BQXK əməkdaşları girov götürülən azərbaycanlılara baş çəkiblər Siyasət

BQXK əməkdaşları girov götürülən azərbaycanlılara baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə fevralın 3-də baş tutub.
BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatlarını çatdırıb, onlardan da ailələri üçün məlumat alınıb.
İlahə Hüseynovanın sözlərinə görə, BXQK mandatına uyğun olaraq, saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.