. 

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor