
Əli Həsənov: "Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana sanksiya tətbiq etməkdən çəkinir"
Milli Məclisin İnsan hüquqları komitəsi 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar parlamentdə dinləmələr təşkil edilib.
İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, Milli Məclis çox gözəl ənənə formalaşdırıb, aktual məsələlərlə bağlı dinləmələr keçirir və bu tədbirlər ictimaiyyətlə məsləhətləşmə xarakteri daşıyır.
Bahar Muradova bildirib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması ilə ölkədə müstəqil dövlət quruculuğu başlayıb: "Sabah isə Azərbaycanda İnsan Hüquqları Günüdür. Azərbaycanın qazandığı uğurlar Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Heydər Əliyev həmişə insan hüquqlarını təmin etməyi dövlətin əsas vəzifəsi kimi səciyyələndirib. Ölkəmizdə insan hüquqlarının əsas təminatçısı Azərbaycan dövlətidir. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiya qəbul edilib. Bütün qanunvericilik aktlarımız insan hüquqları əsas götürülməklə qəbul olunub".
Bahar Muradovanın sözlərinə görə, Heydər Əliyev kursunun layiqli davamçısı olan prezident İlham Əliyev 2007-ci ildə 18 iyunu Azərbaycanda İnsan Hüquqları Günü elan edib. O, ötən dövrdə ombudsman institutunun Elmira Süleymanovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb: "Azərbaycan insan hüquqları sahəsində demokratik dövlətlərin uzun müddətdə əldə etdiyi nəticələri qısa müddətdə əldə edib. Azərbaycanda bütün sahələrdə insan hüquqlarının müdafiəçisi kimi tanınmış vətəndaş cəmiyyəti üzvləri var".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir" mövzusunda çıxış edib.
Əli Həsənov deyib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, insan hüquqları sahəsində mühüm nailiyyətdir.
Əli Həsənov bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib, soyqırımı törədib, 1 milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salıb, insan hüquqlarını kütləvi surətdə pozub: "Təəssüf ki, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən hələ də çəkinir".
Azərbaycan prezidentinin köməkçisi deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xaos aradan qaldırılıb, sabitlik bərpa edilib: "Bu dövrdən başlayaraq, beynəlxalq sənədlərdə insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla, qanunlarımız qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi. Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. Sonradan prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla İnsan Hüquqları Günü kimi qəbul edilib. 2006 və 2011-ci ildə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2025-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. İnsan hüquqları söz və sərbəst toplaşmaq azadlığı ilə bağlıdır. Sərbəst toplaşmaqla bağlı yerli icra hakimiyyəti orqanları rayonlarda açıq və qapalı yerlər müəyyən edilib. Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsində partiyaların maliyyələşməsinə 2,5 milyon vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib".
Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Əli Həsənov qeyd edib ki, ölkədəki QHT-nin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtsaslaşıb: "2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərinin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən başlayaraq icra orqanları yanında İctimai şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında KİV haqqında qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə 7 gün sonra nəşrə başlamaq olar".
Mətbuat Şurası , Milli Televiziya və Radio Şurasının yaradılmasından bəhs edən Əli Həsənov nəzərə çatdırıb ki, prezident İlham Əliyev medianın inkişafına diqqətlə yanaşır, KİV-in qlobal məkana inteqrasiyasına daim dəstək verir: "2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fond tərəfindən ötən dövr ərzində medianın inkişafına 30 milyon manat ayrılıb. Azərbaycan KİV-in sayına görə MDB və Avropa məkanında lider ölkələrdən hesab olunur. 5 mindən çox KİV qeydiyyatdan keçib, 50-dən çox televiziya və radio, çoxlu sayda yayım orqanları fəaliyyət göstərir. Hazırda əhalinin 75 faizi hər gün internetdən istifadə edir, sosial şəbəkə istifadəçilərin sayı 1,2 milyon nəfəri ötüb".
Milli Məclis Aparatının Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası Venesiya Komissiyasının üzvü Lətif Hüseynov Milli Məclis Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini nəzərə çatdırıb: "Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunub. İnsan hüquqları dedikdə mülki, siyasi hüquqları başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadi və sosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisdə bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. Sosial dövlət termini Konstitusiyamızda işlənmirdi, ancaq sosial yönüm dövlət siyasətinin tərkib hissəsi idi. Sonradan Konstitusiyaya dəyişiklik edərkən sosial yönümlü iqtisadi siyasət məsələsi daxil edildi. Biz siyasi reallığı Konstitusiyaya gətirdik".
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova qeyd edib ki, insan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dəyərləndirilir: "Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub. Biz penitensiar müəssisələrə də nəzarət həyata keçiririk. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda ombudsmana hər bir kəs müraciət edə bilər. Heç də bütün ölkələrdə hər bir şəxs ombudsmana müraciət edə bilmir. İctimai dinləmələr ombudsman institutunun ölkəyə gətirdiyi bir yenilikdir. Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməyə başlamışıq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Digər tərəfdən, Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 11 min insana tətbiq olunacaq. Təkcə dünən 350 insan azadlığa çıxdı".
Elmira Süleymanova bu il Azərbaycanda "Multikulturalizm ili"nin elan olunmasının təsadüfi olmadığını vurğulayıb.
Ali Məhkəmənin üzvü Vəfaddin İbayev "Azərbaycan məhkəmələrində insan hüquqlarının müdafiəsi", Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Azərbaycanda insan hüquqları vətəndaş cəmiyyətinin baxışları kontekstində" mövzusunda çıxış ediblər.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu öz çıxışında beynəlxalq təşkilatların Daqlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə aydınlıq gətirib. Hüquq müdafiəçisinin sözlərinə görə, AŞPA həmməruzəçiləri Qarabağ məsələsinə münasibət bildirməkdən imtina edirlər: "Avropa Şurası Parlament Assambleyası həmməruzəçiləri ilə görüşümüzdə Dağlıq Qarabağ məsələsini qaldırmaq barədə təklif oldu, dərhal dedilər ki, biz Qarabağ məsələsinə toxunmuruq".
Novella Cəfəroğlu bildirib ki, Avropa Şurası və digər beynəlxalq qurumlarla daha aktiv iş aparılmalıdır. O, hazırda hüquq müdafiəçilərinə daha çox mülkiyyət və qadın hüquqlarının pozulması barədə müraciətlərin daxil olduğunu söyləyib: ""Sovetski" və digər yerlərdə mülkiyyət hüquqlarının pozulması ilə bağlı müraciətlər daxil olur. Biz bu məsələləri görüşlərimizdə müzakirə edirik".