Zahid Oruc bu fikirdədir Siyasət

Zahid Oruc bu fikirdədir

"Rusiya Ermənistana yardım etməyəcək"


Heç şübhəsiz, 2 apreldən başlayan hərbi əməliyyatlar gələcək dövr üçün Qarabağın azadlığında mühüm rol oynayacaq. Artıq istər siyasi, istərsə də hərbi baxımdan proses başlandı. Bunu əminliklə söyləmək mümkündür.
Bu sözləri millət vəkili Zahid Oruc son günlər cəbhədə yaşananları şərh edərkən deyib. Zahid Oruc Vətənin gələcək bütövlüyü üçün Qarabağda böyük bir hərəkatın başlandığını bildirib və bir çoxlarının bunu II Qarabağ savaşı adlandırmasını haqlı sayıb:"Faktiki olaraq, dövlət başçısının qeyd etdiyi kimi, 1990-cı illərdən sonra nəinki Azərbaycanın, bütün postsovet məkanının həyatında itirilmiş torpaqların 1 kvadrat santimetrinin belə qayıtması hadisəsi baş verməyib. Baxın, Abxaziya, Osetiya, Dnestryanı ilə bağlı faktlar ortadadır. Bu gün hərbi yüksəkliklərin və yaxud bir neçə kəndin azad olunması heç bir halda "kiçik hissə" sayıla bilməz. Çünki torpaq hissələrə bölünmür, Vətən ən kiçik hissəsində belə vətəndir. Ona görə də Vətənin gələcək bütövlüyü üçün Qarabağda böyük bir hərəkat başlanıb və bir çoxları bunu II Qarabağ savaşı adlandırmaqda haqlıdır. Reallıq ondan ibarətdir ki, 25 il əvvəlki dövrlə müqayisə etdikdə, həmin zamanın çox böyük səhvlərini görürük. O dövrdə ölkə vahid siyasi rəhbərliyə malik deyildi. İndi isə əksinə, ölkənin siyasi elitasında yekcinslik, məsələlərə vahid mövqe və qərarların dərhal icraya yönəldilməsi var.
İkincisi, o dövrdən fərqli olaraq, hansısa pərakəndə hərbi dəstələr müxtəlif partiyalara məxsus deyillər. Hazırda bütün ordu Azərbaycan xalqına məxsusdur. Bu mənada hər bir insan özünü ordunun ayrılmaz hissəsi hesab edir.
Üçüncüsü, indi olduqca pərakəndə vəziyyətdə olan ermənilərə itirilmiş mövqeləri qaytarmaq üçün əsgərinin başının arxasından əmrlər verilməkdədir. Hesab edirəm ki, bu gün parlament üzvü kimi Dağlıq Qarabağ ermənilərinə bir daha səslənməliyik ki, onların öldürən Azərbaycan Ordusu deyil, Sərkisyandır. Qoy, ermənilər öz silahlarını rəhbərlərinə qarşı çevirsinlər. Çünki vaxtilə Qarabağ hərəkatını başladıb, bu xalqın faciəsinə səbəb olanlar dövlət başçısına çevrilməklə və böyük imkanlarını qorumaqla yalnız özləri qazandılar.
Dördüncü mühüm məsələ ondan ibarətdir ki, son üç gün ərzində beynəlxalq medianın hər hansı və fəal şəkildə Azərbaycan əleyhinə mövqeləri özünü göstərmir. Bu çox vacibdir. 1990-cı illərdə biz ən yaxın ölkələrin belə informasiya məkanında Azərbaycanın ziddinə yüzminlərlə materialları görməkdəydik. Hər birimizə bəllidir ki, müharibə təkcə səngərdə getmir, eyni şiddətlə informasiya məkanında da həyata keçirilir.
Ən mühümü isə Azərbaycan əsgərinin Vətən uğrunda savaşıdır. Səngərdə dayanan erməni çox yaxşı bilir ki, bu səngəri Azərbaycan torpağında qazır, o, bu torpaqlara Vətən kimi baxa bilmir. Məhz bu səbəblə Azərbaycan hərbçisində mənəvi əhval-ruhiyyə, vətənpərvərlik duyğuları qarşı tərəflə müqayisə olunmayacaq dərəcədə güclüdür. Reallıq budur ki, biz əslində səngərdə dayanan erməni ilə savaşırıq, ancaq ermənilər yaşayış məntəqələrinə zərbələr vurmaqla Azərbaycanda müəyyən hərəkətlənmələr, panikalar yaratmağa çalışırlar. Əvəzində isə bu panika özlərində baş verib".
Millət vəkili erməni mənbələrinin bu günlərdə yaşadıqları situasiyanı analiz edərək bəzi məqamlara aydınlıq gətirib:"Erməni əsgərinin arxasında xalq gücü dayanmır. Digər tərəfdən, Ermənistandan gətirilmiş və ya yaşlı ermənilərin hesabına döyüşçülər formalaşdırmaq mümkün olmayacaq. Bu şəraitdə ermənilər iki vasitəyə əl atırlar: müəyyən bir qismi Rusiyanı açıq şəkildə qınamaqdadırlar ki, nə üçün bu dövr ərzində Azərbaycanla yaxşı münasibətlər quruldu və Ermənistan müəyyən mənada Azərbaycanın ayağına verildi. Bunun nəticəsi olaraq da alınmış silah kütləsinin Qarabağda istifadə olunması, rus silahından erməninin ölməsi Ermənistan içərisində bütün siyasi dairələri ikiqat məhv edib. Ermənilər maksimum çalışırdılar ki, prosesi lokal hərbi müstəvidən, - yəni Talış yüksəkliyi və Lələtəpədən - siyasi müstəviyə çıxarsınlar, bunu geosiyasi davanın predmeti kimi qələmə verərək guya Azərbaycanın Türkiyənin qərarı ilə Rusiyaya cəbhə açdığı kimi istifadə etməyə can atırdılar. Bu da alınmadı. Dünən Lavrov bəyan etdi ki, Türkiyəni qınamaq üçün onların arqumenti mövcud deyil. Deməli, bütün bunlar kəşfiyyat məlumatları ilə sübuta yetirilir".
Z.Oruc bildirib ki, Qarabağa görə Rusiya-Türkiyə davasını istəyənlərin, xüsusən də ermənilərin, arzusu gözündə qalacaq:"Azərbaycan Rusiya ilə yaxşı münasibətlərə malikdir. Bir erməni yazır ki, biz müxtəlif ştatlarda hansısa qətnamə və qərarlarla silahlanıb bunlara uyanda, Azərbaycan düzgün siyasət yürüdüb hərbi, iqtisadi cəhətdən gücləndi. İndi ermənilər siyasi bəyanatlarla silahlanıb bütün dünya qurumlarını açıq şəkildə ittiham etmək istəyirlər. Ermənistan və Qarabağdakı vəziyyət 1990-cı illərdəki Azərbaycanla eynidir. Tarix təkrar olunur, ancaq əks işarə ilə. 2 aprel bizim vaxtilə Kəlbəcərin işğalına görə faciə günü idisə, indi ermənilər üçün sarsıdıcı tarixdir. Hər bir siyasətçi və vətəndaş fərqində olmalıdır ki, bu ölkədə hərbi vəziyyət elan olunmayıbsa, səfərbərlik keçirilməyibsə, bu o demək deyil ki, özünü Qarabağa həsr etməməlidir. Bu gün hamımız həqiqətən də pafossuz, eyforiyya yol vermədən özümüzü Ordunun bir hissəsi hesab etməliyik. Bu gün hər bir parlament üzvü bilməlidir ki, əsgərimizin əldə etdiyi hərbi nailiyyəti siyasətçi və parlamentarilər, dövlət adamları və hökumət üzvləri qorumalıdırlar. Çünki hamımız səngərdəyik. Bu, real hərbi səngərə, ya da diplomatik, informativ və ya siyasi səngərə çevrilə bilər. Azərbaycan dövləti və dövlət başçısı Qarabağ üçün on illər ərzində bu millətin içərisində yaşanan arzu və idealları cavab zərbəsi ilə həyata keçirməkdədir. Bundan sonrakı dövrdə Ordu ilə vahidliyi göstərmək və bu münaqişənin özülü üçün yaranmış yeni şəraiti dəyərləndirmək lazımdır. Keçmişin məğlubiyyət komplekslərindən çıxmalıyıq. Çünki on illər ərzində məhz bu günü gözləmişik".