"Kreml sahibinin Türkiyəni seçməsinin bir neçə səbəbi var" Siyasət

"Kreml sahibinin Türkiyəni seçməsinin bir neçə səbəbi var"

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə təmaslara başlamaq üçün niyə Səudiyyə Ərəbistanını deyil, Türkiyə seçib? Halbuki, amerikalı və rusiyalı diplomatlar Ukrayna mövzusunu bir müddət əvvəl məhz Səudiyyə Ərəbistanında müzakirə etmişdilər. Kreml sahibinin Türkiyəni seçməsinin bir neçə səbəbi var. Birinci səbəb Rusiya və Ukrayna təmsilçilərinin 3 il əvvəl də İstanbulda görüşmələri və sazişi imzalamağa yaxın olmaları idi. Buna görə də Kreml sahibi 3 il əvvəl yarımçıq qalmış danışıqların yenidən İstanbulda davam etdirilməsində maraqlıdır. İkincisi, Səudiyyə Ərəbistanı Türkiyədən fərqli ABŞ-ın bölgədə strateji müttəfiqi sayılır. Səudiyyə Ərəbistanını siyasi, iqtisadi və hərbi əməkdaşlıq zəminində Vaşinqtondan asılıdır".

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, buna görə də Vladimir Putin müstəqil regional siyasət yürüdən Türkiyəyə üstünlük verib:

"Rusiya və Türkiyə Prezidentləri arasında telefon danışığı olub. Kiyev İstanbulun görüş yeri seçilməsinə etiraz etməz. Türkiyənin Rusiya ilə yanaşı, Ukrayna ilə də sıx dialoqu mövcuddur. Bu Türkiyənin üstünlüyüdür.

Bu arada, PKK-nın silah buraxmağa hazır olduğunu açıqlaması da Türkiyənin gücünü artıracaq. PKK 1984-cü ildən Türkiyədə terrora başlamasından bu yana on minlərlə insanın ölümünə və Türkiyənin terrorla mübarizəsinə yüz milyardlarla dollar xərcləməsinə səbəb oldu. PKK və onun arxasındakı güclər terror vasitəsilə Türkiyənin güclənməsinin qarşısını almağa çalışdılar. Bu mərhələ sona çatmaq üzrədir. Əlbəttə, suallar da az deyil. Terrorçular silahların hamısını təhvil verəcəklərmi, yoxsa bir qismini torpaq altında gizlədəcəklər? PKK-nın lider kadrosu harada məskunlaşacaq? PKK-nın siyasi fəaliyyətə üstünlük verməsi Türkiyə üçün yeni təhlükələr yarada bilərmi? Buna baxmayaraq, PKK-nı idarə edənlər anlayıblar ki, terrorun kürdlərə zərrə qədər də faydası olmadı, sıraları isə xeyli seyrəlib".