“Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız həyata keçirilən mühüm islahatlardan irəli gəlmir” Siyasət

“Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız həyata keçirilən mühüm islahatlardan irəli gəlmir”

Tahir Rzayev: "Bunu həm də insanları yad mənfi meylərdən çəkindirmək zərurəti tələb edir"

Məlahət İbrahimqızı: "Referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır"

Emil Hüseynli: "Dəyişikliklər Azərbaycanın dayanıqlı inkişafına xidmət edir"


"Atılan hər addımda məqsəd sözsüz ki, ölkənin hərtərəfli inkişafını təmin etmək, yeniləşdirmək, müasirləşdirmək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tətbiq etməkdir". Bunu millət vəkili Ağalar Vəliyev deyib. O bildirib ki, Konstitusiyanın 59-cu maddəsinə edilən əlavəyə görə "Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlıqlarının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir: "Prezident İlham Əliyevin sahibkarlığın inkişafına yönələn son fərman və sərəncamları, həyata keçirdiyi tədbirlər iş adamları tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Ən əsası cənab İlham Əliyevin sərəncamı ilə Sahibkarlar Gününün təsis edilməsi bu qayğının hansı səviyyədə olduğunun göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək, daha təkmil islahatlarla qarşıya qoyulan məqsədə doğru inamla addımlamalıyıq. Əsas hədəflərdən biri də iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Görülən tədbirlərin miqyasının genişliyi, antiinhisar tədbirlərinin gücləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi də bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkşafını şərtləndirir. Hər bir sahənin inkişafına yönələn qanunların qəbulu və onların təkmilləşdirilməsi, həmçinin Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də dövlət siyasətinin ana xəttini təşkil edən hərtərəfli inkişafın prioritetliyini bir daha təsdiqləyir. Düşünürəm ki, bu dəyişikliklərin mahiyyəti daha dolğun şəkildə ictimaiyyətə çatdırılacaq, insan amilinə dəyərdən qaynaqlanan yeniliklər və təkmilləşmə yüksək səviyyədə dəstəklənəcək". Millət vəkili bildirib ki, Azərbaycan demokratik dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan ölkədir: "Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin olunub və qanun çərçivəsində qorunur və müdafiə olunur. Hər bir dövlət əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədə ilk olaraq ictimai-siyasi duruma, sabitliyə diqqət yetirir. Sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunduğu ölkədə demokratik inkişaf inkaredilməzdir". Ağalar Vəliyev deyib ki, Konstitusiyanın 24-cü maddəsinə nəzərdə tutulan əlavə və dəyişikliklərə diqqət yetirsək, insan amilinə dəyər daha qabarıq şəkildə özünü büruzə verir: "İnsan ləyaqəti qorunur və ona hörmət edilir", həmçinin "Hüquqlardan istifadəyə yol verilmir" kimi əlavələr deyilənlərin təsdiqidir. Daha mütərəqqi dəyişiklik şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır. Hər bir əlavə və dəyişiklik obyektiv yanaşmanı və düzgün təhlil aparmağı zərurətə çevirir. Mahiyyətin düzgün dəyərləndirilməsi fonunda əhəmiyyət daha aydın görünür. Prezidentlik səlahiyyətlərinin 5 ildən 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun yaradılması, dövlət və seçkili orqanlarda yaş senzi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması kimi maddələrin Konstitusiyaya əlavə olunması vətəndaşların cəmiyyətdə, ictimai-siyasi proseslərdə daha fəal iştirakı üçün nəzərdə tutulur ki, bu kimi əlavə və dəyişikliklər birbaşa insan hüquq və azadlıqlarının qorunmasına yönəldilir". Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan daha sürətli inkişaf mərhələsindədir və bu inkişaf tempinin istənilər qanunda, Konstitusiyada əksini tapması yeniləşməyə, qanunlarımızın yeni standartlara, tələblərə uyğunlaşdırılmasına ehtiyac yaradır.
Deputat Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasına dəyişiklik edilməsi zərurəti yalnız ölkədə gedən köklü sosial inkişafdan, həyata keçirilən mühüm islahatlardan, genişmiqyaslı layihələrdən irəli gəlmir: "Bunu həm də dünyada baş verən qlobal dəyişikliklər, hadisələr, dövləti qorumaq və müdafiə etmək, insanları yad mənfi meylərdən çəkindirmək zərurəti tələb edir". O, bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan keçən 20 ildən çox vaxt ərzində həm ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında baş verən əsaslı dəyişikliklər, eləcə də respublikanın beynəlxalq aləmə çıxışı, dünya problemlərinə münasibətdə seyirçi mövqedə durmaması, Avropa dəyərlərinə yiyələnməsi, xarici dövlətlərlə əlaqələrin durmadan möhkəmlənməsi, digər tərəfdən daxildən və xaricdən ölkəmizin zəiflədilməsinə, asılı vəziyyətinə salınmasına yönəldilən səylər, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hərbi qüdrətimizin, ordumuzun möhkəmləndirilməsi bu zərurəti surətləndirib: "Konsitusiyada nəzərdə tutulan hər bir dəyişiklik əhəmiyyətlidir və maddələrdə əks olunan yeni fikirlər xalqın istəyi ilə üst-üstə düşür. Bu sentyabrın 26-da səsvermə zamanı özünü bir daha təsdiq edəcəkdir. Sözsüz ki, hər bir azərbaycanlı seçici səsvermədə fəal iştirak edəcək, xalqımızın və dövlətimizin gələcək inkişafında müstəsna rola malik olan bu sənədin lehinə səs verəcək".
Millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi və cəmiyyətin ehtiyacı kimi dəyərləndirmək lazımdır. Bu mənada 26 sentyabrda keçiriləcək referendumun ictimaiyyət tərəfindən geniş müzakirə olunması da məhz bu zərurəti bir daha sübut edir. Məlahət İbrahimqızı qeyd edib ki, aparılan müşahidələr və sorğular göstərir ki, ictimaiyyət arasında referendumun keçirilməsi ilə bağlı böyük əhfal-ruhiyyə və fəallıq vardır: "Əlbəttə bunun da çox ciddi əsasları var. Təkcə yetər ki, son 5 ildə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr və proqramlar, dövlət idarəçiliyinin bütün sahələrində, xüsusilə də, hökumətin şəffaf fəaliyyəti üçün həyata keçirilən islahatlar, xarici siyasətimizdə əldə edilən uğurlar, demokratiya, insan haqları və azadlıqları sahəsində əldə edilən uğurlar məhz bu dəyişikliklərin Əsas Qanunumuzda təsbit olunmasını zəruri etdi". Onun sözlərinə görə, referenduma təklif olunan hər bir təklif dövlətimizin gücünə güc qatmaqla dövlətçiliyimizə böyük töhfələr verəcək: "Bu il biz dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Tarix üçün 25 il çox qısa zamandır. Biz qloballasma fonunda dünyada və regionda gedən proseslərə nəzər salsaq və bunları ölkəmizdə əldə olunan uğurlarla müqayisə etsək, görülən işlərin möhtəşəmliyini bir daha dərk etmiş olarıq. Sözsüz ki, bütün bu uğurlar müasir dövlətimizin qurucusu, Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin misilsiz xidmətləridir. Digər tərəfdən dünyada gedən qlobal təhlükələr, etnik qarşıdurmalar, terrorizm, gündən-günə artan irqi-ayrı-seçkilik, siyasi, iqtisadi və humanitar böhranlar yaşadığımız dünyanın iqtisadi, siyasi və humanitar mühitinin mürəkkəb xəritəsi göz önündədir. Ölkəmizin 20 ildən artıq müddətdə üzləşdiyi işğalı da nəzərə alsaq, bizim regionda da durumun elə də asan olmadığının şahidi oluruq. Bu yaxınlarda Möhtərəm Prezidentimizin NATO-nun sammitindən vətənə döndükdə ilk keçirdiyi iclasda dünyada gedən proseslərin ağırlığını onun səsləndirməsi heç də təsadüfi deyildi". Millət vəkili əlavə edib ki, ölkəmizdə Konstitusiyada hakimiyyət bölgüsü aydın olaraq göstərilib. Eyni zamanda, Azərbaycan Prezident üsul-idarə sistemli respublikadır: "Bu mənada dünyanın ən güclü dövlətlərində artıq çoxdan mövcud olan 1-ci vitse-prezident və vitse-prezident institutunun təsis edilməsi təklifi dövlətimizin və dövlətçiliyimizin daha da güclənməsinə və təkmilləşdirilməsinə xidmət edecəcəkdir. Bilirsiniz, bu gün dünyada cərəyan edən qlobal təhlükələrdən qorunmaq üçün bu dəyişikliklər çox önəmlidir. Əminəm ki, təklif olunan dəyişiklərdə nəzərdə tutulan bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında çox önəmli və çox əhəmiyyətli təsirini göstərəcək...".
"Düşüncə" Gənclərin İnkişafına Dəstək " İctimai Birliyin sədri, ekspert Emil Hüseynli bildirib ki, Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycanın sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təkmilləşdirilməsinə töhfə verəcək. E.Hüseynli bildirib ki, bu əlavə və dəyişikliklər mövcud iqtisadi və siyasi çağırışlar, geosiyasi proseslər fonunda Azərbaycanın dayanıqlı inkişafına xidmət edir: "Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikdə insan hüquqları və azadlıqlarının genişlənməsi, qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi, həmçinin prezidentlik institutunun gücləndirilməsi nəzərdə tutulur. Təkcə dəyişikliklərin 60 faizdən çoxu insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlıdır. Konstitusiyaya yaş senzinin götürülməsinə dair ediləcək dəyişikliklər savadlı, potensiallı gənclərin siyasi fəallığına, onların daha geniş ifadəsinə imkan yaradacaq".
QHT rəhbəri hesab edir ki, bu gün dünyada surətli iqtisadi və siyasi proseslər Azərbaycanda çevik idarəçilik sisteminin daha da təkmilləşdirilməsi zərurətini yaratdığından, Konstitusiyaya dəyişiklikləri qaçılmaz edib: "Hamı çox gözəl görür ki, dünya operativ, daha cəld idarəçilik sisteminə keçib. Hesab edirəm ki, Konstitusiyaya ediləcək dəyişikliklər Azərbaycanın idarəçilik ənənələrinə yenilik gətirəcək və uğurlu islahatlara zəmin yaradacaq".