““Ermənistan-Azərbaycan Sülh Platforması” problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub” Siyasət

““Ermənistan-Azərbaycan Sülh Platforması” problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub”

Azay Quliyev: "Xalq diplomatiyasından fərqli olaraq bu platformada açıq, dəqiq prinsiplər müəyyənləşdirilir"

"Ermənistan-Azərbaycan Sülh Platforması" həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfinfən irəli sürülən çox unikal bir platformadır". Bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT PA vitse-prezidenti Azay Quliyev deyib.
O bildirib ki, Qarabağ münaqişəsinin yaranandan indiyədək ilk dəfədir Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri belə bir platformanın yaradılmasına qərar veriblər. Deputatın sözlərinə görə, bu platforma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini məqsəd kimi qarşıya qoyub.
A. Quliyev qeyd edib ki, xalq diplomatiyasından fərqli olaraq bu platformada açıq, dəqiq prinsiplər müəyyənləşdirilir: "Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə qeyri-şərtsiz yerinə yetirilməli, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad olunmalı və məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. İkinci mərhələdə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində Dağlıq Qarabağın hüquqi-statusu müəyyənləşdirilməlidir. Başqa sözlə desək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir. Üçüncü mühüm prinsip isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlı və ermənilərin təhlükəsizliyinə tam şəkildə təminat verilməlidir".
A. Quliyev əlavə edib ki, bunlar bu gün sülh üçün yeganə prinsiplərdir. "İlk dəfə azərbaycanlılar və ermənilərin uzun müddət davam edən bu münaqişəyə son qoymaq üçün belə bir vətəndaş mövqeyini ortaya qoyması çox sevindirici haldır. Hesab edirəm ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti bunu eşitməlidir, beynəlxalq təşkilatlar, xarici diplomatlar və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməli və bunu nəzərə almalıdır. Bu, həm də uzun müddət beynəlxalq təşkilatlar tərəfindən tələb olunan sülhyaratma missiyasına çox gözəl bir töhfədir. Bu nümunəni Azərbaycan və Ermənistan düzgün qiymətləndirməli və şansı itirməməlidir".
"2016-cı ildə Azərbaycanda 556 qeyri-hökumət təşkilatının (QHT) layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tərəfindən maliyyələşdirilib"-deyən, Azay Quliyev bildirib ki, ötən il şura QHT-lərin üzləşdiyi problemlərin həlli istiqamətində çox fəal iştirak edib.
Bir çox QHT-lərin üzləşdiyi problemlərlə əlaqədar hökumətlə dialoqda olduqlarını deyə şura sədri vurğulayıb ki, nəticədə 9 QHT-nin hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işi və yaxud vergi orqanları tərəfindən başlanmış istintaq əməliyyat işlərinə son qoyulub, bir QHT haqqında başlanmış cinayət işi isə dayandırılıb: "Eyni zamanda, onlarla QHT nümayəndəsinə sərhəd keçid məntəqələrində tətbiq edilən məhdudiyyət və yaxud yoxlamalar aradan qaldırılıb. 15 QHT-nin qeydiyyat problemi öz həllini tapıb".
A.Quliyev əlavə edib ki, ötən il QHT hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant vermə proseduru ölkə prezidenti tərəfindən sadələşdirilib və vahid pəncərə sistemi tətbiq edilib: "Vahid pəncərə sistemi o deməkdir ki, bundan sonra xarici donor institutları Azərbaycanda fəaliyyətini çox rahat şəkildə quracaqlar. Əvvəllər sənədlərin baxılmasına 30 gün yaxın vaxt tələb olunurdusa, indi qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün Ədliyyə Nazirliyinə cəmi 1 gün vaxt verilib. Vahid pəncərə sistemi ilə sənədlər Ədliyyə və Maliyyə nazirliklərinə təqdim ediləcək. Maliyyə Nazirliyi müraciətə iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəy verəcək. Əvvəllər iqtisadi, maliyyə vəziyyəti ilə bağlı rəyin alınması, eyni zamanda donor kimi fəaliyyət göstərməsi üçün qeydiyyata alınması ilə bağlı təkcə donorlar müraciət edirdisə, indi qeyri-hökumət təşkilatlarına da bu hüquq verilir. Vahid pəncərə sistemi 2017-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayıb. Artıq bir çox təşkilatlar öz fəaliyyətlərini yenidən beynəlxalq qurumlar və donor təşkilatları ilə bərpa etmək imkanı əldə edəcəklər".