Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq - Bahar Muradova Siyasət

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq - Bahar Muradova

Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə deyib.

"Xocalı soyqırımı hadisəsini və bu hadisələrin qurbanlarını heç vaxt unutmayacağıq. Azərbaycan öz torpağının heç bir qarışında, öz vətəndaşları və həmvətənlərinə qarşı bu cür hadisənin törədilməsinə yol verməz. Bu gün dünya ölkələri və xalqları dərindən Azərbaycanın regionda və bütünlükdə dünyada baş verən proseslərdə çox mühüm aktor bilir və qəbul edirlər", - o deyib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.