Qanın rəngi Siyasət

Qanın rəngi

Önəmli olan damarın adı deyil, damardan axan qanın rəngidir

Adətən "mavi qan" anlayışı aristokratiyaya aid edilir. Hər halda sözün əsl mənasında klassik aristokratiya anlayışının mövcud olduğu dönəmlərdə "mavi qan" zadəganlığı simvolizə edib. Amma dəyərlər dəyişir, hətta qanın rəngini ifadə edən rənglərin yaratdığı təəssürat da... Xüsusilə milli dəyərlərə arxa çevirib, üzünü və digər ətraflarını gah Qərbə, gah da Şimala doğru yönəldənlər, anlamadığı, dərk etmədiyi münasibətlər sisteminin uzaqdan cazibədar görünən çıxıntılarına doğru can atanlar üçün...
...Bu baxımdan, Əli Kərimlinin yalan və böhtan vərəqəsinə çevrilən "Azadlıq" qəzetinin özgə damarlarına ad axtarışına çıxması maraq doğurur. Amma Kərimli və cızmaqaraçıları unudurlar ki, damarların adı onsuz da bir-birindən fərqlənir. Məsələn, aorta, arteriya, kapilyar və s. Deməli önəmli olan damarın adı deyil, damardan axan qanın rəngidir...
... "Azadlıq" qəzetinin sir-sifətindən zəhrimar yağan zombiləri verilən bütün açıqlamalara, keçirilən debatlarda səslənən fikirlərə rəğmən hələ də BAXCP-nin ünvanına "rusiyapərəst" yarlığını tolazlamaqdan əl çəkmirlər. Atırlar və bumeranq kimi öz üzərilərinə qayıdır. Şüurlarını Əli Kərimlinin siyasi motalının içərisində dincə qoymuş bu kütbeyinlər elə hesab edirlər ki, hər kəs onlar kimi yaddaşsızdır və bir neçə ay öncə Rusiyanın layihəsində iştirak etdikləri unudulub. Unudulmayıb və unudulmayacaq da! Bu xəyanət Əli Kərimlinin və Rusiyanın "Milli Şura" layihəsində xüsusi canfəşanlıqla yer alan digərlərinin tərcümeyi-halına elə böyük qara hərflərlə yazılıb ki, hətta özündən əvvəlki ləkələri belə görünməz edib. Rabitə və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dönəmdə oğrunun öz bağırtısı ilə həqiqətin üsərinə kölgə salması mümkün deyil. Kəsəsi, səyləriniz əbəsdir.
BAXCP sədrinin Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyünun təmin olunması üçün danışıqların birbaşa Rusiya ilə aparılması barədə fikirləri isə yeni deyil. Bunu Ukraynada baş verənlərlə əlaqələndirənlər yumşaq desək, görməzdən-bilməzdən gəlirlər. Əslində, Qüdrət Həsənquliyev 2009-cu ildən, mətbuatda "Madrid prinsipləri"nin əsas detalları ilə bağlı məlumatlar yer aldığı zamandan bu fikirləri səsləndirir. Və açıq şəkildə bəyan edir ki, işğalçı tərəf Rusiyadır, danışıqlar da məhz bu ölkə ilə aparılmalıdır. BAXCP sədri həmin dövrdən bu günə kimi öz fikirlərindən bir addım da olsun geri çəkilməyib. Əli Kərimli və tör-töküntüləri isə o zaman qərbçi idilər, təxminən 6-7 ay sonra rusiyaçı oldular, arada vaxt tapıb İran tərəfə də "göbək atmağı" unutmadılar. Tağı Əhmədovun məşhur "kəlamı"nı bir az fərqli ifadə etsək, "Burcanadzelik" edə-edə gedirlər. Və hər kəsin gözü qarşısında... İndi bu biçarə qan rəngini dəyişməsin, neyləsin...
Əslində fərq ortalıqdadır. Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının hər toplantısında Azərbaycan torpaqlarının Rusiyanın dəstəyi və iştirakı ilə işğal olunduğunu bildirir, Əli Kərimli isə əlinə düşən ilk imkanda - Avropa Parlamentindəki çıxışında bəyan edir ki, Ermənistan və Azərbaycan arasında sülhün davamlı olmasını təmin etmək üçün hər iki tərəfdə hakimiyyətə "demokratik qüvvələr" gəlməlidir. Yəni Ermənistana, erməni diasporuna və onları himayə edən qüvvələrə demək istəyir ki, indiki iqtidar Qarabağı almaq üçün müharibəyə başlaya bilər, amandır, bizim hakimiyyətə gəlişimizi təmin edin və hər sözünüzə "ləbbeyk" deyək. Məhz bu səbəbdən də Əli Kərimli indiyədək pasportsuz qalıb...
BAXCP-yə "rusiyapərəst" yarlığı yapışmır, ay biçarə zombilər. Siz gedin zombibaşının arxasındakı yarlıqları təmizləyin, sonra gələrsiniz və biz də lütf edib sizə həyatın bütün incəliklərini başa salarıq...
Bu arada, "Putinin dostu" İlham Rəhimov da mətbuata müsahibəsində "qaş düzəltdiyi yerdə, vurub gözü də çıxarıb". İlham Rəhimovun iddiasına görə, əgər Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlayarsa, Rusiya bitərəf qalacaq... Ay səni, xatakar, öz qənaətinə görə rəy formalaşdırır. Adamdan soruşarlar, əgər Rusiya sənin iddia etdiyin kimi bitərəfdirsə, yaxud Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə bitərəf qalacaqsa, o zaman Azərbaycan rəsmilərinin hətta müharibə ehtimalları ilə bağlı səsləndirdiyi hər bəyanatdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın və rus generallarının hədə-qorxu xarakterli açıqlamalarını kimin adına yazaq...
...Adam danışmaq xatirinə danışanda sonu belə olur. Bu zəhrimar arqument də elə şeydir ki, yalnız həqiqətə söykəndə inandırıcı olur, cənab Putinin dostu....

Murad Yenigün