
Ziyafət Əsgərov: “Belə bir komissiyanın yaradılması vaxtında atılmış addımdır”
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov bildirib ki, Vətən müharibəsindən əvvəl, müharibənin gedişində və müharibədən sonra, xüsusi ilə də COP29-un Azərbaycanda keçirilməsi ərəfəsində Azərbaycanın daxili işlərinə qarışma meyilləri getdikcə artır. Ziyafət Əsgərov əlavə edib ki, müxtəlif səbəblərdən beynəlxalq miqyasda Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var: “Eyni zamanda, erməni lobbisinin dəstəyi ilə bəzi xarici qüvvələr Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası ilə məşğuldurlar. Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Bütün bunlarda məqsəd Azərbaycanda gedən proseslərə kölgə salmaqdır. Bu komissiyanın yaradılmasında məqsəd ondan ibarətdir ki, belə müdaxilələrin və hibrid təhdidlərin qarşısı alınsın”.
Vitse-spiker diqqətə çatdırıb ki, hibrid təhdidlər ölkəmizə qarşı dezinfomasiya, müxtəlif kiber hücumlar və digər vasitələrlə həyata keçirilir: “Yəni bütün vasitələrdən istifadə edib Azərbaycan haqqında düzgün olmayan məlumatlar yayırlar. Bu da əlbəttə bizim dövlətimizin nüfuzuna xələl gətirir. Bunun qarşını almaq üçün Parlament olaraq qərara gəldik ki, belə bir komissiya yaradılsın”. Z.Əsgərov komissiyanın qarşısında duran məqsədlər haqqında da məlumat verib: “Bu komissiyanın qarşısında duran məqsəd Milli Məclisin tapşırığı ilə xarici müdaxilələr və hibrid təhdidlərlərlə bağlı hesabatların hazırlanması, önləyici addımlara dair təkliflərin hazırlanması, bəyanatların verilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, zəruri hallarda ictimai dinləmələrin həyata keçirilməsi, icra, məhkəmə hakimiyyəti orqanları ilə əməkdaşlığın qurulması, həmçinin, belə müdaxilələr və hibrid təhdidlər baxımından araşdırmaların aparılması, təhlil olunması və Milli Məclisə təkliflər verilməsindən ibarətdir. Bu təkliflərin hamısı toplanır. Əgər lazımdırsa o zaman ayrıca qanunvericilik aktı da qəbul edilə, yaxud, qanunlarımıza əlavələr və dəyişikliklər edilə bilər. Yəni qanunvericilik və bizim hüquqi bazamızın möhkəmləndirilməsi baxımından belə tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Eyni zamanda, hibrid təhdidlər üzrə beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq, beynəlxalq parlament təşkilatları nümayəndələri ilə əlaqələndirilmiş fəaliyyət göstərmək və nəzərdə tutulan digər addımlar komissiyanın qarşısında duran vəzifələrdən ibarətdir”. Həmsöhbətimiz əlavə edib ki, son zamanlar bütün dünyada kiber təhlükəsizlik problemi olduqca ciddi xarakter almağa başlayıb: “Bu, təkcə bizim ölkəmizə qarşı yönəlməyib, bütün dünyada belə hallar artır. Mən, Parlamentin birinci iclasında belə müdaxilələrin qarşısının alınması üçün Azərbaycanda kibertəhlükəsizlik haqqında ayrıca bir qanun layihəsinin hazırlanması ilə bağlı təklif verdim. Ola bilsin ki, mövcud olan digər qanunlara da əlavələr edək. Söhbət Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, İnzibati Xətalar Məcəlləsindən gedir”.
Deputat vurğulayıb ki, 1998-ci ildə bizdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun qəbul edilib: “Amma bu qanun 1998-ci ildə qəbul edilib, artıq üzərindən 26 il keçib. İndi artıq başqa çağırışlar var, təhdidlərin də xarakteri getdikcə dəyişir. Azərbaycanın təhlükəsizliyini bütün sahələrdə qoruduğumuz kimi kiber sahədə də qorumaq olduqca vacibdir. Hesab edirəm ki, belə bir komissiyanın yaradılması yerində atılmış addımdır. Azərbaycanın bütün istiqamətlərdə təhlükəsizliyi baxımından lazım olan bütün vacib addımları atacağıq”.
Röya İsrafilova