“Missiyanın tərkibinə yeni üzvlərin daxil edilməsi heç nəyi dəyişdirməyəcək” Siyasət

“Missiyanın tərkibinə yeni üzvlərin daxil edilməsi heç nəyi dəyişdirməyəcək”

Rasim Musabəyov:"Bizə hər hansı bir müzakirə və ya münaqişənin real həlli lazımdır"

Bəxtiyar Əliyev:"Həmin qurumlar yalnız Azərbaycana təzyiq və təsir göstərirlər"

"ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin rolunun dəyişməsinə və fəallaşmasına gəldikdə isə Minsk qrupu üzvlərinin bu nizamlama prosesində həqiqətən konstruktiv rol oynamaları üçün bunu yalnız alqışlamaq olar. Zənnimcə, konstruktiv rol oynamaq və bunu fəal şəkildə etmək, əslinə baxılırsa, onların birbaşa vəzifəsidir". Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun iştirakçısı kimi Türkiyənin rolunun fəallaşmasını yalnız alqışlamaq olar.
Son zamanlar Türkiyənin bölgədə rolu artıb və qlobal problemlərin həllində aktiv iştirakda maraqlıdır. Həmçinin qardaş ölkənin Rusiya ilə də sıx münasibətləri bərpa olunub, qarşılıqlı anlaşmalar var. Eyni zamanda, dünyanın geosiyasi düzənində dəyişikliklər müşahidə olunur. Bütün bu proseslər fonunda Türkiyənin Minsk qrupunda fəaliyyətini həmsədr kimi davam etdirməsi Qüarabağ probleminin həllnə töhfə evrə bilərmi?
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, ATƏT MQ-nin missiyası şişirdilib: "Onların bəyanatlarının heç bir əhəmiyyəti yoxdur". O əlavə edib ki, Minsk qrupunun fəaliyyəti dövründə ciddi irəliləyiş əldə olunmayıb. Politoloq vurğulayıb ki, missiyanın tərkibinə yeni üzvlərin daxil edilməsi heç nəyi dəyişdirməyəcək: "Bizə hər hansı bir müzakirə və ya münaqişənin real həlli lazımdır. Türkiyə münaqişənin həlli üçün Fransa və Rusiya ilə münasibətlərindən istifadə edə bilər. Lakin Türkiyə həmsədr olarsa, o zaman ondan Ermənistanla diplomatik münasibətlərin bərpa olunması və sərhədlərin açılması tələb olunacaq, ki münaqişənin həlli məsələsində öz neytrallığını göstərsin".
Millət vəkili Bəxtiyar Əliyev "ümumiyyətlə istər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kaspşik olsun, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri olsun heç kimə sirr deyil ki, onlar bugünə qədər işağlçı Ermənistana qarşı heç bir beynəlxalq hüquq normasından irəli gələn təzyiq və təsir göstərməyiblər",- deyə bildirib. Onun sözlərinə görə, həmin qurumlar yalnız Azərbaycana təzyiq və təsir göstərirlər: "Azərbaycana diqtə edirlər ki, Ermənistan sizin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal edib və siz heç Dağlıq Qarabağın ətrafındakı 7 rayonun heç birini də azad adə bilmərsiniz. Bu Ermənistana olan isti münasibətin və işğalçını dəstəkləməyin ən bariz nümunəsidir. Azərbaycan BMT, eləcə də bütün beynəlxalq təşkilatlarda dəfələrlə deyib ki, Qarabağ məsələsinin həlli ilə bağlı istənilən bir addımı təqdir edir və bu məsələni bütün tədbirlərdə müzakirə etməyə açıqdır. Amma çox təəssüflər olsun ki, hətta BMT çərçivəsində belə Azərbaycan Dağlıq Qarabağla bağlı bir məsələni qaldıranda ATƏT-in Minsk qrupunun məhz həmsədr ölkələri o layihələrin əleyhinə çıxış ediblər. Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir".
B.Əliyev hesab edir ki, Minsk qrupunun həmsədrləri artıq bu ikili standartdan, riyakar münasibətdən uzaqlaşmalıdır. Həqiqətən də bölgəyə sülhün gəlməsi üçün işğalçı ölkəyə silah vermək, onu silahlandırmaq, hətta ən müasir ballistik raketləri vermək əvəzinə Ermənistana bölgədə Azərbaycan tərəfindən sülhün və iqtisadi tərəqqinin bərqərar olmasına öz töhfəsini verməyə kömək etməlidir".