

Ümummilli Liderimiz Heydər Əliyev nəinki müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir, mayası Vətən torpağından yoğurulmuş bu dahi şəxsiyyət bütün azərbaycanlıların qürur mənbəyi, iftixar yeridir.
APA-nın xəbərinə görə, bunu bu gün deputat Azər Badamov Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında deyib.
Deputat qeyd edib ki, Konstitusiyamız da Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, xalqı bütöv amal uğrunda ətrafında toplamağı bacaran dahi şəxsiyyətin adı ilə bağlıdır: “Bu sənəd ölkəmizin demokratik inkişaf yolu ilə irəliləməsində strateji yol xəritəsidir. Məhz bu sənəd özündə hüquqi dövlətçiliyin əsaslarını ehtiva etməklə insan haqları sahəsində qabaqcıl dünya təcrübəsini də tam əhatə edir. 44 günlük Vətən müharibəsində hərbi, diplomatik və informasiya cəbhəsində əldə etdiyimiz uğurların məhək daşı məhz Ulu Öndərimiz tərəfindən qoyulub. Heydər Əliyev siyasi irsini və həyat missiyasını Prezident İlham Əliyevə ötürməklə adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etmiş, zamanın fövqündə dayanmağı bacarmış dahi şəxsiyyətdir. Ata vəsiyyətini icra etmək üçün çətin və məşəqqətli bir yola çıxan Müzəffər Ali Baş Komandanımız bu gün Azərbaycan xalqını nəinki dünyada qalib xalq kimi tanıdır, eyni zamanda regionun siyasi olduğu qədər, iqtisadi xəritəsini də yenidən cızır”.
Azər Badamov müasir Azərbaycanın Heydər Əliyevin ən gözəl əsəri olduğunu vurğulayıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanın son altmış ildəki mövcudluğu, inkişafı və uğurları Ulu Öndər Heydər Əliyevlə və onun siyasi irsi ilə bağlıdır: “Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, görüb başa çatdırmadığı işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb. Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılıb, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatıb. 2019-cu ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin”.
Deputat Rizvan Nəbiyev 20-ci əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri sayəsində Azərbaycan xalqının da dünyanı mübariz xalqları arasında öz yerini təsdiqlədiyini vurğulayıb: “2020-ci il Vətən müharibəsindəki Şanlı Zəfərimizə aparan yol Ümummilli Lider Heydər Əliyevin uzaqgörən idarəçiliyindən və dövlətçilik strategiyasının tətbiqindən başlayıb. Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik strategiyası sayəsində Şanlı Zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslnan yeni siyasi reallıqlar yaranıb. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi, beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi. Vaxt gələcək, Azərbaycanın uğurlarını həzm edə bilməyən dövlətlər də, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin qlobal əhəmiyyəti olan bu xidmətini etiraf edəcəklər. Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir”.