“Dəlillər erməni yalanlarını ifşa edir” Siyasət

“Dəlillər erməni yalanlarını ifşa edir”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yay sessiyasının dördüncü iş günündə diqqət mərkəzində olan əsas məsələ mədəniyyət və təhsil problemləri mövzusunun siyasi aspektləri idi. Serbiyalı deputat Vesna Maryanoviçin hazırladığı "Mədəniyyət və demokratiya", eləcə də fransalı deputat Pyer Le Bornun müəllifi olduğu "Vətəndən xaricdə yaşayan icmaların təhsil və mədəniyyət şəbəkəsi" adlı məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Otuzdan artıq Assambleya üzvünün qatıldığı fikir mübadilələrində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə diqqəti mədəniyyət anlayışının demokratik mahiyyətinə yönəldib. O deyib: "Əslində "homo sapiens" elə mədəni insan deməkdir və mədəniyyət həyatın hər sahəsinə aiddir. Yəni, peşəkar mənada mədəniyyətdən savayı, siyasətdən tutmuş iqtisadiyyata qədər, birgəyaşayışdan başlamış müharibəyə qədər hər istiqamətin özünə xas olan fəaliyyət, mövcudluq mədəniyyəti var. Zərif mədəniyyət anlayışı ilə kobud müharibə məfhumu zahirən təzadlı görünə bilər. Lakin mahiyyətə gəldikdə görürük ki, müharibənin özünün də müəyyən aparılma mədəniyyəti, tabe olmalı olduğu humanitar və hüquqi qaydalar var. Eyni zamanda, müharibənin artıq peşəkar mənada mədəniyyətlə, mədəni sərvətlərlə münasibətdə yerinə yetirməli olduğu müəyyən beynəlxalq tələblər də mövcuddur. Mədəniyyət bəlkə də ən demokratik dəyərlər sistemidir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir".
Sonra diqqəti Ermənistanın apardığı təcavüzkar siyasətə yönəldən deputat Rafael Hüseynov bu işğalın mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib: "Bütün həyatım boyu mən mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də öz ölkəmdəki ən böyük muzeylərdən birində çalışıram. Artıq 25 ildir ki, Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi "mədəniyyət və demokratiya" prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüz illərlə deyil, min illərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı, bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təəssüflər olsun ki, onların əksəriyyəti ya məhv edilib, ya da qəsb edilərək erməniləşdirilib".
Ermənilərin tarixi saxtalaşdırmasına dair əyani nümunəni misal çəkməklə azərbaycanlı deputat əslində belə cəhdlərin də arxasında işğala süni tarixi zəmin yaratmaq niyyəti olduğunu bildirib: "Ermənistanın işğal altında saxladığı Laçın rayonunda IV əsrə aid Ağoğlan qəsri qalıb. 2006-cı ildə ermənilər həmin qəsrin divarlarına 26 yazılı daş lövhə əlavə ediblər ki, guya bu abidənin onlara məxsusluğuna tarixi sübut yaratsınlar. Digər tərəfdən də təsəvvür yaratmağa çalışıblar ki, guya bu yerlərə gəlmə deyillərmiş, buralarda elə orta əsrlərdən bəri yaşayırmışlar. Lakin tarixi belə asanlıqla saxtalaşdırmaq mümkün deyil. Belə ki, hələ XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları və tarixçiləri həmin abidəni müfəssəl araşdıraraq tam təsvirini əhatə edən kitablar nəşr edib, dissertasiyalar yazıblar. Bu danılmaz dəlillər isə erməni yalanlarını dərhal və qeyd-şərtsiz ifşa edir.
Ermənistan "Mədəniyyət və demokratiya" müstəvisində belə miskin görünür. Halbuki "Silahlı münaqişələr baş verdikdə mədəni sərvətlərin qorunması" haqqında 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il UNESCO Konvensiyası həmin irsə tamam başqa münasibəti tələb edirdi".
Ermənistanın əksinə olaraq Azərbaycanın dünya mədəni irsinə qayğıkeş münasibətini avropalı deputatlara R.Hüseynov ölkəmizin məhz Avropada apardığı nəcib mədəni tədbirlərlə açıqlayıb: "Azərbaycan beynəlxalq mədəni irsə münasibətdə hansı mövqedədir? Son illərdə təkcə Azərbaycandakı Heydər Əliyev Fondu İtaliyada, Roma şəhərindəki Müqəddəs Marçellini və Pietro katakombalarının, Strasburqdakı kafedralın XIV əsrə aid 5 vitrajlı pəncərəsinın bərpasını və digər neçə belə nəcib mədəni layihəni həyata keçirib. Çünki müsəlman Azərbaycanı sərhədlərindən çox uzaqlardakı bu xristian mədəniyyəti sərvətlərinə də elə özünün doğma irsi kimi qayğıkeş münasibət bəsləyib. Zənnimcə, bu cür yanaşmanın hamımız üçün ənənəvi düşüncə tərzinə çevrildiyi təqdirdə əldə edəcəyimiz nəticələr qitəmizin və dünyamızın daha əmin-aman, daha gözəl, daha yaşamalı olmasına gətirib çıxarar. Həyatın, insan fəaliyyətlərinin hər bir sahəsinə aid edilə bilmək baxımından mədəniyyətlə siyasət eyni gələr. Hər bir sahənin özünəməxsus mədəniyyəti olduğu kimi, hər istiqamətin də özünə görə siyasəti var. Bu iki anlayışı qarşılıqlı tətbiq etsək görərik ki, mədəniyyətin siyasəti olan sayaq, siyasətin də mədəniyyəti var. Arzu edək ki, heç vaxt siyasətimizdən mədəniyyət, mədəniyyətimizdən isə demokratik siyasət əskik olmasın!"