“Ermənistanın təcavüzkar olduğunu rəsmi sənədlərində təsdiq etmiş olsa da...” Siyasət

“Ermənistanın təcavüzkar olduğunu rəsmi sənədlərində təsdiq etmiş olsa da...”

Rəfael Hüseynov: "Parlament Assambleyası yenə bu cığal ölkəyə qarşı heyrətamiz yumşaqlığını nümayiş etdirmək xəttindən əl çəkmir"

"Artıq 60-cı dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü olaraq Avropa Şurasında Parlament Assambleyası Bürosunun və Daimi Komitənin inkişaf hesabatını dinləyirik. Təbii ki, hər dəfə məruzədə hansısa sevindirici nəticələrin, müəyyən irəliləyişlərin əldə edilməsi barədə məlumatlar yer alır, lakin Avropa Şurasının nisbətən yeni üzvlərindən və gənc demokratiyalardan biri olaraq Azərbaycan hər dəfə bu hesabatlarda həm də ilk növbədə özü ilə əlaqədar taleyüklü məsələlərdə hansı nailiyyət və irəliləyişlərin olmasına diqqət yetirir". Bunu Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞ PA Bürosu və Daimi Komitəsinin ənənəvi hesabatında çıxışı zamanı deyib: "Bizi qətiyyən məmnun etməyən başqa cəhət ondan ibarətdir ki, Ermənistanın təcavüzkar olduğunu rəsmi sənədlərində təsdiq etmiş olsa da, həmin ölkədə vətəndaşların mövcud rejimdən etirazları səngimək bilməsə də, Parlament Assambleyası yenə bu cığal, beynəlxalq qayda-qanunlara tabe olmaq istəməyən ölkəyə qarşı heyrətamiz yumşaqlığını nümayiş etdirmək xəttindən əl çəkmir. Bu, Avropa Şurasında hər kəsə bəlli həqiqətdir ki, Ermənistan ona havadarlıq edən qüvvələrin köməyi ilə 20 ildən artıqdır Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bu da başqa bir həqiqətdir ki, Avropa Şurası son 15 ildə iki üzv dövlət arasındakı münaqişənin diplomatik vasitələrlə həlli üçün heç bir həlledici addım atmayıb. Sadəcə, diplomatik yolla hər dəfə yaxasını kənara çəkərək həmin məsələ ilə bilavasitə Minsk qrupunun məşğul olduğunu bəyan edib. Minsk qrupunun isə adı olub işi olmayan, sadəcə fəaliyyət görüntüsü yaradan bir süni qurum olmasını son 20 ilin müşahidələri sübuta yetirib.Başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməkdə ləngiməyən Avropa Şurasının ən sərt sanksiyalara qat-qat artıq layiq olan Ermənistana qarşı belə dözümlülük göstərməsinin sirri nədədir? Olmaya Ermənistanı superdövlət hesab edərək ondan çəkinirsiniz?".