“Bu əməliyyatlarla bağlı əmri Ermənistana onun sahibləri verə bilər” Siyasət

“Bu əməliyyatlarla bağlı əmri Ermənistana onun sahibləri verə bilər”

Asim Mollazadə: "Sahiblərinin isə hələlik başı qarışıqdır"

"Ermənistan cəbhədə təxribatları davam etdirir. Amma Ermənistan müstəqil dövlət deyil ki, qərar verib hərbi əməliyyatlara başlasın". Bunu millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, bu əməliyyatlarla bağlı əmri Ermənistana onun sahibləri verə bilər: "Sahiblərinin isə hələlik başı qarışıqdır. Ukraynada böhran bitməyib, Suriyada əməliyyatlar davam edir. Ona görə də Qarabağda hansısa yeni bir hərbi toqquşma Qərblə münasibətlər müəyyənləşməyənə qədər gözlənilmir. Hər şey Qərblə Rusiyanın münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq". Millət vəkili hesab edir ki, bu münasibətlərdə hansısa sərtləşmə olsa, Qərbə cavab vermək və böyük beynəlxalq layihələri təhdid altında qoymaq üçün Ermənistanı istifadə edə bilərlər: "Əks halda düşünürəm ki, indiki vəziyyət davam edəcək. Ermənistan cəsarət edib, təxribatlardan o yana keçməyəcək". A.Mollazadə Moskvada keçirilən Lavrov-Nalbandyan, Lavrov-Məmmədyarov görüşlərinə də toxunub və bu müzakirələrin münaqişənin həllində hansısa müsbət təsirinin olacağını gözləmədiyini vurğulayıb: "Rusiya bu məsələdə öz monopoliyasını dünyaya nümayiş etirmək üçün belə təşəbbüslərlə çıxış edir. Ancaq münaqişənin həllində maraqlı deyil. Ona görə də çalışacaqlar ki, vəziyyəti olduğu kimi saxlasınlar".