“İşğal altındakı torpaqlarda məskunlaşma aparılır” Siyasət

“İşğal altındakı torpaqlarda məskunlaşma aparılır”

Elman Məmmədov: "Suriya, Livan, İraq, Liviya və başqa yerlərdən ermənilər köçürülür"

Aprel hadisələrindən, xüsusən də Vyana görüşündən sonra ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyasının bölgəyə səfəri ilə bağlı təkliflər səsləndirilməkdədir. Məlumat üçün qeyd edək ki, artıq belə səfərlər dəfələrlə baş tutub, lakin missiyanın hesabatı heç bir konkret addımla nəticələnməyib. Xocalıdan olan deputat Elman Məmmədovun sözlərinə görə, ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyası işğal altında olan torpaqlarda Ermənistanın törətdiyi əməlləri öz hesabatlarında açıq şəkildə vermir və gizlədir: "ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyası Azərbaycanın işğal altındakı ərazilərində vaxtaşırı olur. Onlar sonuncu dəfə aprel hadisələri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə də görüşdülər. Görüş zamanı mən də orada idim. Şəxsən mən onlara sual verdim ki, sizin bu missiya Azərbaycanın ortaya qoyduğu tələblərlə, əldə etdiyimiz məlumatlarla nə dərəcə qənaətbəxşdir?".
Millət vəkili qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarında qeyri-qanuni məskunlaşma aparılır. Suriya, Livan, İraq, Liviya və başqa yerlərdən ermənilər köçürülüb gətirilir. Bu gün Dağlıq Qarabağda ermənilər tərəfindən narkotik vasitələrin əkilib-becərilməsi, satışı, daşınması həyata keçirilir.Kimyəvi tullantılar işğal altındakı ərazilərdə basdırılır. Su hövzələri zəhərli maddələrlə çirkləndirilir. Ermənilərin və digər ölkələrin terror təşkilatlarının, PKK-nın işğal edilmiş ərazilərdə təlim bazaları yaradılıb: "ATƏT-in Monitorinq qrupunun faktaraşdırıcı missiyası da işğal altındakı torpaqları yoxladığı zaman Azərbaycanın məlumatları öz təsdiqini tapır. Faktaraşdırıcı missiya təsdiqini tapmış faktların bir qismini qərəzli şəkildə gizlədir, öz hesabatında vermir. Hesabatlarda göstərilən faktlarla bağlı təcavüzkar Ermənistana qarşı heç bir sanksiya, cəza tədbiri, qərar və qətnamə tətbiq edilmir. Ona görə də biz məsələni belə qoyuruq ki, bəs sizin bu missiyanı həyata keçirməkdə məqsədiniz nədir? Hər dəfə min cür bəhanələr və əsassız fikirlərlə diqqəti yayındırır, işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiqinə gələndə bunu etmirlər. Sadəcə olaraq Anjel Kasprşik və digərlərinin hesabatları və bəyanatları kağız üzərində qalır". Elman Məmmədov deyib ki, faktaraşdırıcı missiyanın münaqişəyə bəslədiyi laqeyd münasibət Ermənistanı daha da ruhlandırır və ona ümid verir: "Müşahidə qrupları və faktaraşdırıcı missiya üzvləri Qarabağa səfərilərini yalnız öz işləri hesab edirlər. Düşünürlər ki, bu işə görə maaş alırlar və hər dəfə məsələyə səthi yanaşmaqla yola vermək lazımdır. ATƏT-in Monitorinq qrupunun məsələyə qeyri-ciddi yanaşması işğalçı Ermənistanı daha da ruhlandırır, onlara ümid verir. Ermənistan da düşünür ki, "onsuz da bizə söz deyən yoxdur istədiyimizi edə bilərik". Monitorinq qrupu hər dəfə cəbhə xəttində müşahidə aparanda ermənilər atəşkəsi açıq-aşkar pozurlar. Hətta çox vaxt onların özlərinə də ermənilər güllə atırlar. Amma bu günə qədər hələ də ATƏT və onun qurumları bununla bağlı ortaya ədalətli qərar qoymaq istəmirlər. Onların real iş görmək fikirləri yoxdur". Deputat ATƏT, AŞPA və digər beynəlxalq qurumların "atəşkəs" çağırışlarını sırtıqlıq, həyasızlıq, tərbiyəsizlik və ləyaqətsizlik adılandırıb: "Aprel hadisələri zamanı Azərbaycanın mülki əhalisinin çəkdiyi ziyanı, məruz qaldığını vəhşilyi ATƏT və AŞPA-da çox gözəl bilirlər. Amma Monitorinq qrupu bunu bilə-bilə yenə də Ermənistanın tərəfini saxlayır. Aprel hadisələrindən sonra ATƏT, AŞPA və digər beynəlxalq təşkilatlar bəyanat verdilər ki, "hər iki tərəf atəşkəsə ciddi əməl etməli və dayanıqlı etimad mühiti yaradılmalıdır. Onların bu tələbini haqsızlıq, ədalətsizlik və tərbiyəsizlik adlandırıram. Görün bunlar nə qədər tərbiyəsiz, həyasız və sırtıq tələbdir. Həm gəl mənim torpağımı işğal et, həm də məndən buna göz yummağı və səbr etməyi tələb et. Bundan betər ləyaqətsizlik ola bilməz". Elman Məmmədov Dağlıq Qarabağ münaqişəsində yalnız Azərbaycan dövlətinə, xalqına, Ordusuna və Ali Baş Komandana güvəndiyini vurğulayıb: "Ona görə də şəxsən məndə bir məcburi köçkün, deputat, vətəndaş kimi ATƏT, AŞPA və digər beynəlxalq qurumlara heç bir inam, etibar, ümid qalmayıb. Mənim inam və etibarım yalnız Azərbaycan xalqına, dövlətinə, Ordusuna, Ali Baş Komandanına, onun verəcəyi əmrədir".
Qeyd edək ki, ATƏT-in qiymətləndirmə missiyasının hesabatında əks olunan faktlar əsas verir ki, bu təşkilat və digər beynəlxalq qurumlar işğalçı Ermənistana ciddi təzyiqlər göstərməyə başlasın. Bunun üçün ötən müddət ərzində qiymətləndirmə missiyası daha geniş monitorinq apara bilərdi və Ermənistanın təcavüzkar siyasətini ifşa edən faktlar daha da çox olardı. Təəssüf ki, ötən müddət ərzində sözügedən qurum da ikili standartlardan əl çəkə bilməyib. Ancaq o da etiraf edilməlidir ki, bu missiya fəaliyyəti dövründə müəyyən monitorinq həyata keçirib. Bunun nəticəsində də bir sıra faktlar aşkar edilib və bu faktların hesabata daxil olunması istiqamətində müəyyən işlər görülüb. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə qiymətləndirmə missiyasını həyata keçiriblər. Bu missiyanın həyata keçirilməsində ATƏT sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından iki mütəxəssis də iştirak edib. Çox təəssüf ki, həyata keçirilən monitorinqlərin nəticələri bu günə qədər kağız üzərində qalıb.