“Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır” Siyasət

“Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır”

Brink: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklərə sadiqdir"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklərə sadiq qalır".
Bunu Azərbaycan səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink deyib.
Onun sözlərinə görə, bu öhdəliklərə Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində irəliləmək daxildir.
"Biz münaqişənin dinc, davamlı və tam həllini dəstəkləyirik", - deyə o bildirib.
Bricet Brink deyib ki, Azərbaycan Birləşmiş Ştatlar üçün vacib tərəfdaşdır: "Azərbaycana səfərimin məqsədi əlaqələrimizi genişləndirməkdir.
"Biz təhlükəsizlik, iqtisadiyyat, energetika və demokratiya sahəsində münasibətlərimizi inkişaf etdiririk. Təhlükəsizlik sahəsində də əməkdaşlığımızı inkişaf etdiririk. Biz yeni İpək Yolu təşəbbüsünü dəstəkləyirik. Bu layihəni həyata keçirməklə, Azərbaycan yükdaşımalar mərkəzinə çevrilir. İqtisadi inkişaf və təhlükəsizlik baxımından vacib məsələdir. İqtisadi və enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Əməkdaşlığımızın göstəricisi olan Səngəçal terminala baş çəkdim. Görüşlərim müsbət və konstruktiv keçib. Prezident, XİN rəhbəri və müxalifət nümayəndələri ilə görüşdüm", - deyə o vurğulayıb.
Diplomat bildirib ki, ABŞ Azərbaycanda bu yaxınlarda jurnalist, fəal və digər şəxslərin azad olunmasını alqışlayır: "Səfərim zamanı azad olunan bir sıra şəxslərlə görüşüm olub. ABŞ bu məsələlərə hər zaman dəstək verir".