AVCİYA referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını təqdim edib Siyasət

AVCİYA referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını təqdim edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumla bağlı uzunmüddətli müşahidə həyata keçirir.
Assosiasiya uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını dünən ictimaiyyətə təqdim edib.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov uzunmüddətli müşahidə missiyasının məqsədi barədə məlumat verib. AVCİYA Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, referendum prosesi ilə əlaqədar qanun pozuntuları, referendumla bağlı qanunvericilik bazası, referendum ərəfəsində ölkədəki siyasi mühit, MSK, dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının fəaliyyəti, təşviqat kampaniyası və referendum gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətin icrasına iyunun 26-dan başlayıb.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, ilkin hesabat 26 iyun-26 avqust tarixlərini əhatə edir: "Azərbaycanın Avropa Şurası qarşısında götürülən öhdəliklərdən biri azad və şəffaf seçkilərin keçirilməsidir. Bu prosesdə isə müşahidəni QHT-lər həyata keçirməlidir. AVCİYA da beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi referendumla bağlı uzunmüddətli müşahidəni həyata keçirir".
M. Zülfüqarlı qeyd edib ki, ilkin hesabata Azərbaycanda keçirilmiş referendumlar haqqında məlumat, referendum öncəsi siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio ("İctimai" və "Azadlıq" radioları), 9 qəzet (3 iqtidaryönümlü - "Azərbaycan", "Xalq", "Bakinskiy raboçiy", 3 neytral - "Ədalət", "525-ci qəzet", "Şərq", 3 müxalifət - "Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" qəzetləri) və 2 informasiya agentliyinin (APAvə Turan) monitorinqi öz əksini tapıb: "Müsbət hal ondan ibarətdir ki, monitorinq aparılan 13 KİV-in yönümündən asılı olmayaraq hamısında referendumla bağlı müsbət yazılar verilib. Bundan başqa, 13 KİV-in hamısında referenduma dair neytral məlumatlar da geniş yer alıb. Lakin 8 KİV-də ("Azərbaycan", "Xalq", "Bakinskiy raboçiy", "Ədalət", "525-ci qəzet", "Şərq" qəzetləri, "İctimai" radio, APA informasiya agentliyi) referendum əleyhinə heç bir məlumat verilmədiyi halda, 5 KİV-də ("Azadlıq", "Yeni Müsavat", "Xalq Cəbhəsi" qəzetləri, "Turan" informasiya agentliyi, "Azadlıq" radiosu) mənfi məlumatlar verilib. Bunu da ölkədə demokratik mühitin göstəricisi hesab etmək olar. Başa sözlə, bu KİV-lərdə referendum barədə 117 müsbət, 205 neytral, 72 mənfi münasibəti əks etdirən məlumat işıq üzü görüb. Azərbaycan regionda ən stabil ölkədir. Bu da demokratik, şəffaf referendum keçirilməsinə imkan verir. Siyasi qüvvələr arasında elə bir ziddiyyət müşahidə olunmur. Tövsiyələrimizdən biri iqtidarla müxalifət arasında dialoqun aparılması olacaq".
M. Zülfüqarlı uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabatın sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcəyini söyləyib: "Referendum zamanı 62 dairənin 3000 məntəqəsində müşahidə aparılacaq. Müşahidəçilər seçici fəallığı və qanun pozuntusunun baş verib-verməməsini diqqət mərkəzində saxlayacaq. Aralıq hesabat sentyabrın 20-də ictimaiyyətə təqdim ediləcək. İlkin hesabat referendumun keçirildiyi günün sabahı, sentyabrın 27-də təxminən saat 10-11-də, yekun hesabat isə oktyabr ayının 10-na kimi açıqlanacaq. AVCYA-nın referendumda müşahidə aparması üçün bu günlərdə MSK-ya müraciət ediləcək".
M. Zülfüqarlı referendumda "Yeni Azərbaycan", "Bələdiyyə", "Vətəndaş təşəbbüsü" təşviqat qruplarının qeydiyyata alındığını nəzərə çatdırıb: "Azərbaycan hökuməti Avropa Şurasına referendumun müşahidəsi ilə əlaqədar müraciət edib. Bu barədə qərar sentyabrın 5-də veriləcək. Venesiya Komissiyasına gəlincə, əvvəlki dönəmlərdə Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanla bu qurum arasında əməkdaşlığa ehtiyac olub. Azərbaycan sürətlə inkişaf edir və böyük uğurlara nail olmuşuq. Azərbaycan hakimiyyəti indiki halda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna müraciət etməyə ehtiyac duymayıb. Bir məqamı da deyim. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda mövqe belədir ki, Azərbaycan parlamentli respublika modelinə keçməlidir. Bu qurumun keçirdiyi tədbirlərin birində mən də iştirak etmişəm. Mən o tədbirdə də söz alıb dedim km, torpaqlarının 20 faizi işğal altında olan ölkədə güclü prezident hakimiyyətinə ehtiyac var".