Ey Araz boyunca bölünən Vətən… Ədəbiyyat

Ey Araz boyunca bölünən Vətən…

"Can" deyib canımdan can verdim sənə...

Ən yeni dövr Azərbaycan ədəbiyyatında yazılan əsərlər həm daha əvvəlki dövrlərdən başlanan ənənənin davamıdır, həm də müasir dövrün gerçəkliliklərindən irəli gələn novator xüsusiyyətlərlə zəngindir. Ən yeni dövr Azərbaycan ədəbiyyatında poetik dünyamızın ifadəsinin müxtəlif formalarına rast gəlirik. Bu dövr özünün bir sıra xüsusiyyətləri, yanaşma, əks etdirmə, tematik əlvanlıq, təbiətlə bağlılıq, folklor motivləriindən istifadə və s cəhətləri ilə səciyyələnir.
Belə səciyyəvi cəhətləri öz əsərlərində geniş şəkildə əks etdirən şairlərdən biri də Nizami Muradoğludur. Onun yaradıcılığı, janr, mövzu və problematika baxımından əhatəlidir. Burada milli varlığımızı duyğuların və bədii düşüncənin imkanları ilə əks etdirən mövzular geniş yer tutur, əlvan və rəngarəng Azərbaycan dünyası özündə milli-mənəvi dəyərlərin bütün çalarlarını, koloritini cəmləşdirir və onları ədəbiyyatımızın mənəvi resurslarına nikbinlik qaynağı kimi daxil edir. Bu zaman ədəbi əsərin effekti daha yüksək, təsirliliyi daha artıq olur. O, insanları çətinliklərdən qorxmamağa, Vətənə və xalqa sədaqət ruhunda tərbiyə etməyə, böyüklərinə sayğı kimi ülvi və nəcib hisslərə sövq edir. Çünki burada yaradılan poetk dünya xalqın özünə məxsus xəyal dünyasının ifadəsidir. Onun bütün obraz, süjet və motivləri ənənəvi düşüncənin məhsuludur.
Şeir dünyası sadə, təmiz və səmimi bir dünyadır. Bu daxili dünya ətraf aləmlə təmas və ünsiyyətdə genişlənir, zənginləşir, pozitiv və neqativ dəyişikliklərə uğrayır. Ətrafdan gələn neqativ təsirlərə daxili dünyanın davamlı ola bilməsi üçün mütləq sağlam təməllər üzərində qurulmalı və özünü mühafizə edə bilməlidir. Belə bir dünyanın qurulmasında ədəbiyyatın da iştirak imkanları məhdud deyil. İnsan çox zaman oxuduğu ədəbiyyatdan dünyaya baxır və dünyanı ədəbiyyatdan aldığı əxlaq və tərbiyə ilə qavrayır. Bu mənada ədəbiyyatın yaratdığı insan obrazı gənc nəsil üçün örnək olur. Uşaq yaşlarında qurulan dünya modeli sabit və mühafizəkar olması ilə xarakterizə olunur. Burada ədəbiyyatın üzərinə ciddi məsuliyyət düşür. Məsuliyyət "uşaqlar cəmiyyətin gələcəyidir" formulunda ifadə olunan sadə həqiqətədən ibarətdir. Bugünkü uşağın sabah sağlam mənəvi dünyaya malik olan bir insan olması üçün şübhəsiz, ədəbiyyat öz imkanlarını səfərbər etməli və insan tərbiyəsinə töhfələrini verməlidir. Uşağın mənəvi dünyasının bütövlüyü və tamlığı üçün onda milli və bəşəri dəyərlərin nikbin vəhdətini formalaşdırmaq lazımdır.
Humanist, ədalətli, dürüst və optimist insanın cəmiyyət quruculuğunda daha çox faydası ola bilər və belə insanların qurduğu cəmiyyət də daha mükəmməl olar. Şairin şeir dünyası nikbin baxışlar, arzular və inamlarla dolu dünyadır. Burada insan da, Vətən də öz gözəlliyi ilə öz yerini tutur. Onun şeir dünyası vətənpərvərlik və vətəndaşlıq üçün hər zaman və hər yerdə açıq olur, ora daxil olan insan milli-mənəvi dəyərlərlə yaxından təmas qurmaq imkanı qazanır, haqq-ədalət hisslərini daha da möhkəmləndirir. Bu poeziyada vətəndaşlıq müxtəlif şəkildə ifadə oluna bilər. Ancaq onun bir əsas ifadə forması var. Bu, xalqın tarixi taleyinə münasibətlə şərtlənən formadır. Nizaminin bir sıra şerlərində ümumilikdə doğma torpağa, ocağa bağlılığın təsvir və tərənnümü geniş yer tutur. Nizami təkcə Vətənin gözəlliyini tərənnüm etmir, o, daha çox dərdləri dilə gətirir. O, Vətənin dərdindən və insanın mərdindən yazır. Bu Nizamin poeziyasının əsas prinsipini və ya ana xəttini təşkil edir. Nizami mərdi mərd, namərdi namərd kimi yazır. Bu zaman şeirin içindəki dərd, qəm bədbin bir motiv yaratmır, onun emosional gözəlliyini pozmur, ilk növbədə ona görə ki, o, bütün hallarda həqiqəti öz adı və öz dadı ilə ifadə edir. Bu şəraitdə şeirin dəyəri onda ifadə olunan həqiqətlə və həqiqətdə daşınan ruhla müəyyənləşmiş olur. Nizaminin lirik qəhrəmanı faktlara, həyat hadisəsinin mühüm detallarına ayrı-ayrılıqda daha çox nəzər yetirir. Ümumi mühakimə, pisixoloji təhlilə nisbətən müəyyən əhvalatın təsviri və təsvirin məntiqi nəticəsi şeirdə əsas poetik üslub kimi seçilir.
Bu şair qəlbinin zamanla həmahəng döyünməsidir, onun əhval-ruhiyyəsinə, dəyişməsinə qarşı həssaslığıdır. Dünyanın ən müxtəlif hadisə və faktları şairin qəlbində dərhal əks-səda tapır.Belə həssaslıq və fəallıq həmişə onun şeirlərində əsas xətti təşkil edir. Şairin əsərlərində işlənən motivlərin bütün ünsürləri oxucu üçün doğmadır:

Ey Araz boyunca bölünən Vətən,
Bölünə-bölünə kiçilən Vətən.
Sənin bölünməyin mənim günahım,
Özümün-özümə xəyanətimdir.


Şair Vətəni bütün rəngləri və gözəllikləri ilə olduğu kimi, eyni zamanda onu bütün dərdləri və problemləri ilə birlikdə çox sadə və aydın dillə, özünə xas səmimiyyəti ilə təqdim edir:

Qarabağda talan var,
Gözü yolda qalan var,
Nə onu yada salan,
Nə də geri alan var.

Vətənin gerçəkləri belə aydın və sadə şəkildə, eyni zamanda şairin qəlbinin ağrıları ilə birlikdə ədəbiyyata gəlir və şeirdə Vətənin sevgisi ilə birlikdə onun dərdləri də canlanır. Buradakı sevgi və səmimiyyət o qədər güclüdür ki, o insanın mənəvi dünyasına daxil olanda onu zədələmir, əksinə, emosional effekti gücləndirir.
Bundan sonra hər kəs Vətənin dərdinə şərik olur və dərd bölünə-bölünə ağrısını azaldır, sevgini isə artırır. Şair uşaqlar üçün yazdığı şeirlərdə güclü fərdiləşdirmə və ümumiləşdirmə aparıb.


Nizaminin uşaqlar üçün və uşaq mövzusunda yazdığı əsərlər həm lirik, həm də epik nümunələrdən ibarətdir. Lirik nümunələrin içində epik təhkiyə və süjet elementləri müşahidə olunduğu kimi, epik əsərlərində də lirik ricətlər müşahidə olunur. Bu xüsusiyyət onun bədii üslubunu forma baxımından daha da zənginləşdirir. Belə xüsusiyyətlərə şairin "Bu dünyanın məzarları ağlamaz" poemasında rast gəlirik. "1937"- represiyasının faciələri məlumdur. Bu faciə və dəhşət Rəsizadə ailəsinin həyatında da yaşanıb. Bu ağır və çətin həyatın əzabını Rəsizadə Hüseyn Molla Abdulla oğlu Cavidin soyunu yaşadan övladlarının ikisi də bu və ya digər şəkildə çəkib. Dövrün və dövranın girdabını, fələyin rəhmsizliyini, mənəvi azadlığı azaldaraq yoxa doğru qovan ictimai-siyasi xofun, cəmiyyəti qorxu içində saxlayan vahimənin dəhşətini ən yaxından və ən çox hiss edən ailələrdən biri də Cavid Əfəndinin ailəsi olub. Fələk çəkə bilmədiyni ona və ailəsinə çəkdirib. Böyük dram yazarının faciəli həyatı dövrün, dövranın və amansız zamanın həqiqi həyat dramını əks etdirir. Bu "xəyal içində səadət arayan" romantik şairin ailəsinin əzab-əziyyətlərlə dolu həyat dramı Nizami Muradoğlunun "Bu dünyanın məzarları ağlamaz" poemasında bütün duyğulu anları, hiss və həyəcanları ilə birlikdə canlandırılıb. Poema XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin həyatdan vaxtsız və nakam getmiş oğlu Ərtoğrol Cavidin anadan olmasının 90 illiyinə həsr edilib. Poemada Ərtoğrolun doğulması, uşaqlıq illəri, təhsil aldığı dövr, əsgərliyi, xəstəliyi və çəkdiyi iztirablar, ayrılığın və ağır həyat tərzinin doğurduğu ağrılar və acılar qələmə alınıb. Əsərdə verilən bütün hadisələrin mərkəzində Cavidlər ailəsinə qarşı aparılan repressiyanın gətirdiyi faciə durur. "Bu dünyanın məzarları ağlamaz" əsəri janrına görə lirik poema olsa da məzmununda ardıcılıl bir süjeti və epik təhkiyəni izləməkdədir. Burada qəhrəmanın doğulmasından dünyasını dəyişməsinədək olan ömür yolundan bəhs edilir. Əsərin təhkiyə tərzində həm klassik divan ədəbiyyatının məsnəvi tipindən, həm də xalq yaradıcılığından gələn ənənəvi şeir formalarından istifadə olunub. Poemada gənc və istedadlı Ərtoğrol Cavidin həyatının demək olar ki, bütün məqamları öz əksini tapıb. Burada həyatın duyğulu anları, emosional aspektləri poetik şəkildə tərənnüm edilir. Lirik emosional ovqat əsərdə başlanğıcdan sonadək izlənilir. Yazıçı poemada haqqında bəhs etdiyi gerçəkliyi, tarixi hadisələri xronoloji prinsiplə izləyir, amma onları sadəcə təsvir etmir, canlandırır, yarımçıq qalmış, axıradək yaşanmamış həyatın davamını duyğularda, düşüncələrdə və hisslərdə bərpa edir, həqiqi sənət səviyyəssində yenidən mənalandırır. Əsərin əsas qəhrəmanı Ərtoğrolun dünyaya gəlməsindən əbədiyyətə qovuşmasınadək olan bütün mümkün duyğulu anlar şairin könül dünyasının hərarəti ilə yeni bir nəfəs və ruh qazanır və beləcə yenidən yaşamağa davam edir. Şair qəhrəmanına belə bir əbədi ömür qazandırmaq üçün bütün imkanlarını, istedad və təcrübəsi ilə yanaşı qəlbinin ən kövrək və emosional ehtiyatlarını səfərbər edir.
Şairin yaratdığı Ərtoğrol obrazı tarixi bir şəxsiyyət kimi aydın və parlaq göründüyü kimi, bədii baxımdan da bütöv və kamildir. Kamran Əliyevin də müşahidə etdiyi kimi "Ərtoğrol Hüseyn Cavidin övladı olmaqla yanaşı, həmçinin əsl bədii qəhrəmana çevrilir, yəni bioqrafiyası məlum olan və bioqrafiyası ilə şöhrətlənən bir obrazdan bədii düşüncənin yaratdığı başqa bir obraz səviyyəsinə yüksəlir".
Bu obraz hər hansı nadir rəsm əsəri ilə müqayisə olunmaz dərəcədə üstün, real və canlı görünür. Çünki onun bütün xarakteri, lirik-emosional incəlikləri, obrazın çalarları o qədər mükəmməl təqdim olunur ki, bu təsvirdən çox fərqli bir səviyyəyə yüksəlir və canlı, həyati effekt yaradır. Həssas oxucu özünü bu hadisələrin seyriçisi deyil, iştirakçısı hiss edir və faciənin ağrılarını öz həyatının yaşanmış duyğuları kimi həm müəlliflə, həm də qəhrəmanla bölüşür və bu kədərin ağır yükünü onların hər ikisinin çiyninə qoyduğu ağırlığı azaltmağa çalışır. Burada obraz yaxın keçmişimizi, milli varlığımızın ağrılı anlarını canlandıraraq təkcə bizi keçmişə dəvət etmir, eyni zamanda bizim müasirimizə çevrilir və bizimlə ən məhrəm və ən munis duyğularını paylaşır. Nizami Muradoğlu hadisələri canlandırarkən incə və həssas məqamları diqqətlə seçir. Bu seçimdə bütün hallarda üstün mövqe milli mənası olan motivlərə verilir. Ərtoğrolun dünyaya gəlməsi 1919-cu ilin oktyabrına təsadüf edir. Amma şairə görə bu təsadüf deyil, zərurətdir. Şair Azərbaycan Xalq Cümhuriyyətinin gətirdiyi hürriyət günəşinin müqəddəs enerjisini Cavidlər ailəsinə isti və hərarət gətirən bir motiv kimi dəyərləndirir. Bu anların sevincini şair oxucusuna Cavid Əfəndinin, Müşkünaz xanımın və onları təbrik edən görkəmli Azərbaycan ziyalılarının sevinci ilə birlikdə bütün dolğunluğu ilə yaşadır...

Ağaverdi Xəlil,
filologiya üzrə fəsəfə doktoru