

Fransa Azərbaycan ərazilərində erməni separatizminin baş qaldırmasını stimullaşdıran bir ölkə kimi bu gün də öz uğursuz, on minlərlə insanın ölümünə səbəb olan cinayətkar missiyasını davam etdirməkdədir. Təsadüfi deyil ki, Ermənistanın və erməniliyin Azərbaycana qarşı ərazi iddialarının açıq müstəviyə keçməsi və SSRİ-nin sərhədlərindən kənarda özünə dəstək axtarması prosesinin başlanğıcında da Fransanın adı keçir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, 1987-ci ildə bədnam Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri vəzifəsini daşıyan Abel Aqanbeqyan Parisə səfəri çərçivəsində erməni diasporunun nümayəndələri ilə görüşdən sonra Fransa mətbuatına müsahibəsində Qarabağın guya Ermənistanın şimal-şərqində yerləşdiyini və bu səbəbdən də iqtisadi baxımdan Azərbaycandan daha çox Ermənistana bağlı olduğunu iddia etmiş, “yenidənqurma və demokratiya şəraitində bu məsələnin öz həllini tapacağına ümid bəslədiyini” bildirmişdi. Bununla da, həm də Qərbə SSRİ-nin süquta uğradılması üçün Azərbaycan ərazilərində yaşayan etnik ermənilərdən və təbii ki, Ermənistandan istifadə etməyin zəruriliyi mesajını vermişdi. Bu baxımdan, Azərbaycan ərazilərində separatizm, terrorizm hərəkatının və işğalın başladılmasında əsas ideoloji mərkəz funksiyasını yerinə yetirən Fransanın 30 ilə yaxın davam edən işğal dövründə və hazırda Ermənistana dəstək verməsi, aqressiv separatizmi və təcavüzkar siyasəti himayə etməsi təsadüfi deyil.
"Vaxtilə etnik münaqişələr vasitəsilə SSRİ-nin süqutunu stimullaşdıran Fransa bu gün də Ermənistan vasitəsilə postsovet məkanındakı bütün əməkdaşlıq formatlarını dağıtmaq, etnik münaqişələri yenidən stimullaşdırmaqla təhlükəsizlik mexanizmlərini sıradan çıxarmaq, dolayısıyla Rusiyanın parçalanmasına yol açmaq niyyəti güdür.
Hazırda Ermənistanla Azərbaycan arasındakı problemlərin həlli məsələsində Fransanın xüsusi fəallıq nümayiş etdirməsi, separatçı ermənilərdən daha artıq separatçılıq edən Emmanuel Makronun prosesi bütövlükdə öz nəzarətinə götürmək cəhdləri, təkcə Ermənistanın himayə olunmasına deyil, həm də Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasına, nüfuzunun daha çox zədələnməsinə və mövqelərinin zəiflədilməsinə xidmət edir. Görünür, Rusiyaya qarşı Napoleonsayağı demarş etmək niyyətinə düşən Makron Fransanın ilk imperatorunun sonrakı taleyindən nəticə çıxarmayıb və yaxud ona tarixdən nəticə çıxarmaq üçün gərəkli olan dərsi hələ də verməyiblər.
Əslində, bölgəmizlə bağlı tarixi faktlar Fransanın və onunla ortaq maraqlar müstəvisində “vaxtaşırı” ittifaqda olan dövlətlərin eyni oyunlarını təkrarlamaq cəhdində bulunacaqlarını istisna etmir. Qeyd edim ki, vaxtilə Napoleon Bonapart Rusiya-İran müharibəsində qısa müddət ərzində olsa da belə İrandan Rusiya əleyhinə istifadə etməyə nail olmuşdu. Ömrü 10 ay çəkən bu müttəfiqlik ingilis diplomatı Con Malkomun qiymətli hədiyyələri nəticəsində başa çatmış və İran Fransadan üz döndərərək, Britaniyanın müttəfiqinə çevrilmişdi.
Hazırda İran Fransanın qısamüddətli də olsa rəsmi müttəfiqi kimi çıxış etməsə də, bu ölkənin regiondakı davranışları bölgədə sülhün və təhlükəsizliyin təmin olmasına açıq-aşkar maneə yaradır. Maraqlıdır ki, bölgədə region dövlətlərinin əməkdaşlığından, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, Zəngəzur dəhlizi də daxil olmaqla bölgə dövlətlərinin maraqlarına xidmət edən layihələrdən narahatlıq keçirən Tehran nədənsə Fransanın Ermənistana missiya göndərmək niyyətindən əndişələnmir. İran təmsilçilərinin tez-tez dilə gətirdikləri “qırmızı xətt” nədənsə Ermənistana, Fransaya və sonuncunun təmsil olunduğu Avropa İttifaqına gələndə “qırıq-qırıq yol zolağı”na çevrilir. Belə anlaşılır ki, İranın “qırmızı xətti” bu ölkədə istehsal olunan nəqliyyat vasitələri kimi Fransa istehsalı olan mühərriklə çalışır. Çünki Tehran son zamanadək bəyan edirdi ki, qərbin bölgəyə gəlişi yolverilməzdir və bu “İranın qırmızı xəttidir”. İndi Ermənistan öz ərazisinə nə az, nə çox 400 müşahidəçinin göndəriləcəyini bildirir, amma İranın “qırmızı xətt”dən səs-səmir yoxdur. Bölgədə zərrəbinlə “sionizm” axtarışına çıxan İran, nədənsə gözünün önündə Ermənistanın öz ərazisini Qərbin poliqonuna çevirmək cəhdlərini görməzdən gəlir.
Maraqlıdır ki, Rusiya da Ermənistanın əndazəsini aşmaqda olan riyakar davranışlarına indiyədək gərəkli olan reaksiyanı verməyib və Aİ-nin müşahidə missiyasının Ermənistana gəlişini, hələlik kənardan müşahidə etməklə kifayətlənir. Və görəsən, bu sükut nə vaxta qədər davam edəcək?