“Putinin İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi” Siyasət

“Putinin İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi”

Elxan Şahinoğlu: "Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm də bölgənin xeyrinədir"

Emil Hüseynli: "Hər üç prezidentin isti və səmimi münasibəti dünya birliyi üçün bir mesaj oldu"

Zərdüşt Əlizadə: "Dövlət başçılarının İstanbulda mehriban münasibəti təəccüblü deyil"

İstanbulda baş tutan enerji sammiti dünya mediasının gündəmini zəbt edib. Rusiya-Türkiyə münasibətləri, Amerikanın reaksiyası, Avropa Birliyinin münasibəti, eyni zamanda, qəbul edilən qərarların iqtisadi-siyasi təsirləri müzakirə mövzusudur. Bizim üçün daha çox maraq kəsb edən məsələ isə proseslərin Qarabağ probleminə necə təsir edəcəyidir.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresində əsas diqqət konqresin açılışına idi:"Çünki açılışa bir neçə dövlətin lideri qatılmışdı. Adətən Enerji Konqresində dünya liderləri iştirak etmilər. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu konqres vasitəsilə rusiyalı həmkarı Vladimir Putini ölkəsinə dəvət etmək imkanı qazanmışdı. Öz növbəsində Rusiya prezidenti bu imkandan istifadə etdi. Bu Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından və Ankaranın üzrxahlığından sonra iki liderin sayca 3-cü görüşü idi".
O bildirib ki, Putinin İstanbula səfərində iki məqsədi var idi: "Putinin birinci məqsədi konqresdə iştirakı və çıxışı vasitəsilə enerji mövzusunda beynəlxalq aləmə mesajlar göndərmək, ikinci məqsədi isə İstanbulda Ərdoğanla mühüm sazişlərə imza atmaq idi. Rusiya prezidenti hər iki məqsədinə nail oldu. Putin son iki ildir ki, Qərb ölkələrinə səfərlər edə bilmir. Ukrayna və Suriya siyasətinə görə Putini Qərb dövlətləri səfərə dəvət etmir, münasibətlər son dərəcə gərgindir, sanksiyalar da bir tərəfdən Rusiyanın problemlərini artırır. Misal üçün Fransa prezidenti Fransula Olland bu ay Putini ölkəsinə dəvət edib. Ancaq Putinin Suriya siyasəti, Hələb şəhərinin bombalanması və bunun nəticəsində yaranan humanitar böhran, üstəlik də Rusiyanın BMT Təhlükəsizlik Şurasında Fransanın Suriya ilə bağlı qətnaməsinə veto qoyması Ollandı Putini ölkəsinə dəvət edib-etməmək dilemması qarşısında qoyub.
Türkiyə Putin üçün istisnadır. Rusiya prezidenti nəinki Türkiyəyə gedib bu ölkənin rəsmiləri ilə görüşüb böyük ikitərəfli sazişlərə imza atacaqdı, İstanbulda keçirilən böyük enerji konfransında çıxış edəcəkdi. Putinin bu cür tribunaya ehtiyacı var. İki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar: Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər. Çünki hər ikisinin bir-birinə ehtiyacı var".
O əlavə edib ki, Putinin İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi: "Sanki, iki dövlət arasında münasibətlər heç gərginləşməmişdi. Putinin konqresdə çıxışının əsas qayəsini bu sözlər təşkil etdi: "Dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaq". Bu Qərbə mesaj idi. Çünki, Qərb ölkələri son illər apardığı elmi tədqiqatları genişləndirirlər ki, neft və qazdan asılılıqlarını azaltsınlar. Ancaq Putinin sözlərindən çıxan nəticə budur ki, neft və qazı əvəz edəcək alternativ enerji yaxın onilliklərdə effektiv olmayacaq. Çətin ki, Avropa ölkələri bu qənaəti bölüşsünlər. Qərb ölkələri günəş və külək enerjisinin payını artırır, avtomobil yanacağını elektriklə əvəz etmək üzərində çalışmalarını genişləndirirlər. Putinin İstanbula səfərinin ikinci hissəsi Ərdoğanla ikitərəfli görüşə həsr edildi. Demək olar ki, iki ölkə arasındakı münasibətlər təyyarə vurulmamışdan öncəki strateji tərəfdaşlıq illərinə qayıtdı:
1.İstanbulda "Türk axını" sazişinə imza atıldı;
2.Rusiya Türkiyədə Akkuyu nüvə elektrik mərkəzini inşa edəcək;
3.Rusiya öz bazarını yenidən Türkiyənin kənd təssərrüfatı malları üçün açdı;
4.Hər iki ölkədə turizm sərgiləri keçiriləcək;
5.İki ölkənin ordu komandanlıqları və kəşfiyyat xidməti rəhbərləri əlaqəli şəkildə fəaliyyət göstərəcəklər;
6.İki ölkə Suriya probleminin sülh yolu ilə ətrafında dialoqu davam etdirəcəklər.
Bir səfər üçün bu, çox böyük nəticədir. Üstəlik Türkiyə rəsmiləri iki ölkə arasındakı ticarət mübadiləsini 100 milyard dollara çatdırmaq istəyini yenidən dilə gətirdilər. Halbuki, Rusiyanın ən yaxın tərəfdaşı olan Çinlə ticarət həcmi heç bu qədər deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edir ki, İstanbul Konqresində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı əhəmiyyətli idi: "Azərbaycan Prezidentinin konqresdəki çıxışı iki hissədən ibarət idi.
İlham Əliyev birinci hissədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əhəmiyyətindən danışdı, bunun daimi olacağını bir daha xatırlatdı və 15 iyulda çevriliş cəhdinin alınmasına görə Ərdoğanı və türk millətini təbrik etdi. İlham Əliyev ikinci hissədə Azərbaycanla Türkiyənin bölgənin iki əsas enerji oyunçusu olduğunu bildirdi. Azərbaycan prezidenti icra edilən və planlaşdırılan layihələrin dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Konqresdə 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-birləri ilə söhbət etmələri diqqətçəkici idi. Bu görüntü ondan xəbər verir ki, Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalı davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətinə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldımasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca maneədir.
Aydındır ki, İlham Əliyev və ya Rəcəb Tayyib Ərdoğan İstanbulda rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi barədə fikir mübadiləsi aparmadılar. Çünki Enerji Konqresində prezidentlərin çıxışları və aralarındakı qısa fikir mübadilələri yalnız mövzuya aid idi. Buna baxmayaraq, Kremlə aydın olmalıdır ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün siyasi, iqtisadi və hərbi zəmində yaxın inteqrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".
"Düşüncə" İctimai Birliyin sədri, ekspert Emil Hüseynli bildirib ki, Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində bir araya gəlməsini Prezident İlham Əliyevin geosiyasətdə uğuru kimi qiymətləndirmək olar. E.Hüseynlinin sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində müharibə həddində olan Türkiyə ilə Rusiya yenidən strateji tərəfdaşlıq münasibətlərinə başlayıb: "Yeni üfüqlərə qucaq açmaq" devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində hər üç prezidentin isti və səmimi münasibəti dünya birliyi üçün bir mesaj oldu. Hər üç ölkənin həm dünyanın enerji təhlükəsiziliyində, həm də geosiyasətdə böyük nüfuzu var və bu ölkələrin strateji tərəfdaşlığı sabitliyə, inkişafa böyük töhfə verəcək". QHT sədri qeyd edib ki, Rusiya və Türkiyə münasibətlərində soyuqluğun aradan qaldırılması Azərbaycanın maraqlarına xidmət edir: "Həm Rusiya, həm də Türkiyə Azərbaycanın qonşusudur, strateji tərəfdaşıdır. Onların birgə olması Azərbaycanın iqtisadi və siyasi maraqlarına cavab verir. Bu baxımdan düşünürəm ki, Türkiyə ilə Rusiya arasında münasibətlər yaxınlaşsa, bundan region dövlətləri udacaq". E.Hüseynli bildirib ki, Prezident İlham Əliyevin Türkiyə səfərində daha bir yaddaqalan məqam Azərbaycanın qardaş ölkəyə açıq dəstək verməkdə israrlı olduğunu bir daha nümayiş etdirməyi oldu: "Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri digər ölkələr üçün bir örnəkdir. Azərbaycan və Türkiyə prerzidentləri bir daha qardaş ölkə, bir-birilərinin yanında olduqlarını bəyan etdilər. Hesab edirəm ki, bəzi ölkələr bundan özlərinə pay götürdülər".
Politoloq Zərdüşt Əlizadə isə "nəzərə alaq ki, Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə sıx münasibətləri mövcuddur. Eyni zamanda, artıq Türkiyə ilə Rusiya da aralarındakı yeddi aylıq gərginliyi götürərək, münasibətlərini normallaşdırıblar, yenidən əməkdaşlığa başlayıblar",- deyə vurğulayıb. Zərdüşt Əlizadə əlavə edib ki, o baxımdan, bu ölkələrin dövlət başçılarının İstanbulda mehriban münasibəti təəccüblü deyil: "Bu birgəliyin kiməsə qarşı yönəldiyini düşünməyə də ehtiyac yoxdur. Çünki ölkələr hər zaman öz milli maraqlarını təmin ertməyə çalışırlar və bu prinsipdən çıxış edirlər. Maraqları tələb edəndə, özləri üçün manevr imkanları saxlayırlar".

Əli