Qüdrət Həsənquliyev: Dostlarımız sevindi, düşmənlər yasa batdı Siyasət

Qüdrət Həsənquliyev: Dostlarımız sevindi, düşmənlər yasa batdı

“Azərbaycan Respublikası Pezidentinin cəsarətli və müdrik qərarları, Silahlı Qüvvələrimizin şücaəti və peşəkarlığı bu tarixi qələbəni xalqımıza qazandırdı”

Mən Ali Baş Komandan başda olmaqla bütün xalqımızı, əsgər və zabitlərimizi işğalçı rejimin özünü buraxması, eləcə də xalqımızın işğalçı Ermənistan və onun havadarları üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə bir daha təbrik edirəm.

Qarabağdakı qondarma rejimin özünü buraxması ilə bağlı xalqcebhesi.az saytının sualını cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev belə deyib.

BAXCP sədri qeyd edib ki, Azərbaycan Respublikası Pezidentinin cəsarətli və müdrik qərarları, Silahlı Qüvvələrimizin şücaəti və peşəkarlığı bu tarixi qələbəni xalqımıza qazandırdı: “Bu tarixi qələbə xalqımızın özünəinam hissini artırdı, torpaqlarımız uğrunda mübarizədə həyatlarını qurban vermiş bacı və qardaşlarımızın ruhunu şad, dünyada başımızı uca etdi. Dostlarımız sevindi, düşmənlər yasa batdı. Qələbə xalqımızın birliyini, potensialını dünyaya nümayiş etdirdi. Əminəm ki, Qələbəmiz xalqımızı daha böyük uğurlar əldə etməyə ruhlandıracaq, bölgəyə sülh və əməkdaşlıq imkanı verəcək. Azərbaycan dünyanın ən öndə gedən, rifah içərisində yaşayan demokratik ölkələrindən birinə çevriləcək. Allah xalqımızı qorusun!”