“Türkiyədə indi ən vacib olan sülhün təmin edilməsi və bölgədə təhlükəsizliyin təmin edilməsidir” Siyasət

“Türkiyədə indi ən vacib olan sülhün təmin edilməsi və bölgədə təhlükəsizliyin təmin edilməsidir”

Fatih Öztarsu: "Avropa İttifaqı tərəfindən çirkin ittihamlara məruz qalan Türkiyənin susmasını gözləmək olmaz"

Vüqar Zifəroğlu: "Qərb həmişə Türkiyəyə qarşı erməni və kürd kartlarından istifadə edib"

Son günlər Türkiyəyə qarşı beynəlxalq səviyyədə bütün istiqamətlərdə hücumlar müşahidə olunur. İstər Suriya, istər İraq məsələsində qardaş ölkəyə yönəlik təzyiqlər müşahidə olunur. Bundan başqa YPG , PYD kimi terror rəşkilatları dəstəklənməklə "müstəqil siyasət yürüdərsənsə sənə alternativ yaradaram" mesajı verilir. Bu terror təşkilatlarının düşərgələrində bir müddət öncə Amerika bayrağının asılası da təsadüfi deyildi. Türkiyə isə strateji xəttini həyata keçirməkdə qərarlıdır və sərt addımlar atmağa məcburdur. Siyasi səhnədə olan terrorçuların HDP-dən olan millət vəkillərinin həbsi də bu qərarlığın göstəricisidir. Bunu bəhanə edən Qərb Trükiyəyə qarşı basqılarını daha da artırıb. PKK-nın terror təşkilatı siyahısından çıxarılması mesajı, qondarma erməni soyqırımı məsələsi və digər çirkin hədələr oyunun açıq oynanıldığını göstərir. Görünən odur ki, Türkiyə ikinci Çanaqqala yaşamalı olacaq.

Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-prezidenti, siyasi ekspert Mehmet Fatih Öztarsu deyib ki, qanlı terror təşkilatı olan PKK-nı dəstəkləyən millət vəkillərinin həbs olunması Türkiyədəki mövcud vəziyyət baxımından lazımlı bir addım idi. Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisində təmsil olunan, hər cür demokratik haqqdan istifadə edə bilən və dövlətdən maaş alan bu insanların öz sözləri və davranışları ilə qanlı terror təşkilatına dəstək olmaları və terror hərəkətlərinin reallaşması üçün çağrış etmələri qəbuledilməzdir: "Həmin şəxslər indiyə qədər PKK və onun əlaltıları tərəfindən həyata keçirilən terror hadisələrinin heç birinə reaksiya verməyib, tam əksinə dəstək göstəriblər. Türkiyədə indi ən vacib olan sülhün təmin edilməsi, terror təşkilatlarının təmizlənməsi və bölgədə təhlükəsizliyin təmin edilməsidir. Xüsusilə 7 iyun 2015-ci ildən bəri sivil vətəndaşlara və vəzifəli şəxslərə yönəlik bütün terror hərəkətlərinə görə PKK dəstəkçiləri məhkəmə qarşısında cavab verməlidirlər".
Politoloq Avropa İttifaqı və digər beynəlxalq qurumların, Qərbin Türkiyəyə yönəlik təzyiqlərinə də toxunub. Onun sözlərinə görə, Avropa İttifaqından Türkiyəyə qarşı çox çirkin açıqlamalar verildi: "Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri PKK-nı dəstəkləyən bəzi millət vəkillərinin həbs olunması ilə Türkiyənin həddini aşdığı açıqlamasını verdi. Aİ tərəfindən belə çirkin ittihamlara məruz qalan Türkiyənin susmasını gözləmək olmaz. Avropa və ABŞ-a bir xatırlatma etmək gərəkdir. İŞİD və ya "Taliban" onların ölkələrində müsəlmanları təmsil etdiyini söyləyib və bir qisim səs alaraq o ölkələrin parlamentlərində təmsil olunsalar və 30 ildən çox bir müddət ərzində terror hərəkətləri həyata keçirsələr, münasibətləri necə olardı?! Karikaturaçısı öldürülən Fransa bütün dünyanı terrora qarşı birgə mübarizəyə çağırır. Ancaq illərdir on minlərlə insanını terrora qurban verən Türkiyənin atdığı hər addım bu ölkələr tərəfindən qınanır. Bu isə qəti şəkildə doğru deyil".
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu isə hesab edir ki, Türkiyə son zamanlarda bölgədə aktiv siyasi xətt yürüdən bir ölkə olaraq, daxilində gedən proseslərə də duyarlı yanaşmaq məcburiyyətində idi: "Bu, xüsusuzilə özünü 15 iyul hadisələrindən sonra daha ciddi şəkildə göstərmiş oldu. Ölkənin sabitliyinə xələl gətirə biləcək istənilən qüvvənin zərərsizləşdirilməsi təbiidir. Diyarbəkir və eləcə də güney-doğu bölgəsində baş verən son terror olayları ilə bağlı HDP-li həmsədrlərin ifadəsinin alınması üçün çağırışa məhəl qoymamaları, onların saxlanmasına səbəb oldu. Ümumiyyətlə, HDP hər zaman kürd bölücü qruplaşmalarının, eləcə də PKK-nın siyasi ruporu funksiyasını icra edib. Təsəvvür edin ki, günahsız insanların qatili olan terrorçuların dəfnini belə təşkil edir, mərasimlərdə iştirak edərək onları qəhrəman kimi təbliğ edirdilər. Bu səbəbdən istər ölkənin daxilində, istərsə də bölgədə baş verənləri nəzərə alarsaq, bu həbslərin səbəblərini asanlıqla anlamaq mümkündür. Sözügedən partiya əslində öz fəaliyyətini PKK-nın siyasi qanadı olaraq qurdu və bunun da bir nəticəsi olmalı idi. Həbs edilən millət vəkilləri ilə bağlı istintaq davam edir, amma düşünmürəm ki, onların kürd terror birləşmələri ilə hər hansı bir bağlantılarının olduğunu sübut etmək bir o qədər çətin olsun. Zatən həmin şəxslər, belə bağlantılarının olduqlarını gizlətmirdilər də. Bu birmənalıdır ki, terrora, bölücülüyə dəstək verən hər kim olursa olsun, cəzasını çəkməlidir".
Onun fikrincə, baş verən terroru birmənalı şəkildə rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək mümkündür: "Hətta mən deyərdim ki, bu proses müəyyən narazılıqlara da təkan verəcək və baş verən terror hadisələri ölkənin cənub-şərq bölgəsi ilə məhdudlaşmaya da bilər. İri şəhərlərdə də terror təhlükəsi gözləniləndir. Unutmayaq ki, Türkiyənin son zamanlar bölgədə yeritdiyi aktiv siyasət fonunda belə təhlükələr həmişə mövcud olub. Bu səbəbdən qardaş ölkənin belə addım atmazdan əvvəl istənilən nəticələri hesabladığını və bu kimi ssenarilərə də hazır olduğunu düşünmək olar".
Analitik terorla mübarizədə beynəlxalq səviyyədə Türkiyəyə dəstək verilmədiyinə də diqqət çəkib: "Çünki terror təşkilatlarına yanaşmada ikili standart var. Məsələn, nə üçün əsrin əvvəllərində olmayan bir soyqırımı nağılına həvəslə inanan Qərb, Xocalını görməzdən gəlir və ya elə 1918-ci il mart soyqırımı tarixi həqiqətini bütün faktlara rəğmən qəbul etmir? Yəni, eyni yanaşma hər zaman özünü, müxtəlif fərqli məqamlardan olsa belə, göstərməkdədir. Lozanna razılaşmasından sonra Qərb həmişə Türkiyəyə qarşı erməni və kürd kartlarından istifadə edib. İndi də istifadə etməkdədir. Çünki ortada maraqlar, hədəflər var. Həmin maraqların təmin edilməsi, o hədəflərə çatmaq üçün əgər, məsələn, Brüsselin mərkəzində PKK üçün siyasi çadır qurmaq və hətta onu polislərin mühafizəsinə almaq lazımdırsa, o zaman belə də olacaq, necə ki, oldu, sən buna etiraz etsən də. Türkiyənin regional güc olaraq ortaya çıxması, Yaxın Şərqdə öz maraqlarını müdafiə etməsi, milli və dövlət maraqlarından çıxış edərək öz qırmızı cizgilərini elan etməsi, heç şübhəsiz ki, digər gücləri qane etmir. Belə olan halda terror, etnik separatizm, bölücülük – bu zaman qardaş ölkəni daxildən yıpratmağa, gücdən salmağa hesablanmış ən effektiv üsul kimi istifadə edilir. Burada eyni zamanda fərqli maraqlar çərçivəsində mövcud olan baxışların müxtəlifliyi də ciddi məqamdır. Ümumiyyətlə, Yaxın Şərqdə marağı olan, iştirakçı olan qüvvələrin hər biri etnik-dini ideoloji istiqamətli radikal qruplaşmaların "xidmətlərindən" hər zaman istifadə edirlər. Bu zaman həmin təşkilatlara vahid münasibət bəslənmədiyindən, bir ölkə üçün terror təşkilatı kimi qəbul edilən silahlı birlik, digəri üçün az qala müttəfiq səviyyəsində olur. Məsələn, YPG və ya "Haşti-şaabi" kimi".
Onun sözlərinə görə, heç bir ölkənin digər ölkənin daxili məsələlərinə qarışmaq haqqı yoxdur: "Türkiyə bu gün açıq şəkildə terrorla müharibə aparır. Baş verənlər fonunda Suriyanın ikinci Əfqanıstan, Türkiyənin isə Pakistana çevrilməsi təhlükəsinin qarşısı alınmalıdır. Əgər bunun yolu, daxildə müxtəlif dağıdıcı fəaliyyətdə olan siyasi qruplaşmaların məsuliyyətə cəlb edilməsindən keçirsə, bu, mütləq olmalıdır. Daha yaxşı olardı ki, Avropa Birliyi, öz yaradılış dəyərlərini bir daha xatırlayaraq, terror və etnik separatizm məsələlərinə beynəlxalq hüquq müstəvisində baxış sərgiləyə, nəinki terror təşkilatlarına qucaq açmaqla, bundan təzyiq elementi kimi istifadə edə. Bu ilin martında Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi. Keçən ilə damğasını vurmuş Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Lakin Avropa hələ də bu mesajları doğru oxumaq istəmir".
O bildirib ki, Trükiyə prezidenti Ərdoğan son açıqlaması ilə Qərbi birbaşa terrora dəstək verməkdə ittiham edib: "Hər halda, son bir neçə ayda Qərb - Türkiyə münasibətlərinin heç də normal olmadığı ortadadır. Əslində Türkiyə prezidentinin öz çıxışında qeyd etdiyi məqamlar və irəli sürdüyü ittihamlar əsaslıdır. Bu gün Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniyaya sığınıblarsa, demək ki, buna etiraz etmək azımdır. Qərb Türkiyəyə terrorla mübarizədə dəstək verməlidir. Qərb birmənalı şəkildə terrorla mübarizə sahəsində gördükləri işlərə və götürdüyü öhdəliklərə nə dərəcədə əməl etdiyinə nəzər yetirməlidir...".

Əli