“Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir” Siyasət

“Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir”

Mübariz Qurbanlı: "Heç bir ailə övladının dini radikalizmin təsirinə düşməsindən sığortalanmayıb"

"Azərbaycanda dini radikalizmə qarşı mübarizə bizim qarşımızda duran ən vacib vəzifələrdən biridir. Amma heç bir ailə sığortalanmayıb ki, onun övladı dini radikalizmin təsirinə düşə bilməz. Bunu bizim sifarişimizlə çəkilən "Fitnə" filmində övladı Suriyada döyüşən və həlak olan valideynlərin timsalında görmək olar. Onların çoxu möhkəm təməlli ailələrdir, amma övladları dini radikalizmin qurbanı olub".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Nizami Rayon İcra Hakimiyyətində keçirilən toplantıda bildirib. O deyib ki, Azərbaycanda hər yerdə dini radikalizmə qarşı mübarizə aparılmalıdır: "Dinə qarşı deyil, dini radikalizmə qarşı mübarizə aparırıq. Bəziləri dini radikalizmə qarşı mübarizəni din ilə qarışdırırlar. Azərbaycanda dövlətin dinə diqqət və qayğısı həmişə ön planda olub. Bu yaxınlarda prezidentimiz dini icmalara xeyli vəsait ayırdı, bunun özü dövlətin dinə böyük himayəsidir".
M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini radikalizmə qarşı mübarizə üç istiqamətdə qurulub: "Bu istiqamətlərdən birincisi ideoloji mübarizədir. Radikal dini qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Ona görə də ideoloji baxımdan ciddi mübarizə aparılmalıdır".
Komitə sədri bildirib ki, dini radikalizmə qarşı mübarizədə ikinci xətt hüquq-mühafizə orqanlarının üzərinə düşən vəzifədir: "Dini radikalizmə qarşı mübarizədə üçüncü istiqamət iqtisadi sahədə olan mübarizədir. Biz imkan verməməliyik ki, bu cür insanlar pul vəsaiti əldə edib, özünü varlı kimi cəmiyyətə nümunə göstərsin. Onlara imkan verilməməlidir ki, maliyyə vəsaiti əldə etsinlər və ondan gəncləri öz təsirləri altına almaq üçün istifadə etsinlər. Biz bütün cəmiyyətin gücünü səfərbər edib, bu cür qrupların, ünsürlərin Azərbaycana ayaq açmasına imkan verməməliyik. Dini radikalizm ümumbəşəri bəladır. Dini radikalizm harada inkişaf tapırsa, orada fəlakət baş verir. Bunun baş verməməsi üçün bütün cəmiyyət, dövlət qurumları birgə çalışmalıdır, dini radikalizmə qarşı birgə mübarizə aparmalıdır".