İraq-türkman ədəbiyyatı -  2-ci yazı Ədəbiyyat

İraq-türkman ədəbiyyatı -  2-ci yazı

Əbdüllətif Bəndəroğlu bədii və elmi əsərlərdən ibarət 36 kitabın müəllifidir. “Günəş şərqisi” (1969), “Yurd torpağı” (1971), “Gurgur baba” (1973), “Şərq insanları” (1975), “Qərənfil” (1977), “Yolun sonunadək” (2002), “Gecənin qanayan yarası” (2003) və s. kitabları Bəndəroğlunun zəngin bədii irsə sahib olmasından xəbər verir. 1972-ci ildə İraq neftinin milliləşdirilməsi münasibətilə Ə.Bəndəroğlunun yazmış olduğu “Gurgur baba” poeması dahi Azərbaycan şairi M.Şəhriyarın “Heydərbabaya salam” poemasına nəzirə kimi əhəmiyyətlidir.
Ə.Bəndəroğlu eyni zamanda bir tədqiqatçı olaraq Azərbaycan və Kərkük ədəbiyyatı problemlərini (“Türkmən şairi Füzuli Bayatlı”, “İmadəddin Nəsimi əl-Bağdadi”, “İraq-Türkman ədəbiyyatı yolunda bir addım”, “Azərbaycan şeiri”, “Ata sözlərimiz”) araşdırıb, Azərbaycan və İraq-türkman elminə müəyyən faydalar verib. Onu da qeyd edək ki, Ə.Bəndəroğlunun Azərbaycanla sıx əlaqələrinin qurulmasında, möhkəmlənməsində və davamlı olmasında Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi prof. Qəzənfər Paşayevin böyük rolu olub. Ə.Bəndəroğlu 2008-ci il fevralın 2-də Omanda ürək əməliyyatı zamanı vəfat edib.
Əbdüllətif Bəndəroğlu bədii yaradıcılığı ilə müasir İraq-türkman ədəbiyyatının inkişafında mühüm rol oynayıb, ərəb dünyasında dilimizin bədii imkanlarının genişlənməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Bildiyimiz kimi, türkmanların İraqda məskunlaşmasının tarixi təxminən VII əsrə gedib çıxır. Tarixdə türkmanların Türküstandan Azərbaycana, Azərbaycandan isə İraqa gəlmələri haqqında xeyli məlumatlar mövcuddur. İraq türkmanları oğuz qrupuna daxil olan tayfa hesab edilir.
Ə.Bəndəroğlu bir sıra araşdırmalarında türkmanların tarixindən bəhs açıb, onların dili (“İraq-türkman dili, Bağdad, 1977”), ədəbiyyatı (“İraq-türkman ədəbiyyatı yolunda bir addım”, Bağdad, 1962; “Ata sözlərimiz”, Bağdad, 1988; “İraq-türkman ədəbiyyatına bir baxış”, Bağdad, 1988) ilə bağlı tədqiqlər aparmış və dəyərli fikirlər söyləyib. Əbdüllətif Bəndəroğlu yaradıcılığının ilk dövrü XX əsrin 50-60-cı illərini əhatə edir. O, yaradıcılığının ilk mərhələsində Nazim Hikmətdən daha çox təsirlənib. Əbdüllətif Bəndəroğlu bu mərhələdə Nazim Hikmət kimi xalqının taleyini daha çox düşünüb, haqsızlığa qarşı mübarizə və hürriyyətə çağırış ruhlu şeirlər yazıb. Bununla yanaşı Əblüllətif Bəndəroğlu Nazim Hikmətin “Kərəm kimi”, “Günəşi içənlərin türküsü”, “Ceviz ağacı” və s. şeirlərinin ruhunu və formasını saxlamaq şərtilə özünün “Qardaşım Əli”, “Günəş türküsü”, “Fərqində” və s. şeirlərini qələmə alıb. Məsələn, Nazim Hikmətin 1957-ci ildə yazdığı “Ceviz ağacı” şeirindəki:

Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Yarpaqlarım suda balıq kimi qıvıl-qıvıl,
Yarpaqlarım ipək dəsmal kimi tırıl-tırıl,
Qopararaq, gülüm, gözlərinin yaşını sil.
...Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun fərqindəsən, nə də polis fərqində

- misralarının təsiri Əbdüllətif Bəndəroğlunun “Fərqində” adlı şeirində aşağıdakı kimidir:

Mən bir xurma ağacıyam
Millət parkında
Budaqlarım qurumuş, salxımlarım tökülmüş,
Köklərim torpaq altında.
Nə sən bunun fərqindəsən,
Nə dostlarım,
Nə də məni arayanlar fərqində.

Ə.Bəndəroğlu istər elmi, istərsə də bədii yaradıcılığında bir türkman olaraq millətinə, yurduna və dilinə xüsusi sevgi nümayiş edib. Bu sevgi onun poeziyasının ana xəttini təşkil edir.
Şair “İnsan və torpaq” şeirində layiqli vətəndaş kimi torpağa bağlılıq hissini nümayiş etdirib, öz varlığının topaqdan güc aldığını dilə gətirib:

Dağ-dərələr keçən insan,
Dənizləri aşan insan,
İldırım tək çaxan insan
Yaşar yenə torpağında.

“Doğu insanları”, “Unut buludu”, “Müqəddəs vətənim”, “Yıldız-yıldız”, “Yalımlı sevda”, “Evrəni qucaqlayan sevgi” və s. şeirlərində şairin vətənpərvərlik duyğuları tərənnüm olunur:

Ey müqəddəs vətənim, sənsən edən heyran bizi,
Canladan, həm parladan, təqdir edən insan bizi.
Xalqımız istər hər dəm hürr yaşasın, baş əyməsin,
Etməsin istismar qurşunları pərişan bizi.
(“Müqəddəs vətənim”)

Vətəni azad görmək istəyi Əbdüllətif Bəndəroğlu yaradıcılığında aparıcı mövzulardan biridir. Bu səbəbdən yadellilərin təcavüzünə, talan siyasətinə qarşı banşmazlıq və nifrət onun çoxsaylı şeirlərinin qayəsini təşkil edir:

Yırtıcı qurdların gözləri izimdə,
Əkməgim,
suyum,
petrolum
Yenə də onların ağzında.
(“Qurdların gözü”)
və yaxud,
Qapımızın önündən keçər dəmir yolları,
Qudurmuş itlər də,
Azmış atlar da,
Qapımızın önündən keçər.
Qapımız dəmir yollarına bağlı Qapımız dəmirlə döyülür.
(“Dəmir yolları”)

“Bir iraqlı türkmanam” şeirində şair elinin, dilinin, mənəvi dəyərlərinin və s. qorunması uğrunda mübarizə aparan, yurd üçün şəhid olan igidlərin ruhu qarşısında baş əyən, türkün şərəfli tarixindən qürur duyan bir vətənpərvər türkman obrazında çıxış edir:

Bir İraq əsgəriyəm,
bir oğuz boyundanam,
Mən Kərkükün oğluyam,
adım nəysə yaz mənim,
Bu adımı saxlama
Gəncliyin anlamını
İyicə bilməliyiz.
Sökülməyən sel kimi
Bu yerdə durmalıyız.
Ya igid, ya da şəhid
Yurdumuzun uğrunda
Fədakar olmalıyız.

Ə.Bəndəroğlu bir sıra şeirlərində bir vətənpərvər olaraq igidlik məfkurəsini, torpaq sevgisi ilə yaşamaq idealını önə çəkir:
Biz
Yalnız dağların
İgidlik məsləkini
Əmən insanlarız.
Torpağımızın Eşqiylə
Yaşayıb ölənləriz.
(“Biz”)
Qan damardan axsa da, s
əndən başqa kimsəni,
İnan sevməm, ey yurdum.

“Mən İraqlı türkmənəm” şeirində isə Kərkük bir qədim yurd yeri olaraq milli ruhun, gələcəyə inamın, mübarizliyin və əyilməzliyin daşıyıcısı kimi təqdim olunur:

İçimdəki həsrətim,
İçində yaşar Kərkük. 
Analar ninnisiylə
Oyanır, yatar Kərkük.
Gurgur baba ağlasa,
Silkinib qaçar Kərkük.
İldırımı dünyaya
Alovla çaxar Kərkük.

Ə.Bəndəroğlu poeziyasında ana dili sevgisi xüsusi bir yer alır. “Öz dilim”, “Gənclik böyük sərmayədir”, “Oyanmaq”, “Sevə-sevə”, “Ana dili” və s. şeirlərində şair özünün doğma dil sevgisini ifadə edir, ana südüylə ruhuna hakim olan doğma dili varlığının əsası kimi göstərir:

Ana dilini sevmək,
Ana qucağını sevməkdir,
Yaşamın ilk günlərində.
Ana dilini sevmək Yenidən yaşamaqdır,
Yaşamın son günlərində.
(“Ana dili”)

və ya:

Sən bütün şeylərdən Fərqlisən.
Sən analarımızın südündəki Bəyazlıqsan.
Sən varlığımızsan,
Biz də səninlə varıq.

Əbdüllətif Bəndəroğlunun bədii yaradıcılığında Azərbaycan mövzusu və Azərbaycan sevgisi xüsusi yer tutur. Görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev Əbdüllətif Bəndəroğlunun Azərbaycanla əlaqələrini yüksək dəyərləndirib, onu İraqda-Kərkük diyarında mədəniyyətimizin, dilimizin və ədəbiyyatımızın yorulmaq bilməyən fədakar təbliğatçısı və tədqiqatçısı hesab edib.
Əbdüllətif Bəndəroğlunun Azərbaycanla bağlı yazdığı ilk poeziya nümunəsi onun Bakını görmək həsrəti ilə 1961-ci ildə qələmə aldığı “Bakıya həsrətlərim” adlı şeiridir:

İçimdə sönməz, yanar,
Şiddətlə şövq Bakıya.
Yoldaşlarım da bilir,
Məndə var zövq Bakıya.
Bir dostum daim sorar,
Səfərin yox Bakıya?

O, “Bakı”, “Mən Bağdadda, yar Bakıda”, “Qız qalası”, “Qəlbimizdə, könlümüzdə” və s. şeirlərində Azərbaycana sevgi duyğularını ifadə edib, azərbaycanlılarla türkmanların eyni kökdən və bir bütövün parçaları olmalarını xüsusi vurğulayıb, böyük məhəbbətlə yurdumuza olan heyranlığını əks etdirib:

Azərilər səsinə Mənim qəlbim heyrandır.
Əslimiz Azər isə Dilim həm də türkmandır.
Mənim bütün varlığım,
Ellərimə qurbandır.

Əbdüllətif Bəndəroğlu “Gurgur baba”, “Qərənfil”, “Acı mənim, ümid sənin, qasırğalar həpimizin” adlı poemalar müəllifi kimi də tanınıb. Onun poemaları içərisində “Gurgur baba”nın xüsusi yeri vardır. Müəllif poemanı İraqda neftin milliləşdirilməsi münasibətilə 1972-ci ildə Bağdadda qələmə alıb. Poemada Gurgur baba müraciət obyekti olaraq məkan anlamında işlədilməklə yanaşı, müqəddəsliyin, inamın, ümidin və s. simvoluna çevrilir. Müəllifin poemaya bu adı verməsi təsadüfi deyil. Çünki Gurgur baba Kərkükdə tükənməyən bir neft mənbəyi, həmçinin ədəbiyanar müqəddəs ocaq və xalqın ziyarət yeridir. 36 bənddən ibarət olan “Gurgur baba” poeması dahi Azərbaycan şairi M.Şəhriyarın “Heydərbabaya salam”ına nəzirə kimi yazılıb. Hər iki poema müxtəlif ölkələrdə yerləşən konkret məkanlarla bağlıdır. Heydərbaba Cənubi Azərbaycanda bir dağdırsa, Gurgur baba Kərkükdə neftin alovlandığı məkandır. Şəhriyar öz fikir və ideyalarını Heydərbabaya müraciət etməklə oxucuya çatdırırsa, Heydər babadan bir tribuna kimi istifadə edirsə, Əbdüllətif Bəndəroğlu da Gurgur babadan eyni məqsədlə yararlanır:

Gurgur baba, vaxtı gəldi, bir gurla,
Atəş saçıb yurdumuzu bir nurla
Yax kinləri ürəklərdə o qorla
Aydınlat tez qaranlığı, hər yanı,
Sil gözlərdən sisləri, həm dumanı.

Onu da qeyd edək ki, İraq-türkman ədəbiyyatında M.Şəhriyarın “Heydərbabaya salam” poemasına 40-dan çox nəzirə yazılmışdır. “Gur-gur baba” poeması İraqda “Heydərbabaya salam” poemasına nəzirə şəklində yazılmış üçüncü poemadır. Əbdüllətif Bəndəroğludan yeddi il əvvəl, yəni 1965-ci ildə İsmayıl Sərttürkman “Gurgur babaya salam” və Hüseyn Əli Mübarək “Tuzxurmatı” adlı poemaları ilə İraq-türkman ədəbiyyatında Şəhriyarın “Heydərbabaya salam” poemasına nəzirə yazmağın əsasını qoymuşlar. Əbdüllətif Bəndəroğlu “Gurgur baba” poemasını yazarkən Şəhriyar üslubunu, “Heydərbabaya salam” poemanın forma xüsusiyyətlərini saxlamağa çalışmış, ifadənin ən sadə deyimdə, danışıq üslubunda olmasını təmin edib. Hər iki poema beşliklər şəklində heca vəzninin 4-4-3 bölgüsündə yazılıb:

Gurgur baba, Heydərbaba ağladı,
Şəhriyarın yarasını bağladı,
Daşa dönən ürəkləri dağladı
Sən də bir az Təbriz üçün yan, baba,
Qan qardaşı, qan qusuruq, qan, baba.
Gurgur baba, sönməz sənin ocağın,
Qaranlıqda pırıl-pırıl çırağın
Ver əlini, tut sözümə qulağın.
Alovunu gecə-gündüz saç bizə,
Salam göndər Şəhriyara, Təbrizə.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor