BAXCP ittihamlara cavab verdi Siyasət

BAXCP ittihamlara cavab verdi

Elçin Mirzəbəyli: "Bu adamlar ya qərəzdən, ya da özlərini nadanlığa qoymaqla məsələnin əsil mahiyyətini təhrif edirlər. Rus qoşunlarını Azərbaycana heç kim dəvət etməyib"
"Bəlkə PKK terror təşkilatının liderlərindən biri olan Dilana heykəl qoyulsun. Həm də Sərdar Cəlaloğlu ilə birlikdə, əllərində də oraq-çəkic..."

BAXCP sədrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə irəli sürdüyü ehtimalların yer aldığı müsahibəsinin ətrafında bəzi dairələrin məqsədyönlü təhrifetmə və qarayaxma kampaniyası davam edir. Qüdrət Həsənquliyevin fikirlərini öz arzu və istəklərinə uyğun yerə yozanlar onun Rusiya qoşunlarının Azərbaycana dəvət edilməsi təşəbbüsündə bulunduğunu iddia edirlər. Ənənəvi olaraq bu və ya digər məsələnin mahiyyətinə varmadan absurd mülahizələrlə çıxış edən Sərdar Cəlaloğlunun məlum açıqlamalarından sonra Pənah Hüseyn, Fazil Mustafa və Əli Kərimlinin cızmaqaraçıları da bu kampaniyaya qoşulublar.
Qüdrət Həsənquliyevə qarşı aparılan kampaniya ilə bağlı BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikirlərini öyrəndik. Elçin Mirzəbəyli "Xalq Cəbhəsi" qəzetinə verdiyi açıqlamasında BAXCP sədrinə qarşı aparılan kampaniyanın böhtan və qarayaxmadan ibarət olduğunu bildirib: "Bu adamlar ya qərəzdən, ya da özlərini nadanlığa qoymaqla məsələnin əsil mahiyyətini təhrif edirlər. Rus qoşunlarını Azərbaycana heç kim dəvət etməyib. BAXCP sədrinin partiyanın mətbuat xidmətinə verdiyi məlum müsahibədə regionda və dünyada baş verən proseslər, Dağlıq Qarabağ probleminin həlli istiqəmatində bu günədək aparılan danışıqlar, göstərilən və göstərilməyən səylər təhlil olunub, ehtimallar irəli sürülüb. Qüdrət Həsənquliyev deyib ki, əgər Rusiya Azərbaycan torpaqlarının son qarışına kimi işğaldan azad edilməsinə təminat verərsə, bununla bağlı ölkəmizlə ikitərəfli müqavilə imzalayarsa və işğalçı qoşunların tamamilə geri çəkilməsi istiqamətində real addımlar atarsa, o zaman Azərbaycan dövlət müstəqilliyyimizə xələl gətirilməməsi şərti ilə müəyyən güzəştlərə gedə bilər. Bu sırada qanun çərçıvəsində Rusiyanın Azərbaycanda təxminən Qəbələ RLS kimi bir bazasının mövcud ola biləcəyi də ehtimal kimi irəli sürüb. Onsuz da son zamanlara kimi Azərbaycan ərazisində Rusiyanın hərbi bazası olan Qəbələ RLS fəaliyyətdə idi. Qəbələ RLS-in fəaliyyəti Konstitusiyanın tələblərinə və yaxud hər hansı digər iddialara görə deyil, icarə haqqında razılığın əldə olunmadığına görə fəaliyyətini dayandırıldı. Qəbələ RLS fəaliyyətdə olduğu dönəmdə indi ağzı köpüklənənlərin səsi belə çıxmırdı. Yalnız BAXCP israrlı şəkildə bəyan edirdi ki, əgər Rusiya Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində öz üzərinə real öhdəliklər götürməzsə o zaman Qəbələ RLS-in fəaliyyəti dayandırılmalıdır. Bu məsələdən istifadə edib Ərdoğan hakimiyyətinə yararlanmağa çalışanlar isə unudurlar ki, Türkiyənin özündə də xarici dövlətin - ABŞ-ın hərbi bazası var".
Elçin Mirzəbəyli qənaətinə görə, BAXCP sədrinə opponentlik etməyə çalışanlar tamamilə məntiqsiz iddialarla çıxış edirlər: "Bu adamlar irəli sürdüyü ittihamlarla yanaşı həm də bildirirlər ki, Rusiya bu şərtlərlə heç vaxt getməz. Yaxşı, əgər hesab edirsinizsə Rusiyanın bu şərtlərlə razılaşması mümkün deyil o zaman bu aşırı əndişələrinizin səbəbi nədir? Getməyəcəksə, deməli getməyəcək. Belə olacağı təqdirdə də biz növbəti ehtimallarımızı irəli sürmüşük və bəyan etmişik ki, Azərbaycan peşəkar ordu quruculuğu prosesinə keçməli və əlverişli bir zamanda öz torpaqlarını azad etməyə hazır olmalıdır. Bəs siz nə deyirsiniz? Sizi Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalması narahat edir, ya yox? Bəs indi Azərbaycan ərzilərində xarici dövlətin hərbi birləşmələri yoxdu? Var, həm də işğalçı statusu ilə. Bizi aşağılayan, milli qürurumuzu alçaldan bir statusla... Bəs bu sizi əndişələndirmir? Məgər işğalla barışmaq işğaldan çıxış yolu məqsədilə təkliflərlə çıxış etməkdən daha şərəflidi?".
BAXCP sədrinin müavini Qərbin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir addım atmadığını, əksinə işğalçıya dolayısıyla dəstək verdiyini də xatırlatdı: "ABŞ və digər Qərb ölkələri hətta bəyanatlarında belə Azərbaycana ədalətli münasibət bildirmirlər. Gürcüstana, Ukraynaya sözdə verdikləri dəstəyin 1 faizini belə Azərbaycana vermirlər. Hətta Rusiyanın əbədi idarəçiliyində olan Ermənistanın başını tumarlamaqdan, işğalı stimullaşdırmaqdan belə çəkinmirlər. Biz bu simasızlardan nə gözləməliyik? Bircə kəlmə ədalətli sözü, yanaşmanı Azərbaycana qıymayanlar bizim öz torpaqlarımızı azad etməyimizə dəstəkmi verəcəklər? Kimi aldadırsınız? Qərbin mövqeyi ortalıqdadır. Qərb Azərbaycanı öz Konstitusiyasına zidd olan və Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq addımlar atmağa məcbur edir. Qərb istəyir ki, Madrid prinsiplərinə uyğun olaraq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün orada referendum keçirilsin. Bu referendumun isə nəticəsi indidən bəllidir. Referendum Qarabağın işğalına hüquqi don geyindirəcək. Məgər bunu anlamaq bir o qədər çətindir?"
Elçin Mirzəbəyli Sərdar Cəlaloğlunun Şəhidlər Xiyabanında rus zastavasının tikilməsi ilə bağlı atmacasını da cavablandırıb: "Bəlkə Sərdar Cəlaloğlu öz təcrübəsindən çıxış edərək təkliflər irəli sürsün. Məsələn, desin ki, vaxtilə əməkdaşlıq etmək məqsədilə görüşdüyü PKK terror təşkilatının liderlərindən biri olan Dilana heykəl qoyulsun. Həm də Sərdar Cəlaloğlu ilə birlikdə, əllərində də oraq-çəkic..."

XC