“İndi Dağlıq Qarabağ məsələsində azərbaycanlıların səsi daha yüksəklərdən gəlir” Siyasət

“İndi Dağlıq Qarabağ məsələsində azərbaycanlıların səsi daha yüksəklərdən gəlir”

Tale Heydərov: "İşlərimizin əsas istiqaməti Avropa siyasətçilərinə Azərbaycanın tanıtmaq və Qarabağ həqiqətlərini onlara çatdırmaqdan ibarətdir"

"The Buisness Year" jurnalının təqdimat mərasimində nüfuzlu nəşr tərəfindən Azərbaycanın müxtəlif sahələri üzrə 12 qurumunu ilin birincisi seçib.
Azərbaycan Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov da jurnal tərəfindən mükafat alanlar sırasındadırlar.
Əli Həsənov Azərbaycanın milli maraqlarının təbliğinə görə "Vətənpərvərlik" mükafatı təqdim edilib.
"İlin beynəlxalq dialoqu" mükafatı isə Avropa Azərbaycan Cəmiyyətinə təqdim olunub. Mükafatı cəmiyyətin sədri Tale Heydərov qəbul edib.
ARDNŞ "İlin xarici investoru", "Paşa Bank" "İlin korporativ bankı", "İlin aviaşirkət rəhbəri" AZAL-ın baş direktoru Cahangir Əsgərov, "İlin ixracatçısı" "Azərsun Holding", "İlin mobil internet provayderi" "Bakcell" şirkəti, "İlin infrastruktur yeniliyi" "AzVirt" şirkəti, "Vətəndaş cəmiyyəti sahəsində nailiyyət" "Kaspi" Təhsil Mərkəzi, "İlin investoru" "Bakıgəmiqayırma" və "İlin sənaye şirkəti" "Norm Sement" şirkəti seçilib.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov APA TV-yə eksklüziv açıqlamasında deyib ki, Azərbaycanın lobbiçilik sahəsində bugünkü fəaliyyəti əvvəlki illərə nisbətən daha yüksəkdir. Onun sözlərinə görə, azərbaycanlılar qurumun xarici ölkələrdə həyata keçirdiyi tədbir və layihələrə geniş şəkildə cəlb olunublar: "Ümumiyyətlə tədbirlər, müxtəlif layihələrdə həmişə çalışırıq ki, ilk növbədə bu işləri azərbaycanlılarla görək. Çünki azərbaycanlıların və xaricilərin bu işlərə qatılmasında böyük fərq var. Çoxsaylı azərbaycanlılar da var ki, bu işlərimizdə bizə aktiv şəkildə köməklik göstərirlər".
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin xaricdə təhsil alan soydaşlarımızın problemlərinin həllinə kömək etməyə çalışdığını deyib: "Onların təhsillə bağlı hər hansısa problemi olursa, biz ya cəmiyyət olaraq kömək etməyə çalışırıq, ya da onları müvafiq qurumlara yönəldirik. Amma açığı, çox vaxt azərbaycanlılar Azərbaycanın təbliğatı ilə bağlı bizə dəstək vermək üçün cəmiyyətimizə müraciət edirlər. Dağlıq Qarabağ məsələsində əvvəlki illərə nisbətən azərbaycanlıların səsi daha yüksəklərdən gəlir. Amma bu sahədə görüləsi işlər çoxdur. Təəssüf ki, Azərbaycan gənclərinin hamısı o qədər fəal deyil. Bunun da müxtəlif səbəbləri var. Bəzilərinin vaxtı olmur, bəziləri təhsillə əlaqədar bu işlərə qatıla bilmirlər, bəzilərinin həvəsi yoxdur".
Tale Heydərov Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində görülməli çox işin olduğunu deyib: "Çünki erməni tərəfi fəaldır. Amma bizim bir üstünlüyümüz var ki, sayca onlardan çoxuq. Bizim səsimiz ermənilərə nisbətən daha yüksəklərdən gəlməlidir. Bunun üçün say baxımından gücümüz var. Amma effektivlik, gördüyümüz işlərin nəticəsi baxımından çox çalışmalıyıq. Biz bu işi Avropa Azərbaycan Cəmiyyəti olaraq görürük, yükün böyük bir hissəsi də fərdi olaraq insanların üzərinə düşür. Yaşadıqları rayonda jurnalistə və ya deputata göndərilən bir məktub çox şeyi dəyişə bilər, fərdi işlər bizim cəmiyyətin iştirakı olmadan da aparıla bilər".
Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin bir çox layihələr həyata keçirdiyini də qeyd edib: "Qarabağ haqqında qədim tarixdən indiki dövrə qədər rusca yazılmış müxtəlif məqalələr toplusu kitab halında çap olunub. Həmin kitabda azərbaycanlı və xarici müəlliflərin məqalələri yer alır. Bu yaxınlarda o toplunun təqdimatı olacaq. Kitabın ingilis və Azərbaycan dillərinə tərcüməsi planlaşdırılır. Eyni zamanda Xocalı faciəsi haqqında indiyə kimi müxtəlif xarici media orqanlarında yazılmış məqalələr toplanır. Dünyada müxtəlif təşkilatların Qarabağ münaqişəsi haqqında verdiyi bəyanatlarının toplusu da hazırlanır. Müxtəlif Avropa ölkələrində Azərbaycanın təbiətini və müxtəlif sahələrini əks etdirən fotoşəkillərdən ibarət sərginin təşkili nəzərdə tutulub. Türk dilində tariximizi və ölkəmizi tanıdacaq müxtəlif kitablar toplusu üzərində işləyirik. Fransız dilində də buna oxşar layihələr planlaşdırmışıq. Bizim işlərimizin əsas istiqaməti Avropa siyasətçilərinə Azərbaycanın tanıtmaq və Qarabağ həqiqətlərini onlara çatdırmaqdan ibarətdir".
AAC sədri yerli və əcnəbi media orqanlarında Azərbaycanla bağlı həqiqətəuyğun olmayan xəbərlərin yer alması məsələsinə də toxunub: "Bu məsələyə iki cür baxmaq olar. Əvvəlcə onu deyim ki, xarici media, xüsusilə erməni lobbisinin təsirində olan mətbuat həmişə Azərbaycan uğrunda görülən işləri pisləmək niyyətindədir və bunları biz təbii qarşılamalıyıq. Amma təəssüf ki, bəzi Azərbaycan jurnalistləri həqiqəti araşdırmadan xarici mediada yazılanları olduğu kimi yerli mətbuatda dərc edirlər. Bu, təqdirəlayiq hal deyil. Digər tərəfdən, hər bir jurnalistin obyektiv şəkildə müəyyən məsələləri araşdırıb, sübutlarla istənilən mövqeyi nümayiş etdirməyə haqqı var. Mən də bu haqqı dəstəkləyirəm. Hər bir jurnalist - istər azərbaycanlı, istər xarici olsun - azad şəkildə öz fikirlərini, görüşlərini yaza bilər. Mən buna çox normal baxıram".