“İnqilabi hikkə ilə danışıqlarındansa...” Siyasət

“İnqilabi hikkə ilə danışıqlarındansa...”

Zahid Oruc: "Siyasi klublarda səmərəli müzakirə ortamını tapmaları daha faydalı olmazdımı?"

Konstitusiyanı doğmaya çevirərək bir hərfini belə tərpətməyin əleyhinə çıxanlardan fərqli olaraq, bu sadə insanlar dövlətin vətəndaşla dialoqu zəminində ən yaxşı idarəetmə və ədalətli cəmiyyət quruculuğu üçün ana qanunda dəyişikliyin tərəfdardırlar. Bu sözləri millət vəkili Zahid Oruc Mingəçevirdə referendumla bağlı sakinlərlə keçirdiyi görüşündə deyib. Millət vəkili qeyd edib ki, Mingəçevir Azərbaycanın təkcə enerji təminatını ödəmir, həm də sadə və işıqlı insanları ilə də xüsusi fərqlənir: "Həyatının böyük hissəsini insanlarla ideoloji-siyasi işlərə həsr etmiş onlarla ziyalının timsalında bunu aydın görmək mümkündür. İnsanlara ilk növbədə öz əqli və fiziki qüvvəsini reallaşdıra biləcəyi iş yerləri lazımdır. Dövlət yalnız totalitar quruluşlarda bu missiyanı öz üzərinə götürür. Nə qədər tənzimləmədən danışsaq da, ən yaxşı sosial rifahı sahibkarlar yarada bilir. Bu aksiomadır. Vətəndaşların haqqını qoruyan məhkəmə orqanları, əsasən vergilər vasitəsilə formalaşan büdcənin şəffaf xərclənməsi üçün təkmil ictimai nəzarət mexanizmləri, insanların keyfiyyətli səhiyyə xidmətlərini təmin edən tibbi sığorta sistemi, devalvasiyadan sonra banklarla kredit müharibəsinə cəlb olunmuş adamların problemlərinin həlli və s. yönündə daha təsirli addımlara ehtiyac duyulduğunu belə görüşlərdə daha çox hiss edirsən.
Meydanlarda şüar səsləndirənlərin tünd boyalarla və inqilabi hikkə ilə danışıqlarındansa, siyasi klublarda səmərəli müzakirə ortamını tapmaları daha faydalı olmazdımı? Hər halda küçə mübarizələri yaxın tariximizin heç də ürəkaçan səhifələrini təşkil etmir. Çünki azadlıq və demokratiyanı qanla əldə edəndə onu "qırmızı rəng"dən təmizləmək mümkün olmur. Konstitusiya kitabı rəflərdə qoyulsa da, onu hər kəs həyatında gündəlik olaraq yaşayır. Ona görə xalqın iradəsi hər cür hüquqi aktlardan üstün sayılır. İstənilən ölkənin siyasi elitasının vəzifəsi təkcə hüquq zəkasını səfərbər edib yaxşı qanunlar yazmaq deyil, onu gerçəkliyə çevriməyi bacarmasındadır. Qanunla yaşamaq nə qədər çətin görünsə də…".