“Ermənistanın nüvə təhdidi dayandırılmalıdır” Siyasət

“Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”

Prezident İlham Əliyev: "Azərbaycan əhalisinə qarşı kimyəvi silahdan istifadə edilib"

"Azərbaycan Dünya Humanitar Sammitinin nəticələrinin dünyada yaşayan insanların yaşayış standartlarının inkişafına təsir edəcəyinə inanır".
Bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan da vaxtilə qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır: "Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırımı törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb".
Azərbaycan prezidenti bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib: "Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir".
Azərbaycan prezidenti deyib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 20 ildən çoxdur kağız üzərində qalıb: "Lakin digər məsələlərlə bağlı qətnamələr gün və ya saatlar içərisində yerinə yetirilir".
İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib. O bildirib ki, belə hal Azərbaycan qarşı ikili standart siyasətidir: "Ermənistan bu qətnamələri yerinə yetirməlidir. Hazırda regionda digər böyük təhlükə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - "çirkli bomba"sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır".
Azərbaycan prezidenti Ermənistan işğalı nəticəsində evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ciddi işlər görüldüyünü söyləyib: "Azərbaycan bu məqsədlə 6 milyard dollar sərf edib. Qaçqın və məcburi köçkünlərin arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə düşüb. Son 12 ildə ölkədə ümumi yoxsulluq səviyyəsi 5 faizə endirilib".
Dövlət başçısı Azərbaycanın oxşar problemlərlə üzləşən ölkələrə hər zaman yardım etdiyini vurğulayıb.