Dönüklərə və əqidəsizlərə ən böyük cəza xalqın nifrətidir - Vüqar Rəhimzadə Siyasət

Dönüklərə və əqidəsizlərə ən böyük cəza xalqın nifrətidir - Vüqar Rəhimzadə

Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir.” Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bu tezisinin davamı olaraq bildirirdi ki, böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. Ən əsası vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. Bu səpkili tezisləri, tarixin sınaqlarından çıxaraq özünü təsdiqləyən fikirləri xeyli sadalamaq olar.

Azərbaycan demokratik, hüquqi dövlətdir. Demokratiyanın varlığını təsdiqləyən, eyni zamanda, ölkədə inkişafa dəstək olmaq üçün konkret layihələr ortaya qoyub onların gerçəkləşməsi istiqamətində atdığı addımlarla cəmiyyətdə ikrah doğurmayan müxalifətin olması hər bir dövlətin inkişafı üçün əsas şərtlərdən biridir. Məsələyə bu kontekstdən yanaşdıqda itirilmiş mənəviyyatlarını müxtəlif yollarla xarici ölkələrdəki ağaları tərəfindən onlara ötürülən çirkli qrantlar hesabına belə bərpa etmək imkanında olmayan antimilli ünsürlərin özlərini “demokratiyadan, xalqa, dövlətə məhəbbətdən biçilmiş don”da hiss etmələri ikrah doğurmaya bilməz. İllərdir müxalifətçiliyi dövlət maraqlarına müxalifətdə dayanmaqda, iqtidarın atdığı hər bir uğurlu addımı qara rəngdə təqdim etməkdə görən daxili bədxahlarımız Azərbaycanda bərqərar olan demokratik mühitin yaratdığı şəraitdən sui-istifadə edərək həqiqətləri inkar yolu tutanda, hakimiyyətin ünvanına əsassız ittihamlar səsləndirəndə görəsən, birillik hakimiyyətləri dövründə ölkəni hansı vəziyyətə saldıqlarını yada salıb utanırlarmı? Yoxsa, dövlətə xəyanəti üstün tutub ermənipərəst mövqedə dayanmağa başları o qədər qarışıb ki, qaranlıq keçmişlərini unudublar? Hər kəsin vicdanı, daxilində onun idarə edən “mən” keçmişinin, gələcəyinin, illərin ömrə vurduğu izlərin, əməllərinin güzgüsüdür. Keçmişi qaranlıq olan, çirkin əməl sahibləri bu güzgünün qarşısında duruş gətirə bilərlərmi? Təbii ki, yox. Təkcə son iki ilə yaxın dövrdə müxalif düşərgədə, daha dəqiq desək, onun radikal qanadının cəmləşdiyi “Milli Şura”da cərəyan edən prosesləri yada salaq. 44 günlük Vətən müharibəsi təkcə dövlətlər arasında münasibətlərin səmimiyyətinə işıq salan həqiqət anı olmadı, eyni zamanda, daxildəki siyasi qüvvələrin məqsəd və məramlarını, kimliklərini təqdim etdi. 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin Zəfərimizə yol açan müdrik siyasətini dəstəklədi. Bu dəstəyi özünə sərf edən şəkildə təhlil edib kənarda qalan isə antimilli ünsürlərin cəmləşdiyi “Milli Şura” oldu. Budurmu, dövlətə, dövlətçiliyə sədaqət, xalqa sevgi?”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Gültəkin Hacıbəyli kimi dönüklərin, əqidəsizlərin bütün fəaliyyəti boyu dövlətə, xalqa xəyanət yolunu tutan, erməni və ermənipərəst dairələrlə iş birliyi faktlar əsasında sübut edilən Əli Kərimli kimi “siyasi meyiti” “alternativsiz lider” qiyafəsində təqdim etməsi onun necə cılız hisslərlə yaşadığını ortaya qoyur: “Əli Kərimli kimilərin təmsil olunduğu radikal müxalifətin əməllərinə qısa nəzər salmağımız səbəbsiz deyil. Xalq bu antimilli çıxdaşların şəxsi ambisiyalarının qulu olduqlarını, dövlətə, xalqa xəyanətin onlar üçün su içmək qədər asan olduğunu çox yaxşı bilir. Əli kərimliləri “alternativsiz lider” kimi təqdim edən gültəkinlər artıq şəxsi ambisiyalarının o dərəcədə girovuna çevriliblər ki, onlar üçün dövlət, xalq marağı deyilən məfhum yoxdur.

Gültəkin Hacıbəyli kimdir? Vaxtilə xalqının parlamentdə, Azərbaycanın isə dünyanın ən nüfuzlu, demokratik təsisatların inkişafı ilə bilavasitə məşğul olan beynəlxalq qurumda- Avropa Şurasında təmsilçisi. Bu iki fakt onun dünəni ilə bu günü arasında böyük təzadın olduğunu ortaya qoyur. Bu baxımdan ki, o illərdə xanım “siyasətçi”nin mətbuat səhifələrində yer alan açıqlamalarına diqqət yetirsək Azərbaycanın hər bir uğurunu dəyərləndirməklə yanaşı, antimilli ünsürləri dövlətə xəyanətdə, nankorluqda ittiham etdiyini açıq-aydın görərik. Bəs, nə oldu? Gültəkin buqələmun kimi rəngini və əsl dönüklərə xas olan mövqeyini niyə dəyişdi? Azərbaycan birdən-birə geriyə doğru addımlayıb işğalçı Ermənistanla müqayisə olunacaq inkişafa malik ölkə səviyyəsinəmi düşdü? Bəlkə xalqın etimadı ilə seçilmək, parlamentdə təmsil olunmaq hüququ qazanan millət vəkili bu dəstəkdən məhrum olduqda ölkə geriyə doğru addımladı? Vaxtilə dağıdıcı müxalifət düşərgəsində təmsil olunanları qəbul etməyən, onları radikallıqda ittiham edən gültəkinləri birdən-birə onların dostuna çevirməyə, bu satqınlara sığınmağa nə vadar etdi? Bu kimi suallar çoxsaylı olsa da cavab birdir - tamah. Ailə- məişət zəminində yaşadıqlarından cəmiyyətdə itirdiyi mövqeyinədək hər bir addımının arxasında tamahın dayanması bu xanım siyasətbazın yeri gəldi-gəlmədi bəhs etdiyi “ziyalı” ifadəsinin nəinki bu ada heç bir aidiyyəti yoxdur, əksinə bu ülvi dəyərə ləkədir. Ziyalı xalqın nur çırağıdır. Ziyalı kütlənin önündə gedən təbəqədir. Gültəkinlərin bu gün özlərini xalqın nur çırağı kimi təqdim etməyə haqları varmı?. Qətiyyətlə deyə bilərik ki, yox!”

V.Rəhimzadə bu gün Azərbaycanın tarixi Zəfərin yaratdığı reallıqları yaşadığı, azad Qarabağın, azad Şərqi Zəngəzurun bütün dünyanın diqqət mərkəzində olduğu, diplomatik mərkəzə çevrildiyi bir zamanda bu kimi uğurlardan qürur duymaq əvəzinə, ikrah doğuran fikirlərlə gündəmi zəbt etməkdə antimilli ünsürlərin maraqlarının nədən ibarət olduğunu da açıqlayıb: “Təbii ki, düşmən dəyirmanına su tökəni Azərbaycanın uğurları sevindirə bilməz. Digər tərəfdən, kiçik dövlət kimi dəyərləndirilən ailənin dəyərlərini öz tamahına qurban verən, müxtəlif ittihamlarla üz-üzə qalsa da bundan nəticə çıxarmaq əvəzinə daha da radikallasan, xalqın aparıcı qüvvəsini topa, tüfəngə tutan gültəkinlərin dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri təəccüb doğurmur. Kimliyindən, siyasi mənsubiyyətindən, əqidəsindən, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq hər kəsi cəmiyyətə təqdim edən onun xarakteridir. Dönüklərin xarakteri, əqidəsi ola bilməz. Onlardan müsbət nəsə addım gözləməyin özü belə sadəlövhlük olardı.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, keçmişimiz gələcəyimizə bələdçilik edir. Gültəkin hacıbəylilərin isə əksinə bugünü keçmişinin güzgüsü rolunu oynayır. Əgər xarakterdə dönüklük, əqidəsizlik varsa, daxildəki bu virusun nə zamansa cücərib baş qaldıracağı qaçılmazdır. Təbii ki, gültəkinlər xalqa, dövlətə, dövlətçiliyə qənim kəsilən bu yolun heç vaxt heç kəsə uğur gətirmədiyinin fərqindədirlər. Amma bunu bilə-bilə çirkin niyyətlərindən əl çəkməmələri onları xalqın qəzəbinə, nifrətinə tuş edib. Xalqın nifrəti, qəzəbi isə ən böyük cəzadır. Məhz bu gün Gültəkin Hacıbəyli kimi dönük bu cəzanın pik həddini yaşayır.