“Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir” Siyasət

“Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir”

Nurlan Qələndərli: “Təşkilatda təmsil olunmaq ölkəmiz üçün prinsipial və sistemli beynəlxalq dəstəyin təmin edilməsi baxımından önəmlidir”

“Qoşulmama Hərəkatı ciddi siyasi potensiala malikdir. BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatı sıralarında 120 ölkəni birləşdirir, təşkilatın 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın toplantılarında müzakirə edilən məsələlər, şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. Qoşulmama Hərəkatında fəal təmsil olunmaqla ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirmək isə Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərinə görə, Qoşulmama Hərəkatında təmsil olunmaq ölkəmiz üçün münasibətləri inkişaf etdirmək baxımından vacib platforma olmaqla yanaşı, prinsipial və sistemli beynəlxalq dəstəyin təmin edilməsi xüsusunda da önəmlidir: “Sadəcə, iki fakta diqqət yetirək: birincisi, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi prosesi zamanı Azərbaycanı dəstəkləyən ölkələr sırasında Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər xüsusi yer tuturdu. Əlbəttə, bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. Qoşulmama Hərəkatının sıralarında birləşən dövlətlərin və digər ölkələrin dəstəyi, başqa sözlə, beynəlxalq ictimaiyyətin etimadı isə özünü doğrultdu. Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti ilə humanizm dəyərlərinə, sülh, sabitlik və təhlükəsizliyə, taleyüklü məsələlərdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa böyük önəm verdiyini nümayiş etdirdi. İkincisi, 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında bağlı baş tutmuş müzakirələr zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bu ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirdilər. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular”.
N.Qələndərli söyləyib ki, Azərbaycanın həm təşkilat daxilində, həm də Hərəkata sədr kimi fəaliyyətinin çox mühüm istiqamətlərindən, eləcə də faydalı nəticələrindən biri Qoşulmama Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafıdır: “Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayında keçirilən Zirvə görüşündə 120 ölkə, həmçinin tərkibində 55 dövləti birləşdirən Afrika İttifaqı təmsil olunub. Bundan başqa, sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə qatılıb. Beləliklə, Azərbaycanın sədrliyi dövründə və yüksək fəallığı fonunda Qoşulmama Hərəkatında daha bir ilkə, yeniliyə və uğura imza atılır. Bu, Parlament Şəbəkəsinin fəaliyyətinin təmin olunması, eləcə də “Bakı Bəyannaməsi”nin qəbul edilməsi ilə baş tutur. Bəzi “ekspert”lərin bədbin proqnozlarının əksinə olaraq, Qoşulmama Hərəkatının fəaliyyət dairəsi genişlənir, idarəetmə mexanizmi təkmilləşir və təşkilatın işində yeni mərhələ başlanır. Bir sözlə, Azərbaycanın başkəndi, regionun isə diplomatiya paytaxtı olan Bakıda Qoşulmama Hərəkatının tarixində yeni və daha önəmli səhifə açılır”.
“Heç şübhəsiz, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir” ,- deyə politoloq Nurlan Qələndərli əlavə edib.

Əli Zülfüqaroğlu