Şuşa Qurultayı: tələb və tövsiyələrə necə əməl olunacaq? Siyasət
Əli Zülüfqaroğlu
Dövlət başçısı Zəfər Qurultayında Azərbaycan diasporunun qarşısına konkret tələblər qoydu. Bunlardan biri də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Təbii ki, Azərbaycan diasporu bunu xarici media vasitəsilə edə bilər və etməlidir.
Prezident İlham Əliyev Qurultayda çox geniş və detallı çıxış etdi ki, bu diaspor təşkilatları üçün yol xəritəsi rolunu oynayır: “...Yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında və Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı, - titulu belə də gedib, - imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir, yaxşı olar ki, geniş ictimaiyyət də bunu bilsin. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq...".
Bu konkret istiqamətlərdən biridir və hesab edirəm ki, ən çox ehtiyac duyduğumuz məsələdir. Təbii ki, Şuşada olmaq hər birimizin arzusudur, o cümlədən xaricdə yaşayan azərbaycanlıların. Amma bu dəfəki Şuşa Qurultayı tarixi haisədir və bunu fürsətə çevirməyi bacarmalıyıq.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Qurultayda 65 ölkədən 400 diaspor təmsilçisi iştirak edib ki, bu çox ciddi rəqəmdir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu: “Bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır... Yeni tapşırıqlar var. Çünki biz post-münaqişə dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları tərəfindən, ümumiyyətlə Azərbaycana qarşı davamlı surətdə çirkin propaqandalar və kampaniyalar aparan müxtəlif dariələr tərəfindən yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir. Bu səbəbdən bizim diaspor təşkilatlarımızın üzərinə yeni tapşırıqlar və vəzifələr düşür ki, onlar daha da koordinasiyalı şəkildə və sıx birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsınlar”.
Göründüyü kimi soydaşlarımızın bütün xərclərini çəkərək vətənə dəvət edən, Qurultayı Şuşada təşkil etməklə dünyaya mesajlarını göndərən Azərbaycan dövləti həm də postmünaqişə dövrünün yeni tələblərinin olduğunu soydaşlarımızın diqqətinə çatdırdı. Eyni zamanda konkrtet və hər kəs üçün aydın olan tapşırıq və tövsiyələrini verdi.
Təbii ki, hazırda güclü, ciddi və effektiv fəaliyyət göstərən diaspor hər zaman olduğu kimi, bu gün də Azərbaycan dövləti üçün vacib istiqamətdir. Ona görə də soydaşlarımızın əlini daha böyük daşın altına qoymasının vacibliyi önə çəkildi ki, bu birmənalı olaraq diqqətə alınmalıdır.
Bu səbəbdən də, Şuşada Qurultaya qatılan soydaşlarımızın Azərbaycan dövlətinin tapşırıq və tövsiyələrinə əməl edəcəklərini gözləyirik. Ümid edək ki, 400 nəfərdən ən azı 200-nün yazıları xarici mediada, heç olmasa bölgə nəşrlərində yayımlanacaq. Digər 200-nün arasında iş adamlarını və yazı yazmaq imkanı omayanları nəzərə almaq olar. Yalnız belə olduğu təqdirdə dövlət başçısının tapşırıq və tövsiyələrinə əməl olunacağını söyləmək mümkün olacaq, Şuşa Qurultayına qatılan soydaşlarımızın səfəri turist səfərindən fərqlənəcək və həqiqətən də Qurultay Azərbaycan diaspor hərəkatında dönüş nöqtəsi olacaq.
Bütün bunlara necə əməl ediləcəyini isə yaxın 1 ay ərzində müşahidə edə biləcəyik. Azərbaycan mediasının təmsilçiləri olaraq bizim üzərimizə düşən də dövlətin xüsusi önəm verdiyi bu məsələni diqqətdə saxlamaq, bir aydan sonra isə konkret statistikanı ictimaiyyətə çatdırmaqdır. Ümid edirik ki, statisitk mənzərə ürəkaçan olacaq, ən azı soydaşlarımız onlara xərclənən vəsaitin haqqını verəcəklər...