“İrəvan status-kvodan əl çəkməlidir” Siyasət

“İrəvan status-kvodan əl çəkməlidir”

Amerikalı ekspert: "Ermənistan işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionundan və ətraf rayonlarından ordusunu çıxartmalıdır"

"Ermənistan işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlarından ordusunu çıxartmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan status-kvo-dan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır." Bu sözləri beynəlxalq münasibətlər üzrə tanınmış Amerikalı ekspert Peter Tase "Eurasia Diary"-yə özəl müsahibəsində deyib.
Peter Tasenin qənaətinə görə, Trampın hakimiyyəti dövründə Ağ Evdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geniş imkanlar olacaq: "Bu münaqişə Azərbaycanın ərazi bütövlüyünə və Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə uyğun həll edilməlidir. Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin səmərəli həllinə diqqət ayıracaq. Ümid edirəm ki, Prezident Tramp Dövlət Departamentində uzunmüddətli münaqişənin ədalətli həll olunması üçün Azərbaycan xalqının maraqlarına və Qafqaz regionunda sülh və sabitliyin gücləndirilməsinə xidmət edən ekspertlər qrupu yaradacaq. Donald Trampın prezidentliyi dövründə erməni lobbisinin və ermənipərəst şirkətlərin ABŞ-ın xarici siyasətində təsirinin azalmasına şahidi olacağıq".
Peter Tase qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç önəmli məsələyə diqqət ayırmaq lazımdır: "Birincisi, Ermənistan Respublikası işğal etdiyi Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonlardan ordusunu geri çəkməli və beynəlxalq hüququn prinsiplərinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. İkincisi, İrəvan status-kvo-dan əl çəkməli və Azərbaycan rəhbərliyi ilə danışıqlara başlamalıdır. Sərkisyan höküməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir. Üçüncüsü, ATƏT, Avropa İttifaqı və digər müxtəlif beynəlxalq təşkilatlar Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün aktiv rol oynamalı və Beynəlxalq hüququn prinsiplərini müdafiə etməli, tərəfləri danışıqlara cəlb etməlidirlər".