Ümummilli lider Heydər Əliyevin siyasəti fundamental nəticələrə səbəb olub - İqtisadiyyat nazirinin müavini Siyasət

Ümummilli lider Heydər Əliyevin siyasəti fundamental nəticələrə səbəb olub - İqtisadiyyat nazirinin müavini

Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa bir müddət ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaq görən siyasəti və ölkə başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifahı əhatə edən fundamental nəticələr əldə edib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Azad rəqabət mühitinin formalaşdırılması və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda forumda deyib.

"Əldə olunmuş nəticələrin mühüm amillərindən biri də ölkədə sağlam və rəqabətli biznes mühitinin formalaşdırılması və belə bir şəraitdə istehlakçı hüquqlarının qorunması sahəsində atılan addımlar olub. Qeyd edim ki, Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət verib.

Həmin dövrdə Ulu Öndərin uğurlu siyasəti nəticəsində ölkə üçün strateji əhəmiyyət kəsb edən meqalayihələrlə bağlı müqavilələr bağlanıb, eləcə də, ölkə daxilində əlverişli biznes mühitinin yaradılması və istehlakçı hüquqlarının qorunması sahəsində institusional çərçivə və normativ hüquqi baza yaradılıb", - deyə o əlavə edib.