“ABŞ səfiri Millz Ermənistanda korrupsiya ilə mübarizənin motoru idi” Siyasət

“ABŞ səfiri Millz Ermənistanda korrupsiya ilə mübarizənin motoru idi”

Mübariz Əhmədoğlu: "Hətta erməni məmurlarını sanksiya ilə hədələmişdi"

"2015-ci ilin ikinci yarısında ABŞ səfiri R.Millz Ermənistanda korrupsiya ilə mübarizənin motoru idi. Hətta erməni məmurlarını sanksiya ilə hədələmişdi: Ən azı onları səfirlikdə keçirilən tədbirlərə dəvət etməyəcəyini bildirmişdi. İndi sanki Ermənistanda ABŞ səfiri yoxdur". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O, bildirib ki, Ermənistanda korrupsiya mövzusu isə xeyli aktualdır: "Ən azı Avropa İttifaqının Ermənistandakı səfiri Svitalskinin təşkil etdiyi "Tətbiqi etika sahəsində milli və beynəlxalq səylər" adlı tədbir bunu göstərir. Bu tədbirdə Ermənistana ağır diaqnoz qoyuldu: Nə qədər ki, yüksək çinli məmur və deputatlar bizneslə məşğuldur, Ernənistanda korrupsiyanın kökü kəsilməyəcək. Almaniyanın Ermənistandakı səfiri də Aİ-nin bu tədbirində aktiv iştirak etdi. ABŞ səfirinin korrupsiya ilə bağlı keçirilən bu tədbirdə iştirakına dair heç bir məlumata rast gəlmədik. ABŞ səfiri R.Millzin korrupsiyaya qarşı mübarizədən qəfil geri çəkilməsinin səbəbi bəlli deyil. Yalnız üç kateqoriya adam dəqiq məlumata malikdir:
I. Serj Sərkisyan və ətrafı.
II. Dövlət Departamentinin əməkdaşları.
III. Səfirin özü.
Amma bu ərəfədə baş verən bir sıra məsələlər diqqətimizdən kənarda qalmayıb:
I. Ermənistan Rusiya Federasiyasından qazın qiymətini aşağı salmaq üçün təkidlə müraciət edir və bunu geosiyasi reallıqla əlaqələndirir. Ermənistan hökumətini Vorotan SES-i ABŞ şirkətinə satarkən üzərinə götürdüyü öhdəlikdən biri elektrik enerjisinin qiymətini qaldırmaqdır". O, əlavə edib ki, indi Ermənistan hökuməti Rusiya qarşısında tələb qoyur ki, elektrik enerjisinin qiymətinin aşağı salınması üçün qazın qiyməti aşağı salınmalıdır: "Elektrik enerjisində Rusiyaya bir, ABŞ-a isə başqa cür mövqe göz qabağındadır. Qazın qiymətini aşağı salmaqla bağlı geosiyasi reallıq dedikdə, O.Abramyan İranı nəzərə ala bilər. Başqa sözlə, O.Abramyan Rusiyanı İran qazı ilə şantaj edir.
II. Bu ərəfədə ABŞ-ın xarici ölkələrdəki səfirliklərinin binalarını hərbi baza rol oynamaqları ilə bağlı məqalə yazıldı. ABŞ-ın xarici ölkələrindəki səfirlik binalarının imperiya maraqlarına xidmət etdiklərini, hərbi baza rolu oynadıqlarını 3-4 ölkədəki ABŞ səfirliyinin binasının imkanları ilə izah etdi. Bağdaddan sonra dünyada ABŞ səfirliyinin ikinci ən böyük binası Yerevandadır; Dənizə çıxışı olmayan Ermənistan vacib regionda yerləşir. Ermənistan İran, Türkiyə, Gürcüstan və Azərbaycanla qonşudur, Rusiya ilə iqtisadi və hərbi əlaqələrə malikdir. Deməli, bu dövlətlərdə ABŞ-ın maraqlarını irəlilədə bilər". Politoloq əlavə edib ki, başqa sözlə, Ermənistan ABŞ-ın əlində bu adı çəkilən dövlətlərə qarşı istifadə oluna bilər: "Rusiyadakı ermənilərin rolu olmasaydı, ABŞ özünü Rusiyaya qarşı belə inamlı apara bilməzdi.
Mətbuatda yazılanlardan başa düşmək olurdu ki, ABŞ-ın Gürcüstana gələn "dəniz pişiklərinin" bir qismi Yerevana gedib. Ehtimal ki, indi də bir qrup ABŞ-ın "dəniz pişiyi" ABŞ-ın Ermənistandakı səfirliyinin binasındadır. Səfirliyin binasının texniki göstəriciləri 300-400 "dəniz pişiyinin" qalmasına, məşq etməsinə imkan verir.
III. ABŞ-la Rusiya arasında geosiyasi mübarizə yeni resurslar tələb edir. Görünür, ermənilər artıq ABŞ üçün belə resurs rolunu oynayır. Ermənistanda Rusiyanı şantaj etmək üçün yeni variantlar yaradırlar; Dünyada neft ucuzlaşır, amma "Rosneft" Ermənistanda benzini ucuzlaşdırmır; Rusiya vəd etdiyi kreditləri verə bilməyəcək; Ermənistan AİB-ə üzv olmasaydı, dünyanın ən güclü iqtisadiyyatlarından biri olacaqdı və s.
VI. Ermənistanın ABŞ-dakı səfiri, Ermənistanın keçmiş baş naziri, AİB-in qatı əleyhdarı, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını Aİ rəsmiləri ilə dəfələrlə müzakirə etmiş T.Sərkisyan AİK-ə sədr təyin edildi.
Hər-halda ABŞ-ın Ermənistandakı səfiri R.Millzin antikorrupsiya fəaliyyətinin dayandırılmasının səbəbləri gec-tez üzə çıxacaqdır".