Rusiya ilə Ermənistanın birgə ordusu niyə yaranır? Siyasət

Rusiya ilə Ermənistanın birgə ordusu niyə yaranır?

Zahid Oruc: "Ermənilər hər zaman çalışıblar ki, ruslar onların əvəzindən Qarabağda vuruşsunlar"

Məhəmməd Əsədullazadə: "Rusiya Azərbaycanın işğal olunmuş ərazilərini hərbi yolla geri almasında maraqlı deyil"

Elxan Şahinoğlu: "Moskva hərbi balansın Azərbaycanın xeyrinə dəyişməməsini istəyir"

Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Bölmələrinin yaradılması haqqında bir müddət əvvəl hazırlanan razılaşmanı imzalamaq haqqında əmr verib. Putinin əmrinə əsasən, müqavilənin imzalanması üçün Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri Ermənistan tərəfi ilə danışığa başlamalıdır.
Qeyd edək ki, razılaşma layihəsinə əsasən, vahid ordu bölmələrinin rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək. Dinc şəraitdə bu bölmələr Ermənistan Baş Qərargahına tabe olacaq. Müharibə vəziyyəti yaranacağı halda qruplaşmalar avtomatik Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək. Müqavilə ilkin mərhələdə 5 il müddətinə imzalanır və tərəflərin razılığı ilə uzadıla bilər.
Rusiyanın bu addımının mahiyyəti nədən ibarətdir və Azərbaycana nə əqədər təhlükə yaradacaq?
Millət vəkili Zahid Oruc bildirib ki, sözügedən qərarı az qala vahid dövlət anlamında qəbul etmək də çox yanlışdır: "Bu gün Rusiyanın Ermənistan üzərində güclü nəzarəti var və təkcə Gümrüdəki hərbi baza deyil, oradakı hərbi təhsil, siyasi elitaya bütövlükdə nəzarət bu ölkənin bütün hərəkətlərini diktə etməyə imkan verir. Ermənilər hər zaman çalışıblar ki, ruslar onların əvəzindən Qarabağda vuruşsunlar. Bunun üçün də sözügedən sənədi Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün yetərincə təbliğ edəcək, böyük ehtimalla, bu mənada Azərbaycan və Türkiyəni oxşar addımlar atmaq üçün stimullaşdırmağa çalışacaqlar. Bizim üçün önəmli olan Rusiya ilə hazırkı dövrdə formalaşan yüksək əlaqələrin qırılmamasıdır. 200 illik tarixi bu gün Rusiya ilə mövcud olan hərbi əməkdaşlığın əleyhinə çevirməməliyik. Ermənilər də məhz bunu arzulayırlar. Ermənilər yenidən Bakı ilə Moskva arasında siyasi konfrantasiyadan istifadə edərək Qarabağda Rusiya ordusunu yerləşdirməyə və bununla da azərbaycanlıları səngərdə ruslarla üz-üzə qoymağa cəhd edəcəklər. Bu yolverilməzdir. Rusiyanın sözügedən qərarı qəti şəkildə Azərbaycan ərazilərinin işğalda saxlanılması üçün ermənilərə hərbi yardım və ya onların yerinə vuruşmaq anlamına gəlmir. Ruslar bu dönəmdə Qarabağda ermənilərinin əvəzindən savaşmayacaqlar. O üzdən bu qədər həssas və mürəkkəb bir dövrdə beynəlxalq proseslərin də mahiyyətini düzgün təhlil edərək, öz qənaətimizi ortaya qoymalıyıq ki, Azərbaycan Rusiya ilə münasibətlərini yaxşılaşdırdıqca ermənilər də öz himayəçilərinə qarşı daha kəskin dirəniş göstərsinlər".
Onun fikrincə, ölkə rəhbərinin Füzulidən sərt mesajlar verməsi, Lələtəpədən bütün torpaqlarımızın azad olunacağı ilə bağlı bəyanatı və cəmiyyətə bir daha toparlanmaq üçün çağırışlar etməsi daha önəmlidir: "Buna görə bəlkə də hər hansı hərbi hissə arasındakı birlik yüz minlərlə rus ordusunun gəlib ermənilərə qarışacağı demək deyil".
Zahid Oruc bu kontekstdə Azərbaycan və Türkiyə arasındakı hərbi razılaşmaların nə dərəcədə rol oynaya biləcəyinə də münasibət bildirib: "Əgər Rusiyanın atdığı addımlar daha böyük hədəflərə yönəlibsə, yəni təkcə Türkiyə deyil, eyni zamanda, NATO əleyhinə bir prosesdirsə, bu, regionda hərbiləşmə prosesini daha da gücləndirəcək və ayrı-ayrı ölkələri alternativlər axtarmağa vadar edəcək. Türkiyə və Azərbaycan arasında vahid ordunun yaradılması məsələsi parlamentdən də səsləndirilib. Bu, bir tərəfdən qabaqcıl bir NATO dövlətinin təcrübəsini əxz etməyə imkan verəcək, başqa bir tərəfdən isə Türkiyə və Azərbaycan vahid təhlükəsizlikləri yönündə birgə addımlar atmaq imkanında olacaqlar. Türkiyənin bölgədə xüsusi olaraq hərbi maraqları var və bu, inkarolunmazdır. Hətta Gürcüstan və Azərbaycan Ermənistanın bu addımı qarşılığında başqa ölkələrlə oxşar hərbi birləşmələr yarada bilərlər".
Politoloq Məhəmməd Əsədullazadə dedi ki, Qarabağ danışıqlarında bir neçə aydı heç bir irəlləyiş yoxdur: "Demək olar ki, Ermənistan faktiki şəkildə danışıqlardan çəkilib. Təbii ki,Ermənistanın bu qeyri-konustruktiv mövqeyi Rusiyanın iyul ayından başlayaraq Ermənistanla bağladığı 200 milyon dollarlıq hərbi müqaviləsi çərçivəsində verdiyi silah partiyaları və Minsk qrupunun obyektivlikdən kənar olmasıdır. Rusiya Aprel müharibəsindən sonra Ermənistanın məğlubiyətini görərək,birgə havadan müdafiə sistemi yaratdılar. Sonra müəyyən taktki raketlər verərək, Ermənistanı danışıqlar prosesində mövqeyini gücləndirmək siyasətini apardı. Azərbaycanın 60 minlik təlimlə ordunu poliqona çıxartması, Ermənistanda təşviş yaratdı. Danışıqların dayanması, Azərbaycanın mümükün hərbi variantına hazırlaşması, Rusiyanı narahat etməkdədir. Öz forpostunu qorumaq və Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusən Azərbaycanı çəkindirmək üçün Ermənistanla birgə ümüm qoşun birləşməsi müqaviləsi bağladı. Rusiya Azərbaycanın işğal olunmuş ərazilərini hərbi yolla geri almasında maraqlı deyil. Bu amil Rusiyanın Cənubi Qafqazdan birdəfəlik getməsi ilə nəticələnə bilər. Rusiya ilə bağlanan bu müqavilə Azərbaycana qarşı hesablanıb.Və Azərbaycan işğal olunmuş ərazilərində Aprel də olduğu kimi yeni hərbi əməliyyatlara başlayarsa Ermənistanla Rusiyanın birgə qoşun növü Azərbaycana qarşıhərbi əməliyyatlarda iştirsk edəcək. Bu, Azərbaycanı ciddi narahat etməlidir. Və təcili olaraq Rusiya ilə danışıqlar aparmalı,b eynəlxalq birliyin diqqətin bu müqaviləyəqarşı etiraz etməyə çağırmalıdır. Bu müqavilə Cənubi Qafqazın təhlükəsizliyinə ciddi risk yaradır. Emənistan yenidən hərbi təxribatlara əl atır.Yeni müharibə Xankəndinin Azərbaycan tərəfdən vurulması ilə nəticələnə bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, atılan bu addım Rusiyanın Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini istəməməsindən irəli gəlir: "Rusiya Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin olmamasına çalışır. Yəni, hərbi balansın Azərbaycanın xeyrinə dəyişməməsini istəyir. Ona görə də Ermənistana "İsgəndər" raketlərini peşkəş ediblər. İndi isə birgə qoşun qrupları yaradırlar. Bununla belə Rusiya müharibə istəmirsə, Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Rusiyanın işğalçıya bu şəkildə dəstək verməsi ciddi təlatümlərə səbəb ola bilər. Əgər Rusiya Qarabağ münaqişəsinə hər hansı bir formada müdaxilə etsə, müharibə total xarakter daşıyacaq və savaşın Şimali Qafqaza keçmə ehtimalı var. Rusiya bunu nəzərə almalıdır".
Rusiya və Ermənistanın birgə qoşun yaratma barədə qərarının təsdiqlənməsinin Azərbaycan prezidenti İlham Əliyevin Lələtəpədən verdiyi bəyanatlardan bir gün sonraya təsadüf etməsinə diqqət çəkən politoloq deyib ki, işğalçı ölkə heç kimə güvənməməlidir: "Dövlət başçısının azad edilmiş Lələtəpədən verdiyi bəyanatın əsas tezisi Ermənistanın heç kimə güvənməməsi ilə bağlı idi. Hesab edirəm ki, burada ölkə başçısı Rusiyanı nəzərdə tuturdu. Çünki, Ermənistanda belə bir yalnış fikir var ki, Rusiya onları qoruyacaq, Dağlıq Qarabağın azad olunmasına imkan verməyəcək. Doğrudur, Rusiya Ermənistanı qoruya bilər. Amma, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək, onunla savaşmaq fikri yoxdur. Azərbaycanın əsas diqqəti Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunmasına yönəlib. burada erməni işğalçı qüvvələri olarsa, onlarla savaş olacaq. Aprel döyüşləri zamanı Rusiya hərbi əməliyyatlara müdaxilə etmədi".
E.Şahinoğlu vurğulayıb ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olsa da Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır: "Ona görə də Rusiya aprel döyüşlərinə müdaxilə etmədi. Düşünmürəm ki, gələcəkdə də belə bir müdaxilə baş versin. Ermənilər bizi təxribata çəkə bilərlər. Tovuz və Qazax istiqmətində atəşkəsi intensiv pozsalar, hər hansı bir formada hərbi müdaxilə cəhdi olasa, biz cavab verməli olacağıq. Bu halda Ermənistan-Rusiya hərbi birliyinin bu prosesə qoşulub-qoşulmayacağı bəlli deyil. Dünya birliyi biləcək ki, bu, Ermənistanın təxribatıdır. Eyni zamanda Rusiya anlamalıdır ki, işğalçı ilə belə qoşun növləri yaradırsa, Azərbaycan da strateji müttəfiqləri ilə adekvat addım ata bilər. O zaman Rusiya buna etiraz edə bilməz. Rsuiyanın Cənubi Qafqazın hansısa ölkəsində hərbi bazalar yaratmağa ixtiyarı çatırsa, Azərbaycanın da eyni ixtiyarı var".
Siyasi şərhçi Arzu Nağıyevin fikrincə, Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa təhdid yaratmır, sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər: "İndiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya ilə Ermənistan ərazisində ikitərəfli müqavilə mövcuddur. Bu müqavilə çərçivəsində Ermənistanın ərazisinə hər hansı təcavüz olarsa, Rusiya onu qorumalıdır. KTMT-nin əsas məqsədi bundan ibarətdir. Lakin bu gün birgə qoşun qruplaşmalarının yaradılmasının bir neçə səbəbi ola bilər. Birinci səbəb Rusiya-NATO sərhəddinin məhz Türkiyə-Ermənistan sərhəddindən keçməsidir. NATO-ya qarşı həm 102 saylı briqadanı, eyni zamanda İrəbuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınması vacibdir və bu, Ermənistanla birgə qoşun qruplaşmaları yaratmaq vasitəsilə həyata keçirilir".
A.Nağıyevin sözlərinə görə, birgə qoşun qruplaşmalarının yaradılmasının digər bir səbəbi bu ola bilər ki, Rusiya Ermənistana verdiyi silahları leqallaşdırmaq üçün özünü sığortalayır: "Ən maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan irimiqyaslı təlimlərə başladığı anda Rusiya rəhbərliyi belə bir addım atır. Düşünürəm ki, bu, Ermənistanın Rusiyanın forpostu olduğuna və guya onların birgə olduğuna dəlalət edən faktdır. Amma bütün hallarda bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Azərbaycan olaraq biz bu cür təhdidlərə çoxdan hazırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə isə, son aprel hadisələri də göstərdi ki, Rusiya bəzi məsələlərə qarışmır, çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb".
A.Nağıyev hesab edir ki, Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda da birgə qoşun qruplaşmalarının bura cəlb edilməsi inandırıcı görünmür: "Birgə qoşun qruplaşmalarının yaradılmasında söhbət Ermənistan ərazisindən gedir, bizim isə Ermənistan ərazisinə hər hansı bir iddiamız yoxdur. Biz işğal olunmuş ərazilərimizdən danışırıq, beynəlxalq hüquq norması çərçivəsində təsdiq olunmuş suveren ərazilərimizdən. Torpaqlarımızı işğaldan azad etmək üçün həm hərbi, həm də diplomatik yola əl ata bilərik. KTMT-nin və Rusiyanın bizə təcavüz etməyə ixtiyarı yoxdur. Ölkə başçısının dediyi kimi Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək".

Əli