“Sterliqov ermənilərin antirusiya planını tərkib hissəsidir” Siyasət

“Sterliqov ermənilərin antirusiya planını tərkib hissəsidir”

"Dünya psixopatologiyasında Qerman Sterliqov adlı şəxs var idi. Eləcə də belə xəstə düşüncəli adamların nəhayət ki, özlərini tapacağı da bəlli olan məsələdir. Sterliqov Avrasiya məkanında bir çox ekssentrik addımları ilə məşhurdur. Ekssentrikliyi onun külli-miqdarda var dövlət sahibi olmasının da əsas səbəbi idi. İndi həmin səbəb də onu müflisləşdirir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu bildirib ki, dini və milli dünya görüşləri də Sterliqovun davranışının əsas parametridir: "Sterliqov özünü kifayət qədər savadlı hesab edir və biliyini nümayiş etdirməyi xoşlayır. Amma Dağlıq Qarabağa gəldikdən sonra onun Dağlıq Qarabağ və bizim regionun tarixi ilə bağlı düşüncələri onun rus pravoslavlığına və rus tarixinə nə qədər bələd olduğunu göstərdi. Eyni zamanda onun pravoslavlıq anlamındakı təmiz adam olması imici də sıradan çıxdı. 210 il bundan qabaq Çar Rusiyası ilə Azərbaycanın Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalandı. Əgər o zaman Qarabağ xanlığı ərazisində ermənilər var idisə, niyə görə həmin ermənilərin fəaliyyəti görünmədi".
Politoloq qeyd edib ki, təxminən 200 il bundan qabaq Rusiya ilə İran arasında 2 müqavilə imzalandı. O bildirib ki, bu müqavilələr xanlıqlar formasında idarə olunan Azərbaycan ərazilərinin bir qisminin taleyini həll etdi:
"Bəzi xanlıqlar, o cümlədən Qarabağ və İrəvan xanlıqları Çar Rusiyasının tərkibinə keçdi. Bu proseslərdə də ermənilərin rolu görünmədi. İrəvan və Qarabağ xanlığı da daxil olmaqla Azərbaycan ərazisində Çar Rusiyasının işğalçılıq siyasətinə qarşı bir neçə üsyanlar oldu. Ciddi ehtiyac var ki, Sterliqov Qarabağ və İrəvan xanlıqlarının ərazisindəki antirusiya üsyanlarında ermənilərin kimin tərəfində olduğunu müəyyənləşdirib elmi əsər və ya məqalə yazsın. Ciddi ehtiyac olan məsələlərdən biri də İrandan ermənilərin Dağlıq Qarabağa köçürülməsinin tədqiqidir. Məhz İrandan erməniləri Dağlıq Qarabağa köçürmək niyyətində olduğuna görə ermənilər Çar Rusiyasının səfiri, İranda "vəziri-muxtar" və yaxud "səlahiyyətli nazir" titulunu qazanmış, əsl rus və əsl pravoslav Qriboyedov ermənilərin yaxından iştirakı ilə öldürüldü".
Mübariz Əhmədoğlu deyib ki, Sterliqov özünün iddia etdiyi kimi Dağlıq Qarabağ ermənilərinin tarixini bilirsə, Qriboyedovun ölümündə ermənilərin iştirakına aydınlıq gətirsin:
"Bəlkə də Sterliqov özü Qriboyedovu öldürən ermənilərin nəslindəndir. Ola bilər bioloji davamçı da olmasa, mənəvi davamçı olsun. Ona görə məhz Sterliqovun dilindən bu faktların aydınlaşmasına ehtiyac var. Eləcə də hal-hazırda Ermənistan və Dağlıq Qarabağdakı ermənilər İranın islami şərtlərini qəbul ediblər. Yayılan məlumatlar bunu aydın göstərir. Ermənilərin rus pravoslavlığına yaxınlaşmaq niyyətinin olmadığı dövrdə İran islamçılığına meyl etmələri əlaməti,nişanı olan hadisədir.
Sterliqovun da Dağlıq Qarabağa gəlməsi bu dövrə düşdü. Deməli, Sterliqov özü nişanlanmış adamdır. Yaxınlarda hansısa ciddi hadisələr, təlatümlər baş verə bilər. Qorbaçov da psixologiyasına görə əvvəlki rəhbərlərdən fərqli idi və onu da nişanlanmış adam hesab edirdilər. Nişanlanmış Qorbaçovun hakimiyyəti dövründə SSRİ dağıldı. Sterliqov da nişanlı adamdır, bəd nişanlı adamdır. O, SSRİ-nin dağılmasında ermənilərin, Dağlıq Qarabağ probleminin rolunu öyrəndikcə Rusiyanın dağıdılması yolları barədə düşünəcək.
Ola bilər, Sterliqov ermənilərin antirusiya planını tərkib hissəsidir. Niyə də olmasın?! Ermənilər Çar Rusiyasına qarşı mübarizə aparıblar. SSRİ-ni amerikan ssenarisi üzrə dağıdıblar. İndiki Rus dövləti də ermənilərin gücünü görməlidir. Bunun üçün Sterliqov yaxşı alətdir".