Diaspor təşkilatları Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıblar Siyasət

Diaspor təşkilatları Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıblar

Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar. Bubarədə "Xalq Cəbhəsi"nə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb: "Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülkü şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyrçi qalmasınlar".
Bəyanatda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.
Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Yeniyetmə Gənclər Təşkilatı və Azər-Türk Gənclər Təşkilatı da birgə bəyanat yayıb. Bəyanat Finlandiya Parlamentinə, Finlandiya Xarici İşlər Nazirliyinə, İnsan Hüquqları Komitəsinə, BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib: "Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır"-deyə bəyanatda bildirilir".
Paris Azərbaycan Evi də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribatla əlaqədar bəyanat yayıb. Bəyanatda Fransada yaşayan azərbaycanlılar adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi aktı qəti şəkildə pislənilib, həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verilib. Bəyanatda həmçinin Ermənistan dövlətinin ötən əsrin sonlarına doğru Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktları qeyd edilib və bildirilib ki, 1 milyondan çox Azərbaycan əhalisi öz ölkəsində məcburi köçkün kimi yaşayır. "Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən qınanılsa da Ermənistan dövləti beynəlxalq təşkilatların çağırış və qərarlarına laqeyd yanaşır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri Azərbaycan ərazilərinini dərhal azad edilməsini və məcburi köçkünlərin öz ölkələrinə qaytarılmasını tələb etsə də, bu qətnamələr hələ də yerinə yetirilməmiş qalır". "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yerləşdirilməsi münaqişə zonasında vəziyyətin pisləşməsinin, baş verən hadisələrin əsas səbəbidir və münaqişənin siyasi həllinə mane olur. Hər bir azərbaycanlı məcburi köçkünün arzusu öz vətəninə qayıtmaqdır, bu işğal davam edə bilməz" - deyə bəyanatda vurğulanır. Paris Azərbaycan Evi Fransadakı azərbaycanlılar adından ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı və bütün dünya icitmaiyyətini Azərbaycanın ərazi bötövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Əli