Əbədiyyət, ölümsüzlük ünvanımız... Ədəbiyyat

Əbədiyyət, ölümsüzlük ünvanımız...

Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur deyirlər! Elə ona görə də dünyada ən şirin nemət olan canlarını torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qurban verən, qanlarıyla bu torpağı başdan-başa müqəddəsləşdirən şəhidlərimizin ruhuna hörmət etmək, onların xatirəsini ehtiramla yad etmək hər birimizin vətəndaşlıq borcudur. Vətənin qəhrəman övladlarının torpağa qovuşduğu Şəhid məzarları bu gün ən əziz ziyarətgahımıza çevrilib. Çünki Vətən onu qoruyan, canından əziz sayan oğullar sayəsində var olub həmişə.
Ziyarətinə gələndə anan səndən qürurla danışdı: “Oğlum məni şəhid anası kimi yüksək mərtəbəyə layiq gördü. Görün, necə də müqəddəs səslənir bu ad. İndi mən bütün azərbaycanlı oğullarının anasıyam. Fəxr duyuram ki, oğlum torpaq uğrunda şəhid olub. Onun adı ölümsüzlər siya¬hısına yazılıb”, – dedi.
Daha nə deyim sənə, şəhidim. Vətən üçün min canı olsa, verə biləcək şəhidim.Vətən həmişə şəhidləri ilə var olur. Sən heç nəyi düşünmədən sipər etdin öz canını düşmənlərə. Və bu gün başımızın üzərində dalğalanan bu bayraq sənin kimi oğulların canı bahasına ucalır. Hər bir gəncimiz üçün məzarlarınız and yerinə çevrilib, onlar bu məzarlara müqəddəs ziyarətgah kimi baxır, məzarın önündə torpaqlarımızı azad etməyə and içirlər.
Məzarının başında öz-özümə: “Nigaran olma, elimin igid oğlu”, – deyirəm, rahat uyu, igidlər yurdunun mərd əsgəri, uğrunda canını verdiyin o Vətən torpağının üzərində artıq Azərbaycan əsgəri keşik çəkir. Qoşulduğun qalibiyyətli Vətən müharibəsində Azərbaycan Ordusu öz qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Hər kəs gördü ki, bizimlə zor diliylə danışmaq olmaz, bu xalqın, bu millətin hər bir övladı istənilən anda düşmənə qalib gəlməyə qadirdir. Zəfər bizim oldu, çünki işimiz, mübarizəmiz haqq idi. Düşmən öz murdar qanında boğuldu, sənin və sənin kimi yüzlərlə şəhidimizin qisası birə yüz alındı. Və düşmən bir daha anladı ki, şəhid qanı ilə sulanan bu torpağın bir qarışı belə, güzəştə gedilməyəcək. Sənin kimi qəhrəmanlar yetirən Vətən heç vaxt məğlub ola bilməz.
Məzarının başında adam qürurlanır Şəhidim! Dünyanın ən şirin, keçilə bilinməyən nemətini – can sağlığını göz qırpmadan bu Vətənə, torpağa qurban vermisən. Sinəndə adi ürəyin yox, dağ boyda ürəyin olduğuna hamımız əminik.
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur, yaddan çıxmır. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Allah rəhmət eləsin!
P.S.Yardımlı rayon Bilnə kəndinin şəhidi Əli Nuru oğlu Rzalının məzarını ziyarət edərkən...

Malik Balaşov, tarixçi-publisist