Milli Məclisdən çağırış Siyasət

Milli Məclisdən çağırış

"Milli maraqlara zidd müzakirələrə son qoyulmalıdır"

"İslam Əməkdaşlıq Təşkilatının son iclasında da Ermənistanın işğalçı dövlət olduğu bəyan edildi, xarici işlər nazirlərinin iştirakı ilə komissiya yaradıldı. Bu, Azərbaycan prezidentinin apardığı uğurlu siyasət və ordumuzun uğurlu əməliyyatının nəticəsidir".
Bunu dünən Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bəzi media qurumlarının qərəzli fəaliyyət göstərdiyini, bu kimi hallara son qoyulmasının vacibliyini söyləyib: "Bəzən isə Milli Məclisin fəaliyyətinə də kölgə salmağa çalışırlar. Bu mətbuat orqanları ilə əlaqədar müvafiq qurumlar lazımı işlər görməlidir".
Spiker Oqtay Əsədrov isə Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərin kölgə altında olduğunu bildirib: "Ermənistanda çıxan istənilən məqaləni bəzi media orqanları başlığa verir. Lakin bu yaxınlarda ABŞ mətbuatında Azərbaycanla bağlı müsbət xarakterli məqalələr işıq üzü gördü, ondan bir kəlmə belə yazmadılar".
Millət vəkili Zahid Oruc isə öz çıxışında deyib ki, birinci Qarabağ savaşından fərqli olaraq, Rusiya aprel qarşıdurması zamanı balanslı mövqe ortaya qoyub. O, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun ədalətli mövqeyini xüsusi vurğulayıb: "Prezident İlham Əliyev həm dinc, həm də müharibə dövrünün lideri olduğunu nümayiş etdirdi. Azərbaycan Qarabağ ermənilərinə də çağırış edir ki, ən rahat yol Azərbaycan Konstitusiyası çərçivəsində ölkəmizdə dinc yaşamaqdır, silahınızı Serj Sarkisyana doğru çevirin".
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa millət vəkillərinin şəhidlərinin dəfnində iştirak etməməsi ilə bağlı bəzi media orqanlarında yanlış məlumatlar yayıldığını söyləyib.
Sədr Oqtay Əsədov isə bildirib ki, Azərbaycan müharibə aparmayıb, Ermənistanın təxribatına cavab verib: "Ona görə, Azərbaycan ilk olaraq birtərəfli atəşkəs elan etdi. Azərbaycan ordusu və dövləti 5 günlük müharibədə hər kəsə göstərdi ki, münaqişəni istənilən yolla həll etməyə qadirdir. Müharibə bir həftə davam etsəydi, biz harada olardıq? Azərbaycan birtərəfli qaydada atəşkəs elan etməklə münaqişəni sülh yolu ilə həll etmək istədiyini ortaya qoydu. Danışıqlar prosesi ilə bağlı ortaya yeni motivlər çıxıb".
Elmira Axundova Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar dövründə Rusiya telekanallarında Azərbaycana obyektiv münasibət sərgilənmədiyini, Rusiya saytlarında müəyyən qədər fərqli durum müşahidə olunduğunu qeyd edib: "Mən Azərbaycan diasporuna, azərbaycanlı biznes nümayəndələrinə müraciət edirəm. Onları biznes maraqlarını kənara qoyub, vətənpərvər mövqe ortaya qoymağa çağırıram".
Oqtay Əsədovun fikrincə, diaspordan əvvəl Rusiya telekanallarında, mediasında çalışan azərbaycanlı jurnalistlərə müraciət etmək lazımdır: "Rusiya mediasında azərbaycanlılar azdır? Birinci onlara müraciət etmək lazımdır. Erməni Rusiya televiziyasında işləyir, imkan gələndə də sözünü deyir. Bizim azərbaycanlı jurnalistlər də məqamı gələndə azərbaycanlı kimi sözlərini deməlidirlər".
BAXCP sədri Qüdrət Həsənquliyev bəzi şəhidlərin gizli dəfn olunması, həmin mərasimlərində millət vəkilləri və dövlət xadimlərinin iştirak etməməsi barədə iddiaların tamamilə əsassız olduğunu deyib: "Biz Naxçıvanda şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak edirdik. Şəhidin əmisi bizə dedi ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası vəfat edib, ancaq o, ilk olaraq şəhidin dəfninə gəlib. Əli Kərimov kimilərin iddiaları əsassızdır. Bir zaman Avropa Komissiyasının iclasında müharibə əleyhdarı kimi çıxış edən Əli Kərimovun indi müharibə tərəfdarı kimi çıxış etməsi riyakarlıqdır".
Ana Vətən Partiyasının sədri Fazil Ağamalı Azərbaycan xalqının prezident, Ali Baş Komandan İlham Əliyevlə birgə olduğunu vurğulayıb: "Mən Mətbuat Şurasının sədrinə müraciət edirəm. Sosial şəbəkələrdə milli maraqlara zidd müzakirələrə son qoyulmalıdır".
Azərbaycanın bank sektorunda çox ciddi problem yarandığını deyən millət vəkili Vahid Əhmədovun qənaətinə görə, problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır: "Banklarda likvidlik problemi var. Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Əhali banklarda olan 5-10 min manat əmanətini belə geri götürə bilmir. Mən əvvəllər də təklif etmişdim. İndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar gəlin bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan prezidenti tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun".
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə bəzi mətbuat orqanlarına qarşı yönələn tənqidlərə münasibət bildirib.
Əflatun Amaşov bildirib ki, Dağlıq Qarabağda 4 günlük hərbi əməliyyatlar dövründə Azərbaycan mətbuatı bütövlükdə normal fəaliyyət göstərib: "Lakin təəssüf ki, bəzi hallarda bəzi mətbuat orqanları baş verən olaylara kiçik prizmadan yanaşdı".
Əflatun Amaşov mətbuatda Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı yazılara da münasibət bildirib: "Milli Məclislə bağlı yazılar kifayət qədər qərəzli və qeyri-obyektivdir. Mən Mətbuat Şurasının sədri kimi bu məsələni qınayıram. Çalışmalıyıq ki, nəinki Milli Məclis, heç bir qurum barədə neqativ, qərəzli məlumat getməsin".

Hesablama Palatasının hesabatı qəbul olundu

"Hesablama Palatasının 2015-ci il üzrə hesabatı"nın müzakirəsi zamanı çıxış edən palatanın sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci il dünya iqtisadiyyatında tərəddüdlərin baş verdiyi il kimi yadda qalıb.
Onun sözlərinə görə, prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya iqtisadiyyatında böhrana baxmayaraq ötən il ölkə iqtisadiyyatı daha az zərərlə çıxıb.
Vüqar Gülməmmədov bildirib ki, ötən il Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət məqsədi ilə 81-i audit, 1-i analitik təhlil olmaqla 82 nəzarət tədbiri həyata keçirib, 1 nəzarət tədbiri isə növbəti ilə keçirilib, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə nəzərdə tutulmuş nəzarət tədbirlərinin hamısı il ərzində həyata keçirilib. Bundan əlavə hesabat ilində 2014-cü il üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılıb.
"Hesabat ilində nəzarət tədbirlərindən 78-i dövlət büdcəsinin gəlir və xərclərini, 4-ü büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini, 24-ü Naxçıvan Muxtar respublikasının büdcəsini əhatə edib. Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri 4 mlrd. 177,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Qeyd edək ki, 2014-cü il ilə müqayisədə nəzarət tədbirlərinin sayı eyni olsa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çox olub. Təhlil hesabat ilində cəmi əhatə olunmuş vəsaitin 46,6%-ni cari xərclər, 53,4%-nin isə əsaslı xərclərdən ibarət olduğunu göstərir. Cari xərclərin tərkibində əməktutmlu xərclərin xüsusi çəkisi 43,6% təşkil edib. 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-i mərkəzləşdirilmiş, 9,1%-i isə yerli xərclər üzrə olub", - deyə V. Gülməmmədov vurğulayıb.
Onun sözlərinə görə, 2015-ci ilin iş planına uyğun başa çatdırılmış və qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı 4 mln. 496,1 min manat, dövlət büdcəsinin xərcləri ilə bağlı 4170 min manat məbləğində vəsait, həmçinin 39,5 min avro dövlət büdcəsinə bərpa edilib: "Əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1055 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib. Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 mln. 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib".
Hesabat ilində dövlət büdcəsinə vəsaitlərin bərpası ilə yanaşı, 377,8 min manat məbləğində maliyyələşmənin azaldılmasına nail olunub ki, bu da dövlət vəsaitlərinin qənaətli istifadəsini təmin edib.
Vüqar Gülməmmədov qeyd edib ki, vəsaitlərdən təyinatı üzrə istifadə olunmaması ilə bağlı mövcud qanunvericiliyə dəyişikliklər edilməkdədir.
Palata hesabat ilində müvafiq təhlillərin nəticələri ilə bağlı məlumatları, həmçinin büdcə prosesinin təkmilləşdirilməsi üzrə 16 istiqamətdə 40-dan çox təklifi, eyni zamanda tərtib etdiyi rəylərdə çoxsaylı təklif və tövsiyələrini Milli Məclisə təqdim edib.
Hesablama Palatasının ötən il üzrə hesabatının təqdimatından sonra müzakirələr başlayıb. Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Hesablama Palatasının apardığı audit nəticəsində səhiyyə müəssisələrində 100-lə vakant iş yerləri var: "Azərbaycanda Səhiyyə ocaqlarını bitirən yüzlərlə məzun var. Səhiyyə işçiləri bu vakant yerlərə işçi cəlb edilməkdənsə, vakant yerlər mövcud tibb heyəti arasında bölüşdürülür. Cənab prezident də dəfələrlə çıxışında vurğulayıb ki, ölkədə yeni iş yerləri yaradılmalıdır. Bu baxımdan vakant yerlərin mövcud tibb personalı arasında bölüşdürülməsini düzgün hesab etmirəm. Hesablama Palatasının qaldırdığı bu məsələyə çox ciddi yanaşılmalıdır".
Qənirə Paşayeva əlavə edib ki, ölkədə valideyn himayəsindən məhrum olmuş uşaqların ali məktəbə təhsil haqqının ödənişlərdən azad edilməsi ilə bağlı qanun qəbul edilib: "Qanunda bu yaş həddi 18-23 yaş göstərilib. Amma bəzi hallarda belə uşaqlar ali məktəbə 1-2 ildən sonra qəbul edilir. Buna görə də onlar 1, 2, 3-cü kursda ödənişdən azad edilir. Amma növbəti illərdə ödəniş etməli olur. Bu məsələyə baxılmasını təklif edirəm".
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası tərəfindən sistemli nəzarət həyata keçirilir: "Büdcə vəsaitinin 5 mlrd. manatlıq hissəsinə Hesablama Palatası nəzarət edir. Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatında dövlət büdcəsinin xərcləri üzrə ilə bağlı yol verilən nöqsanları maddələr üzrə bölüb. Bu isə nöqsanların aradan qaldırılmasına imkan verir".
Millət vəkili Vahid Əhmədov isə nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilən 10 mln. vəsaitin az olduğunu diqqətə çatdırıb: "Hesablama Palatası çox ciddi nöqsanlar aşkar edir. Palatanın apardığı yoxlamalar nəticəsində çox ciddi problemlərin olduğu məlum olub. İndiki vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır".
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.