“Şaumyanınmı irsini davam etdiririk?” Siyasət

“Şaumyanınmı irsini davam etdiririk?”

Fazil Mustafa: ""Bakinskiy raboçiy" qəzetinin bizimlə heç bir bağlılığı olmayıb"

Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri 37 məsələni müzakirə ediblər. Layihələr ayrı-ayrılıqda müzakirə olunub və qanunlara təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul olunub.
Deputat Fazil Mustafa parlamentin növbəti plenar iclasında çıxışı zamanı rusdilli media ilə bağlı kəskin narazılığını bildirib.
O, ilk öncə "MİR" telekompaniyası ilə bağlı iradlarını səsləndirib: "MİR" telekanalı Azərbaycanda da yayımlansa da, bir dəfə də olsun onun efirində bizim ağrılı problemlərimizdən danışılmır. Baxmayaraq ki, kanalı biz maliyyələşdiririk. Bir dəfə olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin getdiyini görmürük. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var? Eyni zamanda "Bakinskiy raboçiy" qəzeti illərdir Azərabaycanda çap olunur. Hansı ki onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanınmı irsini davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?".

"Dağlıq Qarabağ ermənilərinə deməliyik ki..."

Deputat Zahid Oruc deyib ki, Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir: "Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil. Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir".
Zahid Oruc deyib ki, Azərbaycan Xocalı qatilləri olan erməniləri bağışlamayacaq: "Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq".
Deputat Qənirə Paşayeva yenidən xarici sənət, iş adamlarının, siyasətçilərin, diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb. Deputat bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak edib sonra Bakıya gələrək tədbirlərə qatılıblar: "Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və.s. Bir çoxlarının da adları sonradan "qara siyahı"dan çıxarılır. Bu günlərdə də Fransa parlamentinin "Fransa-Qarabağ" dostluq qrupunun üzvləri qondarma DQR-ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir".

"Ermənistanın mövqeyi bəllidir..."

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin yeni rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Strasburqda səfərdə oldu: "Biz orada müxtəlif ikitərəfli görüşlər keçirdik. Birmənalı olaraq demək istəyirəm ki, Avropada nümayəndə heyətimizin görüşdüyü hər bir deputat Avronest PA-dakı fəaliyyətimizi yenidən bərpa etməyimizi yüksək qiymətləndirdi".
Deputat bildirib ki, Avronest-də bir sıra deputatlar və vəzifəli şəxslərlə görüşlər keçirilib: "Biz eyni zamanda Avropa deputatları ilə, qurumun 8 siyasi qrupundan 6-sının rəhbər şəxsləri ilə, o cümlədən, Avronest-in xarici əlaqələr komitəsinin sədri, Avropa Parlamentinin vitse-spikerləri ilə görüşdük. Birmənalı olaraq orada vəziyyət belədir ki, avropalı deputatların bizim regionla bağlı çox ciddi narahatlıqları var. Narahatlıq odur ki, artıq Ermənistanın mövqeyi bəllidir...".
Fuad Muradov deyib ki, bu gün erməni lobbisinin təsirində olan avropalı deputatlar da var: "Təbii ki, Avropa Parlamentində bir qrup deputat var ki, onlar erməni lobbisinin təsirindədir, bir qrup da var ki, onlar ümumiyyətlə Azərbaycanı belə, tanımırlar. Bizim bu görüşlərdə əsas məqsədimiz o idi ki, avropalı deputatlara sübut edək ki, Azərbaycan öz müstəqil siyasətini hər zaman həyata keçirəcək, Azərbaycanın milli maraqlarının həyata keçirilməsində kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz də onlarla əməkdaşlıq edəcəyik. Avropa Parlamentində çox açıq şəkildə bildirdik ki, siz Azərbaycanla bağlı qətnamələri tələsik qəbul edəndə, bu, hələ o demək deyil ki, Azərbaycanda hansısa təcili məsələ var. Yəni bu o demək deyil ki, Azərbaycanla bağlı təcili qətnamə qəbul edilməlidir. Onların diqqətinə çatdırdıq ki, yaxşı olar ki, gələcəkdə həm Avronest-də, həm də Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə qəbul edilən zaman bizimlə məsləhətləşsinlər".
Deputat Fazil Mustafa həmçinin parlamentdə xanım millət vəkillərinə müraciət edib. Deputat söyləyib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymaq lazımdır: "Xüsusilə məktəb yaxınlarında tütün məmulatları ilə satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkilən yerlər məktəbliləri, azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarına müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar".
Milli Məclis sədrinin müavini Bahar Muradova Fazil Mustafanın fikirlərinə dəstək verib: "Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa xeyir olardı, həm də şəxsi büdcəyə. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olublar və olmağa da hazırdırlar".

"Maarifləndirilməyə üstünlük verilməlidir"

Deputat Gövhər Baxşalıyeva cərimələri artırmaqla bu məsələnin qarşısının almağın mümkünsüz olduğunu bildirib: "Bunun ictimai yerdə çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir".
Millət vəkili Fəzail Ağamalı "belə çıxır ki, sabah Azərbaycanda erməni də öz dilində reklam verə bilər", - deyə bildirib.Onun sözlərinə görə, bu gün Bakı şəhərində hər 10 reklamdan 8-i xarici dildə yazılır: "Ona görə də bu istiqamətdə ciddi və konkret addımlar atılmalıdır. Digər məqam isə ondan ibarətdir ki, reklamla yanaşı, digər dillərdə də reklam ola bilər. Bunu anlaya bilmirəm. Mənə elə bir ölkə göstərin ki, orada öz dili ilə yanaşı digər reklama icazə versin. Onda belə çıxır ki, erməni sabah Azərbaycanda erməni dilində, ingilis ingilis, ərəb ərəb dilində reklam vermək hüququ var. Bu müddəa qanundan çıxarılmalıdır".

"Reklam qaydalarına riayət olunmur"

Millət vəkili Hikmət Babaoğlu isə təyyarə limanlarında, otel sektoru və yay, qış turizm məkanlarında xidmət göstərən əməkdaşların xarici dildə danışmasında narahatçılığını dilə gətirib: "Bu hallara yol vermək olmaz. Qanuna nəzərdə tutulan dəyişikliyə gəldikdə isə, bu yerində olan dəyişiklikdir. Çünki şəhərdə reklam qaydalarına riayət olunmur və buna məhəl qoyulmur. Bütün bunları nəzərə alaraq reklam qaydalarını pozanları qarşı sərt cəzalar tətbiq edilsin".
Komitə sədri Rəfael Hüseynov bildirib ki, qanuna dəyişiklik elə dövlət dilinin daha təkmil qaydada riayət edilməsinə xidmət edir. Komitə sədri əlavə edib ki, xarici dildə reklam ola bilər və qanunda öz əksini tapıb.

"Azərbaycan NATO-ya müraciət eləməlidir"

Millət vəkili Fərəc Quliyev isə Rusiya ilə Ermənistanın hərbi birlik yaratmasına sərt şəkildə etiraz edərək, bununla bağlı Parlamentin ciddi münasibət bildirməli və dövlətin lazımi addımlar atmalı olduğunu bildirib. Fərəc Quliyev hərbi birliyin hüquqi əsasının olmadığını və yarana biləcək təhlükələrlə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirərək, NATO-ya tamhüquqlu üzvlüklə bağlı müraciətin edilməsi və Naxçıvanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinin vacibliyini təklif edib. Partiya sədri ümumiyyətlə Rusiya ilə münasibətlərə yenidən baxılmalı olduğunu söyləyib: "Mən tamam başqa bir mövzuda münasibət bildirmək istəyirdim amma kolleqalarımızın qaldırdığı bir məsələ bizim qonşuluqda xüsusi bir hərbi hərəkətlilik Rusiya –Ermənistan hərbi birliyinin yaranması ilə bağlı olaraq narahatlığı məndə bölüşürəm. Hesab edirəm ki, bizim bu məsələyə ciddi bir münasibətimiz olmalıdır. Yaranan hərbi birlik birmənalı şəkildə Rusiyanın Ermənistana verdiyi hərbi - siyasi dəstəkdir. Biz belə hərbi birləşmələrin tarixini görmüşük , 366-cı alayın ermənilərlə birlikdə Xocalı soyqırımını törətdiyini görmüşük, 20 Yanvar ərəfəsində Krosnadardan, Rostovdan gətirilmiş erməni könüllülləri ilə birlikdə Rus imperiya ordusunun Azərbaycanda törətdiyi qırğını görmüşük .Ona görə belə bir birləşmənin yaradıilması təbii ki, təhlükəlidir".
O deyib ki, Ermənistan təbii ki, tək başına Azərbaycanla bacarmadığını bilir və indiyə kimidə müttəfiqlər siyasətindən istifadə edib və indi də belə davranı: "Ona görə biz də müttəfiqlər siyasətimizə əvvəlcə daha dərindən baxmalıyıq. Məncə, Azərbaycan NATO-ya birbaşa, birmənalı şəkildə müraciət eləməlidir və tam hüquqlu üzv olmağı hədəfləməlidir. Üstəlik Moskva və Qars müqavilələrindən doğan müddəalar vardır . Naxçıvanın üçüncü dövlətin protektoratına düşmə təhdidi artıq ortadadır. Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır, çünki açıq aydın burda Azərbaycana qarşı çox ciddi təhdid var".

Əli