Çavuşoğlu Ermənistanla əlaqələrdən danışıb Siyasət

Çavuşoğlu Ermənistanla əlaqələrdən danışıb

Hərbi çevriliş cəhdinə qədər Türkiyə rəhbərliyi Bakıda Ermənistanla əlaqələrin normallaşdırılması prosesini müzakirə edib.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk"-ə müsahibəsində deyib.
Çavuşoğlu bildirib ki, münasibətlərin normallaşdırılması ilə bağlı Ermənistanla birbaşa danışıqlar aparılmayıb. O, qeyd edib ki, lakin müxtəlif beynəlxalq tədbirlərdə erməni həmkarı ilə müzakirə aparıb.
Türkiyə XİN rəhbəri vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində Ankara həmişə Azərbaycanın tərəfindədir və rəsmi Bakının münaqişənin həlli ilə bağlı təqdim etdiyi bütün variantları müdafiə edəcək.
Qeyd edək ki, Çavuşoğlu bu yaxınlarda Azərbaycana gözlənilməz səfər etmişdi. Türkiyə KİV-lərində yayılan məlumatlarda qeyd edilirdi ki, Çavuşoğlu Bakıda Ermənistanla sərhədlərin açılması məsələsini müzakirə edib.